Yaxın vaxtlarda Azərbaycan və Ermənistan gənclərinin birgə layihəsi olan televiziya fəaliyyətə başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı deyib ki, “Sülh TV” adlanan televiziya internet üzərindən yayımlanacaq.
Ramin Hacılı bildirib ki, bu layihə Amerikanın Marşal fondu ilə birgə həyata keçiriləcək:
“Layihə çərçivəsində sülhlə bağlı filmlər çəkiləcək və Sülh TV-də yerləşdiriləcək. Layihəyə Ermənistan Avropa Hərəkatı, Türkiyə Avropa Hərəkatı, Gürcüstan Avropa Hərəkatı və Beynəlxalq Avropa Hərəkatı qoşulur”.
Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyənin əhatə edəcək və Avropa Hərəkatlarının birgə layihəsi olan “Sülh TV” internet televiziyası ideyası Azərbaycanda birmənalı qarşılanmayıb.
Milli Məclisə deputat seçilmiş Flora Qasımova bu xəbərə fikrinin müsbət olduğunu deyib:
“İki xalq arasında mütləq sülhə nail olmaq lazımdır. Bu layihə bölgədə sülhün yaranmasına xidmət edəcəksə, müsbət haldır. Biz çalışırıq ki, sülh yaransın. Düşmənçilik nə qədər davam edəcək?!”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə məsələyə mənfi münasibət bildirib:
“Bu layihənin gerçəkləşməsinə münasibətimiz mənfidir. Bu da “xalq diplomatiyası”nın bir hissəsidir. Sənin torpağın işğal olunursa, sən düşmən olmalısan. Torpağın işğal olunubsa və sən dost münasibətləri qurursansa, deməli, anormal adamsan. Nə qədər ki, torpaqlar işğal altındadır sülhdən, dostluqdan söhbət gedə bilməz. Bunun əksini edənlər manqurtdur”.
Lakin Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov azərbaycanlı və erməni gənclərin ortaq telekanal yaratmaq ideyasını dəstəkləyib:
“Sülh TV” kanalının açılmasına çox yaxşı baxıram. Gənclər bizim gələcəyimizdir. Gənclər bir-biri ilə danışmalıdı, əlaqə saxlamalıdı. Ona görə də gənclərin ortaq layihəsinə pis baxmıram. Erməni gənclərini də izah edib başa salmaq lazımdır ki, başqalarının torpağını zəbt etmək olmaz”.
Bayram Səfərov Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının “Sülh” TV-yə qarşı çıxmasına da münasibət bildirib.
“O, Akif Nağının öz fikridir. Sülh olsa, daha yaxşıdır. İstər Azərbaycan, istərsə də Ermənistan danışıqlar aparır. Danışılmayanda nə olur ki? Hər şey danışılmalı və aydınlaşdırılmalıdır” - deyə B.Səfərov qeyd edib.