"Son eskalasiya bir daha ABŞ və İran arasında əldə olunmuş kövrək razılaşmanın nə qədər dayanıqsız olduğunu göstərir. Düzdür, tərəflər bir-birini atəşkəs və əldə olunmuş razılaşmanın şərtlərini pozmaqda ittiham etsələr də, danışıqlar imkanını da açıq saxlayırlar, amma paralel olaraq hərbi təzyiq mexanizmlərindən də istifadə edirlər ki, bu da vəziyyəti gərginləşdirir".
Bu sözləri Oxu.Az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, eskalasiyaya səbəb yenə də Hörmüz boğazı ilə bağlıdır:

"Tehran ərazidən nəzarətsiz və xəbərdarlıq olmadan gəmilərin keçidinə imkan verməyərək onları hədəfə alır, ABŞ də buna cavab olaraq İran ərazisinə zərbələr endirir. Nəticədə İranın da körfəzdəki ABŞ bazalarını hədəfə alması ilə eskalasiya böyüyür. Anlaşma memorandumunun imzalanmasından sonra bu artıq ikinci haldır və görünən odur ki, Hörmüz boğazının statusu və təhlükəsizlik məsələləri ilə bağlı fikir ayrılıqları hələ də aradan qalxmayıb. Yəni əsas problem artıq təkcə nüvə məsələsi deyil. Münaqişənin mərkəzində daha geniş geosiyasi qarşıdurma dayanır. ABŞ nüvə proqramı ilə yanaşı, İranın regional hərbi imkanlarını və Hörmüz boğazı üzərində təsir imkanlarını məhdudlaşdırmaq istəyir. Tehran isə bunu öz suverenliyinə təzyiq və strateji mövqelərini zəiflətmək cəhdi kimi qiymətləndirir".
"Düşünürəm ki, qarşıdurmanın NATO sammiti fonunda yenidən alovlanması da zamanlama baxımından təsadüfi deyil. Sammitin keçirildiyi vaxtda bu qarşıdurmanın yenidən başlaması ABŞ üçün əlavə siyasi mesaj da daşıyır. Vaşinqton həm rəqiblərinə, həm də müttəfiqlərinə öz hərbi imkanlarını nümayiş etdirir. Lakin burada mühüm məqam NATO daxilində fikir ayrılıqlarının görünməsidir. ABŞ Prezidenti Donald Tramp müttəfiqlərin İran məsələsində kifayət qədər dəstək vermədiyini dəfələrlə bildirib və indi də alyans daxilində məsuliyyət bölgüsü məsələsini yenidən gündəmə gətirir", - şərhçi vurğulayıb.
Onun sözlərinə görə, yaxın perspektivdə tammiqyaslı müharibə və ya uzun müddət davam edən yeni hərbi əməliyyatlar gözlənilmir:
"Çünki bu, indi tərəflərin heç birinin marağında deyil. Amma məhdud eskalasiya, yəni zaman-zaman tərəflərin bu şəkildə bir-birini "yoxlaması" ehtimalı kifayət qədər yüksək olaraq qalır. Bu, əslində, qarşılıqlı təzyiqdir və danışıqlar masasında qarşı tərəfi geri addım atmağa məcbur etmək istəyinin ifadəsidir. Amma tərəflərin hər ikisi nəzarətsiz regional müharibənin ağır nəticələrini də anladığı üçün eskalasiyanı dərinləşdirməkdə maraqlı deyil.
Başqa sözlə, baş verənlər çəkindirmə siyasətinin davam etdiyini göstərir. Lokal zərbələrin tədricən daha geniş regional böhrana çevrilməməsi üçün isə hər iki tərəfin kompromislərə hazır olması lazımdır. Söhbət təkcə altmış günlük danışıqlar dövründən getmir, çünki aydındır ki, bu müddət ərzində yekun razılaşmaya nail olmaq mümkün olmayacaq və danışıqlar müddəti uzadılacaq. Amma ən azından, ABŞ-dəki seçkilərə qədər (bu ilin noyabrındakı aralıq seçkiləri nəzərdə tutur - red.) yekun razılaşmanın əldə olunması olduqca vacibdir. Əks halda, seçkilərdən sonra ABŞ-nin İrana qarşı bu qədər dözümlü davranacağını düşünmürəm".