Oxu.Az dekabrın 21-də “CinemaPlus”da nümayişi keçiriləcək, “Cinemazadeh” studiyasının istehsalı olan “Kəklikotu” macəra komediyasının əsas qəhrəmanlardan olan aktyor Müşfiq Şahverdiyevlə müsahibəni təqdim edir:

- Əldə etdiyimiz məlumata görə, “Kəklikotu” filminin ideyası sizə məxsusdur. Bu barədə ətraflı məlumat verməyinizi istərdik...
- Əslində, filmin ideyası Ənvər Abbasova aiddir. Bu ideya iki il əvvəldən var idi. Sadəcə, həmin ideyanı mən aldım. Bunu özüm çəkməyi planlaşdırırdım. Sonra elə alındı ki, “My name is İntiqam - 2”-ni lentə aldıq və Moldovoya yollandıq.

Növbəti dəfə “Kəklikotu”nu çəkməyi planlaşdırdıq. Bir müddət əvvəl ölkədə baş verən devalvasiyaya görə sponsorlarımız filmin çəkilişlərinə başlamağımız üçün maddi vəsait yatırmaqdan imtina etdilər.
Sonra bu layihəni “Cinemazadeh” studiyasına təqdim etdik. Bildirdik ki, belə bir film çəkmək istəyirik, lakin böyük məbləğdə maliyyə vəsaiti lazımdır. Onlar təklifi müsbət dəyərləndirdilər, layihəni aldılar və ərsəyə gətirdilər. Ssenari müəllifləri Talıb Əhmədov və Vüqar Hüseynovla danışdıq. Çəkilişlərə yayda start verdik. Sonda belə bir film alındı.

- Film komanda işidir. Siz komandadan hansı nəticələri gözləyirdiniz?
- Bu iş elədir ki, aktyor filmdə nə qədər uğurlu obraz yaratsa da, “nəticə gözəl olacaq” deyə bir anlayış yoxdur. Çəkilişdən sonrakı mərhələlərdə montaj işi, musiqi, səs effektləri və s. keyfiyyətli və peşəkar səviyyədə olmasa, film qənaətbəxş olmayacaq. Buna çox əmək sərf edilməlidir. Əks halda film sevilməyəcək və izlənilməyəcək. Ona görə mən tamamlanma işlərini səbirsizliklə gözləyirdim. Nəticəyə baxdım və çox sevindim. Treyler 2-3 gün ərzində 200 mindən çox baxış sayı topladı. Bu, sevindirici haldır.

- Reytinqlər gözlədiyinizdən üstün olsa, filmin davamı çəkilə bilərmi?
- Dekabrın 21-də filmin qala gecəsi təşkil olunacaq. Əminliklə deyə bilərəm ki, “Kəklikotu” səviyyəli filmdir. Elə film var ki, serial kimi çəkilir, amma bu, kinodur. İnanıram ki, tamaşaçılar tərəfindən yaxşı qəbul olunacaq, bəyəniləcək, baxılacaq və “Kəklikotu - 2” ərsəyə gələcək.

Qeyd edək ki, Oxu.Az saytı “Kəklikotu” filminə informasiya dəstəyi verir.

A.H., A.S.
Foto: Ehtiram Jabi
www.oxu.az