Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumu başa çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, ECO-nun Baş katibi Əsəd Məcid Xan çıxış ediblər.
Onlar ECO çərçivəsində ilk dəfə baş tutan forumun gənclərin regional siyasətdə rolunu artırmaq və onların gələcək nəsillər üçün verdiyi töhfələri tanıtmaq baxımından mühüm platforma olacağına inandıqlarıni qeyd ediblər.
Daha sonra tədbir çərçivəsində "Yüksək səviyyəli perspektivlər: "Regional inkişafda gənclərin rolu" mövzusunda panel müzakirə aparılıb.
Növbəti panel sessiya isə "Ölkə müdaxilələri: Gənclərin milli strategiyalarının dayanıqlı inkişafa töhfəsinin qiymətləndirilməsi üzrə milli perspektivlər" mövzusuna həsr edilib.
Panel müzakirələrin sonunda isə gənclər tərəfindən işçi qruplar yaradılıb və gənclər siyasəti müzakirə olunub.
Tədbir çərçivəsində ECO-nun 2025-2036-cı illər fəaliyyət planının formalaşdırılmasında gənclərin iştirakçılığının artırılması dəstəklənib.


Ağdamda ECO Gənclər Forumu çərçivəsində "Yüksək Səviyyəli Perspektivlər: "Regional inkişafda gənclərin rolu" mövzusunda panel müzakirə keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarovanın moderatorluğu ilə keçirilən müzakirədə Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti nazirinin birinci müavini Soiuzbek Nadyrbekov, ECO Təhsil İnstitutunun rəhbəri Mehmet Akif Kireççi, ECO Elm Fondunun rəhbəri Sayed Komail Tayabi, Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov və ECO-nun Özbəkistandan olan Gənclər Nümayəndəsi Şahnozaxon Raxmanova iştirak ediblər.
Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov çıxışı zamanı Azərbaycanın COP29 çərçivəsində Qlobal Bakı Təşəbbüsü ilə çıxış etdiyini xatırladıb. O qeyd edib ki, bu təşəbbüs iqlim müqaviməti ilə bağlı insan kapitalının formalaşdırılması üçündür:
"Biz Bakı bələdçi Prinsiplərini yazıb hazırladıq. Bununla bağlı 14 BMT və bir neçə beynəlxalq təşkilatlarla birgə bəyanat qəbul etdik. Bakıda qəbul olunmuş prinsiplər digər ölkələr tərəfindən təsdiqlənir. Bundan başqa, biz iqlim maliyyəsi və sərmayə investisiya təşəbbüsünü irəli sürmüşdük. Bu keçid dövrü ölkələri üçün önəmlidir.
Həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı çağırışların dəstəklənməsi üçün Asiya İnkişaf Bankından dəstək ala bilər. Bu təşəbbüslərin dəstəklənməsi yönündə önəmlidir".
ECO Təhsil İnstitutunun rəhbəri Mehmet Akif Kireççi isə təhsildə müasir çağırışlardan bəhs edib. O bildirib ki, xüsusilə, sosial şəbəkələr, süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə bir çağırışdır:
"Bu alətlər gənclərin təhsilə cəlb edilməsində böyük şansdır. Biz çalışmalıyıq ki, ən bacarıqlı gəncləri irəli çəkək. Gələcəyimiz təhsilsiz mümkün deyil. Gənclərin təhsil alması onların dünyada hansı hadisələrin baş verdiyi ilə bağlı məlumatlandırılması baxımından vacibdir".
Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirinin birinci müavini cənab Soiuzbek Nadyrbekov isə Forum iştirakçılarına müraciət edib.
"Gəlin, elə edək ki, Ağdamda keçirilən Gənclər forumu ideyaların başlanğıcına çevrilsin" - deyə, o əlavə edib.
Panel müzakirələrlə davam edib.
Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu keçirilir.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçirilən tədbir "İƏT Həftəsi" çərçivəsində baş tutur.
Bildirilib ki, forumun əsas məqsədi gənclərin İƏT regionunun gələcəyinin qurulmasında iştirakını gücləndirmək və onların ideyalarını təşkilatın yeni inkişaf strategiyasına daxil etməkdir.
Tədbir gənclərin dayanıqlı inkişaf, iqtisadi inteqrasiya və innovasiya sahələrində fəal rolunu təşviq edəcək, həmçinin onların qərarqəbuletmə proseslərinə cəlb olunmasına töhfə verəcək.
Məlumata görə, forumda iqtisadi və ticarət əməkdaşlığı, dayanıqlılıq və texnologiya, insan kapitalı və digər mövzular müzakirə olunacaq.
Həmçinin forum gənclərin regional siyasətdə rolunu artırmaq və onların gələcək nəsillər üçün verdiyi töhfələri tanıtmaq baxımından mühüm platforma olacaq.