Azərbaycanlı ifaçı Samir Babayev “Рюмка водки на столе” (“Masada bir qədəh araq”) müsabiqəsində qalib ola bilər. Müsabiqə Qriqori Lepsin prodüser mərkəzi tərəfindən həyata keçirilir.
Oxu.Az xəbər verir ki, “Рюмка водки на столе” vokalçıların qeyri-peşəkar müsabiqəsidir.
Sözügedən müsabiqə xüsusilə, Qriqori Lepsin yaradıcılığının pərəstişkarları, eləcə də kreativliyini və mahnıya olan sevgisini bəyan etmək istəyənlər üçün hazırlanıb. Müsabiqədə hal-hazırda 100 lider var. Onlar Qriqori Leps tərəfindən seçilib, seçilənlərin içində isə Samir Babayev də yer alır. Samir Babayev müsabiqədə hitin özünəməxsus versiyasını və ona Azərbaycanın paytaxtında çəkilmiş klipi təqdim edib.
Yaxın zamanlarda təxminən iyun ayının 1-nə kimi Qriqori Leps finalçıları seçəcək. Ən yaxşı ifaçılar “Masada bir qədəh araq” mahnısının birgə ifa qrupuna daxil olacaq. Bundan başqa, qaliblər Qriqori Lepslə “Leps-bar” karaoke-klubda görüşəcəklər, eləcə də “Krokus Siti Holl”da iyul ayının 16-da keçiriləcək konsertə gedəcəklər.
Qeyd edək ki, dekabr ayının 5-də Heydər Əliyev adına sarayda Qriqori Lepsin çoxdan gözlənilən konserti keçiriləcək.