Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ekspert: Tramp üçün Qarabağın ermənilərdə olması sərfəli deyil
ATƏT-in Minsk qrupunun həmsədlərinin bir müddət əvvəl Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş spektr məsələlərin müzakirə edildiyi, əhalinin sülhə hazırlanması ilə əlaqədar konkret addımların atılmasının zəruriliyi barədə razılığa gəlindiyi Parisdə baş tutan görüşlə bağlı bəyanatı fonunda dünyanın aparıcı gücləri Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni bəyanatlar səsləndiriblər.
Oxu.Az “Moskva-Baku”ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Nikol Paşinyana Ermənistan baş naziri postuna təsdiq edilməsi münasibətilə göndərdiyi təbrikdə Amerika-Ermənistan münasibətlərinin korlanmasını Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə əlaqələndirib.
Tramp bildirib ki, ABŞ və Ermənistan birgə ticarətin dərinləşməsinə, qlobal təhlükəsizliyin və korrupsiya ilə mübarizənin güclənməsinə nail ola bilər. Və düzəliş edib:
“Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi yolunda müstəsna əhəmiyyətə sahib olacaq”.
Dünən isə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu növbəti dəfə Ankaranın mövqeyini açıqlayıb.
“Qarabağ münaqişəsi həll olunmayana qədər Qafqazda sabitlik olmayacaq və Türkiyənin Ermənistanla münasibətlərinin düzəlməsi mümkün deyil”, - Çavuşoğlu deyib və əlavə edib ki, Türkiyə 2019-cu ildə bu məsələ ilə daha yaxından maraqlanacaq.
Bütün bu bəyanatlar bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyevin səsləndirdikləri ilə üst-üstə düşür. Azərbaycan prezidenti bəyan edib ki, ölkəmiz Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır, ancaq əsas şərt Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasıdır.
Avropa Birliyi də susmur – orada bəyan edilib ki, XİN rəhbərlərinin, əhalinin sülhə hazırlanması ilə əlaqədar konkret addımların atılmasının zəruriliyi və danışıqların intensivləşdirilməsinə yönəlmiş addımların nəzərdən keçirilməsi barədə razılaşmasının yerinə yetirilməsinin nəticələrini səbirsizliklə gözləyirlər.
Görünür, dünya gücləri Cənubi Qafqazdakı münaqişənin həllinin vacibliyini görürlər və Ermənistanın həlledici addım atmasının vacibliyinə işarə vururlar. O zaman regionda təhlükəsizlik və münasibətlərin inkişafı, eləcə də, yeni iqtisadi imkanlar da olacaq.
Müstəqil ekspert Dmitri Verxoturov hesab edir ki, Trampın bəyanatı Qarabağ məsələsinin sülh yolu ilə həllinin tələbidir.
“Bu, yalnız Azərbaycan torpaqlarını qaytarmaqla mümkündür. Məlumdur ki, D.Tramp bu təbriki təkcə imzalayır, onu isə Dövlət Departamenti hazırlayır. Görünür, D.Trampın müşavirləri Cənubi Qafqazda yeni siyasi raundu oynayaq istəyir, - ekspert bildirib. – ABŞ-ın regiondakı əvvəlki siyasəti uğursuz olub. Tramp regionda yeni sütun tapmaq istəyir. Regionda isə sütunlar çox deyil. Regionda ciddi siyasi hesablamalar apara biləcək yeganə dövlət Azərbaycandır.
Azərbaycanla yaxınlaşmaq üçün ABŞ Bakıya nəsə təklif etməlidir. Bəs nə təklif etsin? Anlaşılandır ki, söhbət Qarabağdan gedir. Ümumilikdə, Cənubi Qafqazda istənilən xarici siyasi kombinasiya Qarabağa və bu məsələnin həllinin vacibliyinə gətirib çıxarır.
Tramp üçün Qarabağın ermənilərdə olması və buranın tanınmamış ərazi olması sərfəli deyil. Buradan heç bir fayda əldə edə bilməz. Və Tramp Paşinyana təzyiq göstərmək qərarına gəlib. Sülh-dostluq-ticarət – bunlar əlbəttə ki, yaxşıdır, ancaq Qarabağı qaytarmaq lazımdır.
Türkiyə üçün Ermənistanla diplomatik əlaqələrdən uzaqda dayanmaq faydalı deyil, ancaq qardaşlıq telləri, Azərbaycanla razılaşma başqa cür addım atmağa imkan vermir. Buna görə də Ankara dəqiq mövqe səsləndirir ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər heç bir münasibətlərdən söhbət gedə bilməz.
Prinsipcə, Ermənistan Türkiyə üçün - iqtisadi əlaqələrin inkişafı üçün, neft idxalı üçün – yaxşı tranzit ərazisi kimi çıxış edə bilərdi. Və Ankara Yerevana ərazilərin Azərbaycana qaytarılması müqabilində tranzit yollarının çəkilişini təklif edə bilərdi. Enerji çətinliyi yaşayan Ermənistan üçün bu, çox sərfəli və maraqlı bir seçim ola bilər.
Göründüyü kimi, təzyiqlər Azərbaycana deyil, Ermənistana qarşıdır, çünki birincisi, beynəlxalq hüquqlara görə, bu, Azərbaycan torpaqlarıdır, ikincisi, Azərbaycan sərfəli müttəfiqdir. Və indi Ermənistanla “bazarlıq” edirlər – ona torpaqları qaytarmaq qarşılığında hansısa təkliflər edirlər, təmkinli ultimatumlar səsləndirirlər. Belə çıxır ki, bugünkü münasibətlərdə məhz Ermənistan əngəldir və dünya ondan addım gözləyir. Hər kəsə yaxşı məlumdur ki, Qarabağ nədir və nəyin hesabına mövcuddur. Əslində, beynəlxalq birlik qoşunların çıxarılmasını tələb edir.
N.Paşinyan onun üçün asan olmayan siyasi qərarlar qəbul etməlidir. Bu, sözsüzdür, Ermənistan rəhbəri olaraq, bu, tarixi qərar olacaq. Başa düşmək lazımdır ki, Paşinyanın başqa çıxış yolu yoxdur. Ancaq görünür, münaqişənin həllindən sonra Ermənistan üçün yeni iqtisadi imkanlar yaranacaq.
N.Paşinyan Qarabağ münaqişəsinin Rusiya, ABŞ və Avropanın iştirakı ilə həll edilməsi üçün çoxtərəfli razılaşma bağlaya bilər. O, qoşunlarının Qarabağdan çıxarılması öhdəliyini yerinə yetirir və Azərbaycan bunun qarşılığında hansısa zəmanətlər verir.
Mənə elə gəlir ki, indi Yerevanla danışıqlar prosesi başlayıb. Həmsədrlərin bəyanatlarından irəli gələrək, bunun başladığını demək olar. Yerevanda deyirlər ki, biz, prinsipcə, rayonları qaytarmağa hazırıq, bəs qarşılığında nə alacağıq? Yaxın yarım il ərzində tərəflər razılaşacaqlar, sonra isə onlar razılaşa biləcək beynəlxalq konfrans təşkil edəcəklər. Mənə elə gəlir ki, hər şey bu istiqamətdə gedir.
Fikrimcə, məhz indi Qarabağ münaqişəsinin həllində müsbət dönüş ola bilər, çünki Ermənistanda hakimiyyət dəyişikliyi olub və Paşinyanın Qarabağ klanına heç bir aidiyyəti yoxdur. Görürük ki, o, baş nazir kreslosunda əyləşə bilibsə, çox çevik və praqmatik siyasətçidir. N.Paşinyan sübut etdi ki, işləri apara və uğur qazana bilər”.
Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya siyasəti fakültəsinin Beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko əmindir ki, hər şey belə asan deyil və N.Paşinyan Qarabağ məsələsində status-kvonun əvəzinə Qərbin loyallığını almaq istəyir.
“N.Paşinyan Rusiyadan uzaqlaşaraq, Qərbin sadiqliyini almaq istəyir. O ümid edir ki, hansısa yollarla D.Trampa yalvara biləcək. O ümid edir ki, Rusiyadan uzaqlaşsa, Qərb Qarabağın işğalını ona bağışlayacaq. Öz dövründə Mixail Saakaşvili də bu məntiqlə çıxış edirdi – anti-Rusiya mövqeyi tutduğum üçün mənə hər şey olar. Bunun nə dərəcədə etibarlı və real olması başqa məsələdir. Düşünürəm ki, bu, Paşinyana göründüyündən daha çox aldadıcıdır.
N.Paşinyan bu məsələdə ABŞ və Fransadakı erməni lobbisinə güvənir. O, mövcuddur və bunu siyahıdan silmək olmaz.
Nikol Paşinyandan 2016-cı ildə Peterburqda əldə edilmiş Dağlıq Qarabağ ətrafındakı rayonların demilitarizasiya edilməsini nəzərdə tutan razılaşmanın yerinə yetirilməsini gözləyirlər. Ancaq Nikol Paşinyan onu bu vəziyyətdə Levon Ter-Petrosyanın taleyi gözləməsində ehtiyat edir. Başa düşürəm ki, 1997-ci ildə Ter-Petrosyan Qarabağın statusu ilə bağlı danışıqların başlaması sazişini imzaladıqdan bir il sonra Qarabağ klanı tərəfindən devrildi.
ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün nəticələri ilə bağlı son bəyanatında konkretlik var. Əminəm ki, danışıqlar bazası Rusiyanın qarant ölkə kimi çıxış etdiyi Peterburq razılaşması üzərində dayanır. Və bu gün məsələ razılaşma axtarışında deyil, onun reallaşmasındadır. Və bunun reallaşdırılması Moskvada deyil, Yerevandadır.
Ancaq hələlik Ermənistan baş naziri Qarabağ klanından qorxur, çünki o, Ermənistanda çox güclüdür.
Düşünürəm ki, N.Paşinyan hələ də qərara gələ bilməyib... Ancaq Peterburq razılaşmasından imtina N.Paşinyan üçün Rusiya ilə münasibətlərin tamamilə korlanması deməkdir. Qərb tərəfdən isə sözdən başqa heç nə əldə edə bilməyəcək.
Minsk qrupunun ABŞ-dan olan həmsədrinin 2016-cı ilin oktyabrında səsləndirdiyi Qarabağ probleminin həllinin təxirə salına biləcəyi ilə bağlı bəyanatı Ermənistan tərəfini arxayın edib. Ermənistan tərəfi hələ də bu yolla gedir və yolunu dəyişmək niyyətində deyil. Onlar düşünür ki, sonsuz danışıqlar oyunu ilə problem dəfələrlə təxirə salınacaq. Bununla onlar qəbul edilmiş qərarın reallaşdırılmayacağını bildirir”.