Aparıcı-aktyor Vatan Şaşmazı qaldığı hotel otağında güllələyərək qətlə yetirən keçmiş model Filiz Aker haqda maraqlı məlumatlar ortaya çıxıb.
Oxu.Az axşam.az-a istinadən bildirir ki, modelin bacısı qızı Dora Ercan xalasının hələ 2 ay əvvəl özünə məzar qazdırdığını deyib: “Ailə qəbiristanlığı hazırlatmışdı. Vatan çox sevdiyim dostum idi. Bir ara xalam yuxusuzluq əleyhinə dərman istifadə edirdi. ABŞ-da evi var idi. Həmin evi satıb, Türkiyəyə gəlib. Xalam qəribə insan idi. Bütün var-yoxunu əlindən çıxarmışdı. Bir il idi ki, qaldığı hotelin pulunu necə verirmiş, bilmirəm. Məni hotelə özü çağırdı. “Bir paket var, onu verəcəyəm, anana apar” dedi. Bir qədər söhbətdən sonra “indi gəlirəm” deyib otağa çıxdı”.
Vatanın nikah şahidi və yaxın dostu Polad Yağcı isə bunları deyib: “Onunla gecə-gündüz birlikdə idik. Evləndikdən sonra ailəsi və işindən başqa heç nə düşünmürdü. Heç vaxt belə bir münasibəti olmasından danışmayıb”.
Filiz Akerin rəfiqəsi Nurcan Sabur isə “Filiz 2 il əvvəl intihara cəhd etdi. 10 ildir Vatana dəlicəsinə aşiq idi. Ona 3-4 milyon lirə xərcləmişəm, heç kimə buraxmaram. Həyat yoldaşından boşanmasa, onu öldürərəm" deyirdi”, - deyə açıqlama verib.
Filizlə Vatanın mübahisəsinə də Akerin ona verdiyi həmin 3-4 milyon lirə pulu geri istəməsinin səbəb olduğu iddia edilir.
Bundan başqa, modelin bir vaxtlar adı eşq dedi-qodularında hallanan sevgilisi, iş adamı Şemsi Denizerin də güllələnərək öldürüldüyü üzə çıxıb. 13 güllə ilə öldürülən Denizer son nəfəsində qatildən “Sənə bu əmri kim verdi”, - deyə soruşub.
Ərəb əsilli türk iş adamı Aydınla da eşq yaşayan Filiz ondan aldığı pulları xərcləyib bitirdikdən sonra əvvəlcə İstanbulda kirayələdiyi evdə qalıb, daha sonra isə hotelə köçüb. Onun Vatanı həmin hotelə ona verdiyi pulları geri istəmək üçün çağırdığı deyilir.
10:20
Məşhur aparıcı-aktyor Vatan Şaşmaz keçmiş sevgilisi Filiz Aker tərəfindən öldürülüb.
Oxu.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyənin "Hüriyyet" qəzeti qətlin təfərrüatı barədə məlumat dərc edib.
F.Akerin bacısı qızı Dora Altınbaşak hadisə ilə bağlı açıqlama verib. O, xalasının V.Şaşmazı platonik olaraq sevdiyini söyləyib: “Kafedə idik, oturub söhbət edirdik. Deyirdi ki, çox xoşbəxtəm, ancaq mənim xoşbəxtliyim səni kədərləndirə bilər. Sonra yarım saatlıq hoteldə otağa çıxacağını, bir dostu ilə görüşəcəyini söylədi. Ona zəng vurdum, dedi ki, bir neçə dəqiqə sonra aşağı düşəcəm. Sonra telefonuna zəng çatmadı.
Otağına getdim, qapı bağlı idi. Mühafizə xidmətinin köməyi ilə qapını açdıq. Vatan yerdə uzanmışdı. Xalamla onun keçmişdə münasibəti olub. Ancaq indi aralarında heç bir şey yox idi. İllərdir platonik olaraq onu sevirdi. Vatanın burada heç bir günahı yox idi. Mən həmişə ona deyirdim ki, xala, ağlını başına al. Ancaq o, “arvadını boşayıb mənimlə evlənməlidir” deyirdi”.
Bundan əlavə, məşhur aparıcının xanımı Yasemin Adalının 4 aylıq hamilə olduğu da məlum olub. Ailəsi ilə birgə Tarsusda tətildə olan Y.Adalı təcili olaraq İstanbula qayıdıb.
A.M.