Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ermənistan özünü balaca uşaq kimi aparır - MOSKVADAN BAXIŞ
Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti qurum daxilində bəzi gizli ziddiyyətləri üzə çıxardı.
Nazarbayev və Lukaşenkonun Ermənistan nümayəndəliyinin güc blokunda əvəz olunması təklifini bir çox analitiklər “konservantların” “inqilabçılara” qarşı demarşı kimi dəyərləndirdi.
Ermənistanın hakimiyyətə yaxın dairələri fikir ayrılığında dərhal rəsmi Bakının əli olduğunu qeyd etdilər.
“Məxməri” inqilabdan sonra qonşu ölkə ilə Qarabağ problemi üzrə danışıqlar prosesini yenidən qurmağa məcbur olan Azərbaycan Ermənistanın yeni rəhbərliyinin hər bir addımını diqqətlə izləyir.
KTMT daxilində fikir ayrılığının nəticəsi o oldu ki, təşkilatın yeni baş katibinin təyin olunması dekabrın 6-na qaldı. Yerevanın belə destruktiv mövqeyi Avrasiya məkanına inteqrasiya prosesini ləngidəcəkmi? KTMT-də dominant qüvvə olan Rusiyanın mövqeyi bu baxımdan çox maraqlıdır.
İnnovativ İnkişaf İnstitutunun Strateji Analiz Mərkəzinin direktoru Andrey İvanov hesab edir ki, KTMT-yə üzv dövlətlər Ermənistanın qoyduğu qaydalarla oynamamalıdırlar.
“Qarabağ problemi mövcud olduqca Ermənistanın nüfuzu məhduddur. Burada iqtisadi amillər də nəzərə alınmalıdır. Azərbaycan KTMT-nin bir neçə üzvü üçün perspektivli tərəfdaşdır. Buna görə də Yerevan tərəfindən baş katib postuna təklif edilən istənilən namizəd böyük problemlərlə üzləşəcək”, - deyə politoloq qeyd edib.
Politoloqun fikrincə, Ermənistan nəzərə almalıdır ki, yalnız onun maraqları deyil, onu digər tərəfdaşlarla bağlayan öhdəlikləri reallıq olaraq mövcuddur.
“Beynəlxalq arenada qərarlar güzəşt, qəbul edilən həll yolları əsasında verilir. Lakin erməni siyasətçilər özlərini mağazada oyuncaq görüb, “Mən də istəyirəm” deyə qışqıran, ayağını yerə döyüb isterikaya girən uşaq kimi aparırlar”, - deyə İvanov əlavə edib.
Ekspert hesab edir ki, KTMT Dağlıq Qarabağda müharibənin yenidən alovlanmasının qarşısını alan əsas təşkilatdır.
“Bir tərəfdən, KTMT keçmiş müttəfiq respublikaların inteqrasiya proseslərinə kömək edir, digər tərəfdən, təcavüzkar siyasətçilərin sakitləşməsinə kömək edən bir qurumdur. KTMT qarşısında işğal planları olmayan, sülhməramlı qurumdur, eyni zamanda, o, həm təşkilatın hüdudlarından kənarda, həm də təşkilat daxilində qaynar başları soyutmağa imkan verən addımlar atır”.
Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov bildirib ki, Yuri Xaçaturovun namizədliyi blokun bir neçə üzvü tərəfindən skeptik baxışlarla qarşılanıb.
Neyjmakovun sözlərinə görə, Ermənistanın hakim dairələrinin çox sərt addımları vəziyyəti yalnız gərginləşdirməyə xidmət edib.
“Nikol Paşinyan çox ehtiyatlı siyasətçidir, o, Yuri Xaçaturovun geri çağırılmasına nail olmaqla bunu anlamalı idi. Lakin Paşinyanın Ermənistandakı rəqibləri artıq KTMT sammitindəki vəziyyəti onun ünvanına intensiv tənqid kimi istifadə edirlər”,- deyə Mixail Neyjmakov qeyd edib.
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?