İyunun 8-də İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Maka Botçorişvili arasında görüş keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazirlər Azərbaycan və Gürcüstan arasında qarşılıqlı etimada və mehriban qonşuluğa əsaslanan münasibətlərin regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Tərəflər enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələrin, o cümlədən Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhlizin həm regional, həm də qlobal əhəmiyyətini qeyd ediblər.
Görüşdə regional təhlükəsizlik məsələləri və Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatının regional rifahın, enerji və nəqliyyat bağlantılarının gücləndirilməsinə mühüm töhfə verdiyini bildirərək, bu əməkdaşlığı gələcəkdə daha da inkişaf etdirmək niyyətində olduqlarını ifadə ediblər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Gürcüstanın baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, nazirlər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın mövcud vəziyyəti və perspektivlərini müzakirə ediblər. Tərəflər sıx siyasi dialoqun, güclü iqtisadi əlaqələrin, eləcə də energetika, nəqliyyat və regional infrastruktur sahələrində uğurlu əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Nazirlər həmçinin regional və beynəlxalq gündəlikdə yer alan məsələlər ətrafında fikir mübadiləsi apararaq, Avropa ilə Asiyanı birləşdirən əsas dəhliz kimi Cənubi Qafqazın artan strateji əhəmiyyətini qeyd ediblər.
XİN rəhbərləri regional sabitliyə, enerji təhlükəsizliyinə və dayanıqlı iqtisadi inkişafa töhfə verən Cənub Qaz Dəhlizi, Orta Dəhliz və digər konnektivlik təşəbbüsləri də daxil olmaqla, birgə layihələrin inkişaf etdirilməsi istiqamətində ortaq mövqelərini bir daha təsdiqləyiblər.
Ceyhun Bayramov da "X" hesabında gürcüstanlı həmkarı ilə görüşü barədə paylaşım edib.
"Azərbaycan və Gürcüstan arasında möhkəm strateji tərəfdaşlığı, energetika, nəqliyyat və nəqliyyat infrastrukturu sahələrində əməkdaşlığı, eləcə də regional prosesləri müzakirə etdik.
Regionumuzun rifahı və sabitliyi naminə birgə layihələrin inkişaf etdirilməsi və əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı sadiqliyimizi bir daha təsdiqlədik", - deyə nazir paylaşımında bildirib.