"Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanır. Prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan yüksəksəviyyəli siyasi dialoq və qarşılıqlı etimad iqtisadi əməkdaşlığımızın davamlı inkişafı üçün möhkəm zəmin yaradıb".
Oxu.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.
O qeyd edib ki, Türkiyə Azərbaycanın vacib ticarət tərəfdaşıdır:
"Bu gün iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi prioritet istiqamətlərimizdən biridir. Bu günədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə qoyub".
"Azərbaycanda 4600-dən çox Türkiyə şirkəti fəal iş aparır. Eyni zamanda, Türkiyədə 3000 Azərbaycan şirkəti müxtəlif sahələrdə iş qurub və qardaş ölkənin iqtisadi inkişafına öz töhfəsini verir.
Qarşılıqlı sərmayə qoyuluşunu bundan sonra da ardıcıl şəkildə davam etdirmək əzmindəyik.
Bu investisiyalar hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verməklə yanaşı, xalqlarımızın rifah halının yüksəldilməsinə xidmət edir", - deyə Ə.Əsədov bildirib.
Mərahim Nəsib