Al Banonun adı “arzuolunmaz şəxslər” siyahısından çıxarılmayıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, italiyalı müğənninin ad-soyadı hələ də XİN-in “qara siyahısı”nda saxlanılır, buna görə də o, Azərbaycan ərazisinə səfər edə bilməz. Nazirlik rəsmisi onuda əlavə etdi ki, Al Bano hələ Azərbaycan tərəfinə adının siyahıdan çıxarılması üçün müraciət etməyib.
Qeyd edək ki, bu il dekabrın 18-də “Baku Crystal Hall”da “San-Remo festivalının ulduzları Bakıda” adlı konsertin keçirilməsi nəzərdə tutulur. Bu sırada 80-ci illərdə San-Remodakı festivalda İtaliya mahnılarının məşhur ifaçıları olmuş Toto Kutunyo, Pupo, Al Bano, Toni Espozito, Umberto Totsi, Mariya Fiordalizo, İvan Spaqn kimi estrada ulduzları və “Matia Bazar”, Rikkardo Foli, “Rikki e Poveri” musiqi qruplarının adı yer alır. Onların ifasını dinləmək istəyənlər üçün Bakıda biletlərin satışı da artıq başlayıb.
Konsertdə iştirak etməyə hazırlaşan italyan estrada ulduz Al Bano üç il öncə - 2010-cu ilin oktyabrında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edib. O, Azərbaycanın Ağdərə rayonunda ermənilərin ənənəvi olaraq keçirdiyi “Qarabağ korridası” uzunqulaq yürüşünü izləmişdi.
Al Bano sonda eşşək yarışı iştirakçılarına öz musiqi töhfəsini də ərməğan etmişdi. O zaman italiyalı müğənni xarici radioya müsahibəsində Qarabağa birinci dəfə gəldiyini və bu səfərdən olduqca şad olduğunu bildirmişdi.
Buna görə də Al Bani Azərbaycanda “aruolunmaz şəxslər” siyahısına salınıb. Görünür Bakıya hazırlaşan Al Bano həmin səfərini unudub...
Rəylər