Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında Vaşinqtonda baş tutacaq görüşlər təkcə Cənubi Qafqaz üçün deyil, qlobal siyasət üçün də ciddi əhəmiyyət daşıyır.
Bu görüş regionda sülh prosesinə təkan verməklə yanaşı, Azərbaycan-ABŞ münasibətlərində də yeni mərhələnin başlanğıcı sayıla bilər. Donald Tramp Administrasiyasının Bakı ilə təmasları canlandırması, ABŞ-nin Azərbaycanın lider mövqeyini qəbul etməsi ilə izah olunur. İkitərəfli əlaqələr enerji, nəqliyyat və təhlükəsizlik sahələrində daha da dərinləşir.
Vaşinqtonun rəsmi Bakıya göstərdiyi diqqət isə Azərbaycanın regiondakı siyasi çəkisinin artdığını nümayiş etdirir.
Politoloq Sultan Zahidovun sözlərinə görə, bu görüş nəticəsində tərəflər arasında birgə bəyanat və ya qarşılıqlı Anlaşma Memorandumunun imzalanması ehtimalı var.
"Üçtərəfli görüşün əsas mövzusu isə şübhəsiz, Azərbaycan-Ermənistan sülh prosesi və Zəngəzur dəhlizinin açılması olacaq. Sülh sazişi imzalanmasa belə, buna gedən yolda əhəmiyyətli addımlar atıla bilər. Həmçinin bəzi məlumatlara görə, hətta ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı niyyət məktublarının imzalanması mümkündür. Xarici işlər nazirləri səviyyəsində sülh sazişinin paraflanması da gündəmdədir", - deyə o bildirib.
Ətraflı Baku TV-nin süjetində: