Sosial şəbəkədə futbolçu Nuqzar Kvirtiya, həyat yoldaşı İnna Kvirtiya və Fashion Model School model agentliyinin modeli Kristina Stolyarenkonun iştirakı ilə “Savage” layihəsinin təqdimatı olub.
Oxu.Az 1news.az-a istinadla xəbər verir ki, “Savage” layihəsi heç bir texnika və işıqlandırılma olmadan yalnız fotokameraların köməyi ilə həyata keçirilib.
Futbolçu Nuqzar Kvirtiya ilk dəfə özünü aktyor rolunda sınayıb və bu qısametrajlı çəkilişin montajını öz üzərinə götürüb. Onun həyat yoldaşı – İnna Kvirtiya həm ssenari müəllifidir, həm də FMS-in modeli Kristina Stolyarenko ilə bərabər amazon qadın rolunu oynayıb. Çəkilişlər Qubada və Xınalıqda aparılıb. Layihənin operator və fotoqrafları fashion-fotoqraf Gülçin Məmmədova, məşhur bloger, fotoqraf və rejissor Zaur Nəcəfbəyov və fotoqraf Vlad Kriçkov olub.
“Çəkiliş prosesindən zövq alacağımız, çox maraqlı yaradıcılıq tandemi alındı. Biz sadəcə özümüzü yeni nədəsə yoxlamağı qərara almışdıq. Nəticəni sərt mühakimə etmək lazım deyil, biz bütün ruhumuzla bəyənilməyimizi istəyirdik”, - İnna Kvirtiya deyib.