ABŞ-da dərc olunan və ölkənin ən nüfuzlu qəzetlərindən sayılan Washington Times-da ABŞ-ın Azərbaycanla münasibətləri haqqında keçmiş konqresmen Den Börtonun müəllifi olduğu “Börton: Qafqazdakı ən sadiq dostumuzu itirmək təhlükəsi var” başlıqlı məqalə dərc olunub.
Oxu.Az xəbər verir ki, Azərbaycan – Amerika Alyansının (AAA) fəxri prezidenti, keçmiş konqresmen, Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin və Avropa, Avrasiya və fövqəladə hallar altkomitəsinin sədri Den Börton Azərbaycanın regionun bir sıra taleyüklü məsələlərində ABŞ-la mümkün tərəfdaşlığından bəhs edib.
Onun yazdığına görə, ABŞ-ın hazırkı administrasiyası Misir, Liviya, Şimali Koreya və İrandakı hadisələrlə bağlı dəfələrlə səhvlərə yol verib:
“Hal-hazırda isə Suriyadakı mümkün fəlakət administrasiyanın işini büdrədir. Onların Qafqaz, xüsusilə də Azərbaycanla açıq-aşkar əlaqələrinin kəsilməsi Amerika maraqları üçün həyati əhəmiyyət kəsb edən regionun destabilizasiyası təhlükəsi yaradır.
Bilavasitə Rusiya və İranla sərhəddə yerləşən yeganə ölkə olan Azərbaycan Moskvanın neo-imperialist ambisiyaları və İranın teokratik təbliğatı arasında sıxışdırılır. Həsən Ruhaninin prezident kürsüsünə əyləşməsinə baxmayaraq Tehrandakı fundamental rejimin səciyyəsi dəyişməyib. Xoşbəxtlikdən, indiyə qədər Azərbaycan təzyiqlərə sinə gərib və Qərbə üz tutub. Faktiki olaraq, Azərbaycan Birləşmiş Ştatlar üçün hərtərəfli sınanmış və dəyərli tərəfdaşdır. Terrorla mübarizə və kütləvi qırğın silahlarının yayılmaması, Əfqanıstanda sabitləşdirici qüvvə kimi göstərdiyi xidmətlər - Azərbaycan Amerikanın ən yaxşı dostlarındandır”.
Müəllif həmçinin Azərbaycanın İsraillə münasibətlərinə də toxunaraq, çox az sayda müsəlman ölkəsinin İsraillə Azərbaycan kimi yaxın və dostluq münasibətlər qurması ilə öyünə biləcəyini vurğulayır:
“Məsələn, keçən il Azərbaycanın İsraillə ikitərəfli ticarət əlaqələrinin həcmi 4 milyarda çatıb ki, bu da ABŞ-la Azərbaycanın ikitərəfli ticarət həcmindən 2 dəfə çoxdur. Bununla yanaşı, İsrail neftinin 40%-i Azərbaycandan idxal olunur. Bu yaxınlarda Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovun İsrailə səfəri bu ölkənin prezidenti Şimon Peres tərəfindən “tarixi səfər” kimi qeyd olunub. Elmar Məmmədyarov həmçinin Amerika Yəhudi Komitəsinin İllik Qlobal Forumunun Vaşinqtonda keçirilmiş açılış sessiyasında çıxış edən yeganə müsəlman xarici işlər naziri olub”.
Bununla yanaşı, keçmiş konqresmen Azərbaycanın nöqsansız olmadığını da vurğulayıb:
“Mən bir çox dünya ölkələrinə səyahət etmişəm və bilirəm ki, Azərbaycan nöqsansız deyil. Azərbaycan hökuməti insan hüquqlarına dair yazı və hesabatlarda dəfələrlə tənqid edilib. Lakin Azərbaycanın digər sabiq Sovet respublikaları kimi demokratiya sahəsində çox az və cüzi təcrübəyə malik olmasını nəzərə alaraq qeyd etmək lazımdır ki, bu ölkə barəsində mövcud insan hüquqlarına dair yazı və hesabatlar digər keçmiş sovet ölkələri ilə müqayisədə daha yaxşıdır. Əslində Azərbaycanın dini tolerantlığı, dözümü və qadın hüquqlarının müdafiə edilməsi təqdirəlayiqdir və qiymətləndirilməlidir.
Dövlət Katibi Con F.Kerrinin bəyanatına əsasən, həqiqətən də Azərbaycan “müxtəlif dinlərin, müxtəlif təriqət və məzhəblərin bir yerdə dinc şəkildə mövcudluğunun mümkün olduğu ölkədir”. Bakı demokratik proses və prosedurlar üzərində fəaliyyətin davam etdirilməsinə ehtiyac olduğunu dərk edir, lakin bu sahədə müəyyən irəliləyiş vardır. Əgər Obama administrasiyası Azərbaycan ilə münasibətdə insan hüquqlarına önəm verirsə, bəs nə üçün o zaman Myanmarda mövcud rejimi – genosiddə günahlandırılan rejimi, usaqları əsgər kimi istifadə edən, zorakılığın daimi hal aldığı rejimi, uşaq əməyini istifadə edən, insan alveri ilə məşğul olan rejimi və ümumi siyasətdə zorakılıq və boyunduruğa əsaslanan rejimi dəstəkləyir, dostluq və yardım əlini uzadır?
Mən ABŞ Konqresində cənab Kerri ilə birlikdə xidmət göstərmişəm. Biz siyasi spektrin bir-birinə əks və zidd olan tərəflərində də olduğumuz müddətdə, çox nadir hallarda cənab Kerri ilə razılaşdığım aspektlərdə belə onun xarici siyasət haqqında biliyinə, fikirlərinə və fəhminə hörmətlə yanaşıram. O, Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı kimi xüsusi və fövqəladə rolunu və əhəmiyyətini aydın dərk edir”.
Konqresmenin fikrincə, ABŞ Azərbaycanda fəaliyyətini gücləndirməklə Qafqazda olan nüfuzunun və təsir dairəsinin dəyişməsinə nail ola bilər.
“Bunun üçün məntiqi və tədbirli yol isə Dağlıq Qarabağ münaqişəsini çözmək üçün yüksək səviyyəli vasitəçiləri – danışıqlarda iştirak edəcək şəxsləri təyin etməkdir və Azərbaycan – Ermənistan münasibətlərinin tənzimlənməsidir. Münaqişənin sona çatması həm Azərbaycan və həm də Ermənistan üçün əlverişli olar, Rusiya və İranın regionda möhkəmlənmək üçün istifadə etdiyi alətlərin aradan qaldırılmasına şərait yaradar”.
Yekunda müəllif qeyd edir ki, dünyada, xüsusi ilə müsəlman dünyasında Azərbaycan kimi çox az yer tapılar ki, amerikalılar tərəfindən səmimiyyətlə qarşılansın:
“Əgər biz bu möhkəm dostluğu qırsaq, ona imkan verməsək biz onları itirəcəyik və bunun nəticələri isə Amerika üçün fəlakətli olacaq”.