Donald Tramp hakimiyyətə gələndən sonra ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında çatlar daha da dərinləşib. Artıq Tramp ənənəvi rüsum siyasətini Aİ-dən idxal olunan mallara tətbiq etmək istəyir. O, ittifaqı 25 faizlik gömrük rüsumları tətbiq etməklə hədələyib. Ağ Ev rəhbəri bunun səbəbini Aİ-nin ABŞ-yə zərər verməsi ilə əlaqələndirib.
Bəs proseslərin bu şəkildə cərəyan etməsi, yekunda Aİ-nin dağılması ilə nəticələnə bilərmi?
Politoloq Rəşad Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, Trampın sərt addımları Aİ-nin iqtisadiyyatına mənfi təsir göstərəcək:
"Amma məsələ burasındadır ki, Aİ də analoji qaydada ABŞ-dən idxal olunan məhsullara müvafiq rüsumların tətbiq ediləcəyinin anonsunu verib. Təbii ki, ticarət müharibəsi bütün dünya iqtisadiyyatına öz mənfi təsirini göstərir. İndi ABŞ-nin də özünün ənənəvi ticarət partnyorlarına qarşı bu cür addımlar atması başa düşülən deyil. İki ölkə arasında münasibətlər isti olmasa da, ABŞ-nin əsas ticarət tərəfdaşı Çindir. ABŞ ən çox məhsulu Aİ-dən, daha sonra Çindən idxal edir. Eyni zamanda, ABŞ-nin ixrac etdiyi məhsullarda da Aİ lider yerlərdən birini tutur. Təbii ki, bu şəkildə qarşılıqlı olaraq bir-birinə rüsumların tətbiq olunması, təkcə Aİ-nin deyil, ABŞ-nin iqtisadiyyatına da təsir göstərəcək".

Ekspert hesab edir ki, Aİ-nin dağılıb-dağılmayacağı sual altındadır:
"Çünki Aİ-nin taleyi yalnız ABŞ-nin tarif siyasətinə bağlı deyil. ABŞ maksimum şəkildə Aİ-nin təhlükəsizliyindən yaxasını kənara çəkir, üzərinə əlavə maliyyə yükü götürmək istəmir, Ukrayna kimi ölkənin təhlükəsizliyini Aİ dövlətlərinin üzərinə öhdəlik kimi qoyaraq özü kənarda dayanmağa üstünlük verir. Təbii ki, belə olan halda Aİ olduqca ağır maliyyə yükü ilə üz-üzə qalacaq. Amma bu, davamlı şəkildə olmayacaq. Bu günə qədər Aİ-nin ABŞ ilə münasibətlərində daim ikinci planda olmasının səbəblərindən biri Vaşinqtonun onlar üçün verdiyi təhlükəsizlik zəmanəti ilə bağlı idi. ABŞ böyük ölçüdə tək özünün deyil, eyni zamanda, Aİ-nin də təhlükəsizliyini öz üzərinə götürmüşdü. Biz qitənin müxtəlif ölkələrindəki ABŞ hərbi bazalarını nəzərə alsaq, Avropaya ən çox maliyyə vəsaitinin də məhz Vaşinqton tərəfindən yönəldiyini görürük. Bütün bunlardan ABŞ-nin tədricən geri çəkilməsi Avropanı yeni müttəfiqlərə doğru itələyə bilər. Bu baxımdan, bir müddət iqtisadiyyatda müəyyən problemlər yaşansa belə, bu, daimi olmayacaq. Çünki dövlətlər, ittifaqlar eyni modellərin tətbiq edilməsi istiqamətində fəaliyyət göstərirlər və nəticə etibarilə ABŞ ilə Aİ arasındakı ticarət müharibəsindən qazanan Çin olacaq. Aİ istəsə də, istəməsə də bundan sonra Çin ilə ticarətə daha çox üstünlük verməklə, öz yolunu seçə, yaxud Rusiya ilə münasibətlərin bərpa olunması istiqamətində hansısa addımlar ata bilər ki, bu da nəticədə kənarda qalan qüvvənin ABŞ olmasına gətirib çıxarar", - deyə analitik vurğulayıb.
Onun sözlərinə görə, yekunda hər iki tərəf ortaq məxrəcə gələcək:
"Trampın birinci hakimiyyəti dövründə Vaşinqtonun Pekindən daha çox məhsul aldığını, Çinin bunun qarşılığını vermədiyini deyərək, rüsumlar tətbiq etmişdi ki, ticarət balansımız pozulur. Lakin Çin ticarət müharibəsinə getmədi və ABŞ-dən ildə 200 milyard dollarlıq məhsul alacağı ilə bağlı öhdəlik götürdü. İndi də Ağ Evin Aİ-yə qarşı bu təzyiqləri onu daha çox ABŞ-dən idxal etməyə sürükləmək cəhdidir. Bu, baş verəcəksə, ABŞ daha çox qazanacaq və Aİ də rüsumların tətbiq olunmaması ilə daha ağır iqtisadi problemlərlə üzləşməyəcək. Amma əksi olacaqsa, hər iki tərəf zərər çəkəcək və qazanan Çin olacaq".
Mərahim Nəsib