Space televiziyasının aparıcısı Mikayıl Güləddinoğlu döyülməsi haqda yayılan məlumatlara münasibət bildirib.
Oxu.Az-a bu barədə məlumat verən teleaparıcı döyülmədiyini bildirib:
“Saytlarda yazılıb ki, döyülmüşəm. Orada döyülmə olmayıb, sadəcə adam üstümə gəlib. Məsələni şişirdib yazıblar. Ağcabədi mənim yurdumdur. Mən orada necə döyülə bilərəm?
Sadəcə “Zəhmətkeş ulduzlar” verilişinin çəkilişləri zamanı bir nəfər səhv başa düşüb, elə bilib ki, toydur və burada sifariş etmək olar. Biz də ona başa saldıq ki, bu toy deyil, verilişdir. O da üstümə əsəbi halda gəldi ki, necə olmaz, mən mahnı sifariş verirəm.
Verilişin çəkilişi isə aprelin 15-də baş tutub. Ondan sonra mən bir dəfə efirə çıxmadım, dedilər ki, döyüblər, ona görə efirə çıxa bilmir.
Həmin veriliş bazar günü efirə gedib, ondan sonra mən çəkilişlər etmişəm, verilişlərə çıxmışam”.
Aparıcı “Sevimli şou” verilişinin haqqında sosial şəbəkələrdə, mətbuatda yazılan mənfi şərhlərə də aydınlıq gətirdi:
““Sevimli şou” ən reytinqli verilişlər sırasındadır. Sosial şəbəkələrdə mənim verilişim haqqında xoşəgəlməz şərhlər yazırlar. Veriliş yaxud mən necə pis aparıcı ola bilərəm ki, ayın 30 günün 25 günü toylara, tədbirlərə, məclislərə dəvət alıram. Mənim verilişmdə Gülyanaq, Gülyaz Məmmədovalar, Könül Xasıyeva, Cabir Abdullayev kimi və digər sənətkarlar iştirak edib”.
Aytən Sadıqzadə
www.oxu.az