Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısında adı olan dünya şöhrətli müğənni Al Bano ölkəmizin İtaliyadakı səfirliyinə məktubla müraciət edib.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev açıqlama verib.
Onun sözlərinə görə, müğənni müraciətdə adının “qara siyahıda” olmasından təəssüfünü ifadə edib.
“Al Banonun adı Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısındadır. İtaliyalı müğənni müraciətində ümumiyyətlə regionda mövcud olan problemdən, Ermənistan-Azərbaycan münaqişəsindən xəbərsiz olduğunu vurğulayıb və Azərbaycan Respublikasına böyük hörmət və rəğbət bəslədiyini bildirib.
Al Bano hansısa bir siyasi məqsəd güdmədiyini, bir musiqiçi olduğunu qeyd edib. Azərbaycana yenidən səfər etməyin onun üçün keçmişdəki kimi böyük şərəf olduğunu, gözəl Azərbaycan xalqına öz musiqisi və dərin ehtiramını təqdim etdiyini vurğulayıb. Azərbaycan tərəfinin onun bu şərəfə yenidən nail olmasına imkan verəcəyinə ümid etdiyini bildirib”.
E.Abdullayev rəsmi Bakının Al Banonun müraciətinə baxacağını deyib.
“Bilirsiniz ki, Azərbaycan bu məsələyə çox ciddi və həssaslıqla yanaşır. Biz “qara siyahını” dərc edəndə də bəyan etmişdik ki, orda adı olan şəxslər işğal olunmuş ərazilərə səfərlərindən peşmançılıq keçirdiklərini və ölkəmizə hörmət və rəğbətlərini ifadə etdikləri təqdirdə, rəsmi Bakı həmin şəxslərin siyahıdan çıxrılması məsələsinə baxacaq. Al Banonun adının siyahıdan çıxarılıb-çıxarılmayacağını XİN-in açıqladığı "arzuolunmaz şəxs" siyahısını izləməklə bilmək olar”.