ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması yanlış addımdır.
Bu barədə Oxu.Az-a politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.
“90-cı illərdən başlayaraq ABŞ Qüdsün İsrailin paytaxtı kimi tanınması məsələsini qaldırıb. Lakin ölkənin o zamankı prezidentləri bu qərarı qəbul etməyə risk etmirdilər. Çünki bu qərarın yerinə yetirilməsi ölkədə gərginliyi artıra, Ərəb dünyası ilə münaqişə yarada bilərdi.
Lakin ABŞ-ın hazırkı prezidenti Donald Tramp bu addımı atdı. Düşünürəm ki, bundan sonra bölgədə vəziyyət gərginləşə bilər”, - deyə politoloq bildirib.
Onun sözlərinə əsasən, ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıyan yeganə ölkə olacaq.
“Bu addımdan ABŞ-ın özü də zərər çəkəcək. Böyük ehtimalla, belə addımdan sonra bir çox ölkənin ABŞ-la münasibətləri soyuyacaq. Artıq bununla bağlı çox sərt bəyanatlar da var”, - deyə E.Şahinoğlu vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.
N.O.