"Laçından çıxanda iki yaşım var idi, oraları çox da xatırlamıram, amma bu gün öz ailəmlə doğma yurduma qayıdıram".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Laçın rayonunun Bəylik kəndinə qayıdan keçmiş məcburi köçkün Fərhad Novruz oğlu Həsənov deyib.
O bildirib ki, bu gün alnıaçıq, üzüağ, qalib ölkənin vətəndaşı kimi qürurla öz yurduna qayıdır:
"Biz torpaqlarımızdan köçkün düşəndə körpə uşaqlar idik. İndi isə əli silah tutan insanlarıq. Çox şükür ki, zəfər qazandıq və fəxrlə öz yurdumuza qayıdırıq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 38 ailə (153 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.
Rövşən Əsədov