Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Küçələrdə biskvit satdı, açıq-saçıq geyimləri gündəm oldu: Xalq artisti təhsilini niyə yarımçıq qoydu? - FOTO
Ötən gün Xalq artisti Röya Ayxanın doğum günü olub.
Kulis.az bu münasibətlə müğənni ilə bağlı maraqlı faktları təqdim edib.
Röyalə Yaqub qızı Nəcəfova 14 iyun 1982-ci ildə anadan olub. Müğənninin Ağdam rayonunda doğulduğu deyilsə də, Xalq artistinin dediyinə görə Bakıda doğulub. Uşaqlığı çox acınacaqlı keçib. Ata-anası ayrılanda onun 10 yaşı varmış. Dediyinə görə, balaca vaxtlarından çöllərdə işləyib evə pul gətirirmiş:
“Evdə, qonşuda qonaqlıq olanda sevinirdim ki, içki içiləcək, butulkalar çox olacaq, mən də o butulkaları satıb, qardaşım üçün konfet alacam”.
Atası 12 yaşında Bakıya, Bülbül adına musiqi məktəbinə oxumağa gedib. Arif Babayevin tələbəsi olub. Könül Xasıyeva, Aybəniz Haşımova ilə bir sinifdə oxuyublar. Röyanın atasının yaxşı səsi olsa da, bu yolu davam etməyib. Xalq artisti onun ifaçılığı atmasını bu cür şərh edir:
“Hamı güclü olmur. Atamın gözəl səsi olsa da, güclü ola bilmədi”.
On yaşında dizinin üstündə körpə yatızdırır, məktəbə gedə bilmir, küçələrdə biskvit satırmış. O günləri Röya bu cür xatırlayır:
“Oxuya bilmirdim, alınmırdı. Anam evə yük gətirirdi, bacımla biz onları yuyub, ütüləyib ünvanlara çatdırırdıq. Bəlkə də, bu dediklərim kənardan baxanlara film kimi gələcək, amma mən bunları yaşamışam. On yaşımda artıq analığın nə olduğunu anlamışdım”.
Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub.
Şou-biznesə gəldiyi ilk günlər Röyanın soyunmağı qalmaqal yaratmışdı. Ancaq zaman keçdikcə mahnıları üzə çıxdı və Röyanı hamı müğənni kimi sevməyə başladı. Hətta o vaxtlar Habil Əliyev verilişlərin birində Röyaya demişdi:
“Yaxşı oxuyursan, bircə əynini yaxşı geyinsən”.
Uzun müddət Röya açıq-saçıq geyimi ilə diqqət mərkəzində oldu.
İlk dəfə Vaqif Gərayzadənin W-trio qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo ifaya başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında “Bu gecə” adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda “Darıxmışam” adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də Şəfa stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində “Tamaşaçı simpatiyası” nominasiyası üzrə laureat olub. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən “İlin müğənnisi” və “İlin konserti” nominasiyaları üzrə qalib gəlib.
“Səninəm”, “Nazlı yarım”, “Narın yağış”, “Qatar”, “Yalan sözlər”, “Bilirsənmi?”, “Söylə” kimi mahnıları ona böyük şöhrət qazandırıb.
Xalq artisti Röya Ayxan imzasının hardan gəldiyini də müsahibələrinin birində bu şəkildə açıqlayıb:
“Ayxan qardaşımdır. Bir az zəif doğulub, üzərində çox əsmişik”.
Bakı Dövlət Universitetində təhsil aldığı xəbəri mətbuatda yayılanda Röyanın o savada sahib ola bilməyəcəyini iddia ediblər. Röya Ayxan təhsilini yarımçıq bitirir. Bu haqda özü mətbuatda deyib:
“Bəli, bu, anamın istəyi ilə oldu. Başa düşürdüm ki, onu çox davam etdirə bilmərəm. Ona görə də yarımçıq qaldı, çünki oxumaq lazımdır… Gedə bilmədim…”
Elnarə Xəlilova Röyanın mahnısının plagiat olduğuna işarə vuraraq Uitni Hyusotunun “I have nothing” mahnısını “Instagram” hesabında paylaşıb. Müğənni isə ona belə cavab verib:
“Məni dindirmə. Qarabağlılara hörmətim var, pozma. Elnarə xanım, siz oxumuş qadınsınız. Sadə insanları maarifləndirməlisiniz. Bunu deməyə haqqım var, çünki təhsilinizin çətin dönəmində Allah məni sizə yetirib. Hara, necə, nə cür olduğunu xırdalamayaq. Onu kənara qoydum. Axı siz hər şeydən xəbərdar, bilikli bir insansınız. Onda Cenifer Lopezi çağıraq və soruşaq ki, niyə mahnısına “Lambada”nı salıb? Tam deyil, amma müəyyən dərəcədə oxşarlıq var. Mərhumun mahnısına bənzəməsi isə mənə şərəfdir. Mən canlı ölüləri hara qoyacam?”
30 dekabr, 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 21 oktyabr, 2019-cu ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb. Müsahibələrinin birində Röya Ayxan fəxri adları barədə deyir:
“Ömrüm boyu inanmazdım ki, 37 yaşımda Xalq artisti olaram”.
Şou-biznes aləmində ən çox qalmaqallarla, intriqalarla yadda qalan imza Röyadır. Ən çox qalmaqal yaşadığı isə Aygün Kazımova olub. Bu haqda Röya müsahibələrinin birində deyir:
“Nə qədər adam mənimlə bağlı olmayan şeylər danışır. Çox şeylər eşidirəm. Amma məqamını gözləyirəm ki, həmin adamın cavabını gözəlliklə verim. Bu, mənə daha çox xoş gəlir”.
Aygün Kazımova isə Röyadan küsmədiyini açıqlayıb:
“Biz küsülü olmamışıq. Mən elə bir hiss yaşamamışam. Bəlkə də, Röya məndən küsüb. Küsübsə, uman yerdən küsərlər. Başqa küsmək haqqı yoxdur. Çünki yaşda ondan böyüyəm”.
Aygün Kazımova ilə Röyanın tanınmış teleaparıcı Kamilə Babayevanın toy məclisində dalaşdığı da söylənilir. Bu barədə toyda iştirak edən qonaqlardan biri sosial şəbəkədə yazıbmış. Yazılanlarda Aygün Kazımova ilə Röyanın hətta əlbəyaxa olduğu deyilir. Deyilənlərə görə, mübahisəni davam etdirmək istəyən Röya Aygün Kazımovanın oturduğu masaya yaxınlaşanda xalq artisti əlindəki bakalı onun üstünə atıb. Bakal Röyaya dəyməsə də, sınıb. Aygün Kazımova isə Kamilə Babayevanın toyunda Röya ilə dalaşması haqqında belə açıqlama verib:
“Nə yazırlar? Məni döyüblər? Orada məndən başqa yüzlərlə qonaq var idi. Qoy onlar danışsınlar ki, hadisə necə olub. Röya sadəcə mənimlə yaradıcı rəqabət apara bilmədiyindən fiziki güc tətbiq etmək məcburiyyətindədir”.
Röya toyda cəmi yarım saat oturub. Ondan sonra onu görən olmayıb. Aygün Kazımova isə insidentdən sonra heç nə olmayıbmış kimi toyda iştirak edib.
Çılğınlığı, emosionallığı ilə seçilən Röya Ayxan ona qarşı edilən haqsızlıqları, haqqında deyilən dedi-qoduları unutmur:
“İnsanın yaddaşı olmalıdır. Nə yaxşılığı, nə pisliyi unutmayacaqsan. Kinin olmasa fahişə olarsan”.
Röya Ayxanın narkotik istifadəçisi olduğu haqda mediada xəbərlər yayılmışdı. Xalq artisti bu məsələyə aydınlıq gətirib:
“Mən ilin iki ayı çox ciddi müalicə alıram. Ağır dərmanlar qəbul edirəm. Mənə elə iynələr vurulur ki, hamı elə bilir narkotik qəbul edirəm. Amma realda elə bir pis vərdişim yoxdur”.
2008–2014-cü illərdə nikahda olub. Onun bu nikahdan Hüseyn adlı oğlu var.
“Mənim ailə həyatımda axsama oldu. Davam edə bilmədim. Yoruldum. Bir gün ayıldım və dedim, bəsdir. Mən həmişə ana-bacı olmaqdan bezdim. Qadın olmaq istəyirəm artıq”.
Röya Ayxan məşhurlaşdıqca ona eşq elan edən kişilərin azaldığını deyir. Dediyinə görə, qadın nə qədər məşhurlaşırsa, əks tərəf ona yaxınlaşmağa bir o qədər ehtiyat edir. Uğursuz ailə həyatından sonra R.Ayxan özünə qəti bir söz verir:
“Özümə söz vermişəm, Azərbaycanda şəxsi həyat qurmayacam. Azərbaycanda istəmirəm. Mən axı ailə qurmaq istəmirəm, sadəcə sevmək istəyirəm”.
İllər əvvəl Röya Ayxanın səhnədən gedəcəyinə dair xəbərlər dolaşırdı. Xalq artisti isə bu məsələyə bu cür şərh verib:
“Azərbaycandan gedəcəyimi demişdim. Getdim də. Mən evimi Türkiyədən aldım. Bakıda evim yoxdur. Bu yaxınlarda Nadir Qafarzadə mənə deyir, boş evim var, gəl orada kirayədə yaşa”.
R. Ayxan Türkiyə şou-biznesinə qoşulmaq istəsə də, alınmır. Dediyinə görə, Türkiyədəki şou-biznes Azərbaycanda olandan qat-qat pisdir. Üstəlik, sənətçi Türkiyə türkcəsində danışmaqda çətinlik çəkirmiş:
“Verilişlərə dəvət alırdım, gedirdim. Hamı danışırdı, mən anlamırdım, mən danışırdım, onlar anlamırdı”.
Bir çox insana ev bağışlayan Röya Ayxan özü kirayədə qalır. Səbəbini isə belə izah edir:
“Dünyada əksər ulduzlar şəhərin ən yaxşı yerlərində kirayədə yaşayırlar. Mənə belə rahatdır”.
41 yaşını qeyd eləyən aktrisanın 1 oğlu var.
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
Rəylər