Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Böyük Britaniyanın baş naziri İlham Əliyevi təbrik etdi
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab prezident, yenidən Azərbaycan prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Mən Birləşmiş Krallıq ilə Azərbaycan arasında genişlənən güclü ikitərəfli münasibətlərdən məmnunluğumu bildirirəm. Azərbaycanın iqtisadi yüksəlişi böyük təəssürat bağışlayır və şadam ki, Britaniya şirkətləri bu işdə mühüm rol oynamışlar.
“Şahdəniz-2” layihəsinə dair Yekun Sərmayə Qərarı ilə bu istiqamətdə işin davam etdirilməsini səmimiyyətlə arzulayıram. Bu qərar ilin sonunadək qəbul olunarsa, xarici işlər naziri imzalanma mərasimində iştirak etmək üçün Bakıya səfərdən məmnun olardı. Bu, ölkələrimiz arasında münasibətləri daha da möhkəmləndirən önəmli mərhələ olacaq.
Mən, həmçinin regional təhlükəsizlik məsələlərində Sizinlə davamlı surətdə sıx əməkdaşlığa sadiq olduğumu vurğulamaq istəyirəm. Azərbaycanın Əfqanıstana verdiyi töhfəyə və Birləşmiş Krallığın hərbi təyyarələrinin hava məkanınızdan istifadə etməklə bu ölkəyə uçuşlarına göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdaram.
Həmçinin əminəm ki, prezidentliyinizin yeni dövründə Siz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda irəliləyişə nail olacaqsınız. Birləşmiş Krallıq münaqişənin sülh yolu ilə həllinə qəti surətdə sadiqdir. Eyni zamanda, ümidvaram ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr Assosiativ Saziş və Strateji Müasirləşmə Tərəfdaşlığı vasitəsilə irəliləməkdə davam edəcək.
Birləşmiş Krallıq Azərbaycanın son 20 ildə nail olduğu tərəqqini qeyd edir. Ölkənizin müasir, inkişaf edən və dünyəvi cəmiyyət quruculuğu istiqamətində uğurları böyük təəssürat bağışlayır. Azərbaycanın dostu kimi, Birləşmiş Krallıq əmindir ki, sosial və iqtisadi inkişafın demokratik və siyasi təkmilləşməyə uyğun aparılması davam edəcək”.
Azərbaycanda keçirilmiş prezident seçkiləri barədə fikirlərini bildirən D. Kemeron Azərbaycanın beynəlxalq təşkilatlarla səmərəli və konstruktiv dialoq ənənəsinə bundan sonra da sadiq qalacağına əminliyini ifadə edib.
Üçüncü müddətdə prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə İ. Əliyevə böyük uğurlar arzulayan D.Kemeron ötən il Londonda onunla görüşündən məmnun qaldığını vurğulayıb.
Britaniyanın baş naziri ümidvar olduğunu bildirib ki, yaxın vaxtlarda Azərbaycan prezidenti ilə yenidən görüşmək fürsəti yaranacaq.
"Bakı" teqi üzrə xəbərlər
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib