Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ermənistanın Azərbaycana qarşı növbəti planı - MÖVQE
Azərbaycanın işğal altındakı torpaqlarına Ermənistanın muzdlular yerləşdirməsi faktları var.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Nurlan Həsənov deyib.
Millət vəkili qeyd edib ki, Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətinə qarşı Milli Məclisdəki parlamentlərarası işçi qrupları səviyyəsində işlər görülə bilər.
Deputat Ermənistanın təxribatının Avropa Parlamentində müzakirəyə çıxarılmasını da vacib sayır.
“Biz faktları, dəqiq məlumatları beynəlxalq ictimaiyyətə çatdırırıq və bu proses davam etməlidir. Faktlar ortaya daha açıq şəkildə qoyulmalıdır”, - deyə N.Həsənov təklif səsləndirib.
Parlamentarinin fikrincə, Ermənistan Livandan və Suriyadan gətirilən insanları qanunsuz şəkildə Qarabağda məskunlaşdırmaqla həm də əhalisinin sayını artırmaq istəyir. Bu isə Ermənistanın gələcəyə hesablanmış planıdır.
N.Həsənovun fikrincə, Ermənistan danışıqlarda Qarabağdakı ermənilərin sayının çox olmasını arqument kimi gətirə bilər.
“Bundan başqa, cəbhədə hərbi aktivlik artarsa, Ermənistan köçürülən əhalidən muzdlu əsgər kimi də istifadə edə bilər. Ermənistan Suriyada, Livanda hərbi təlimlər keçmiş erməniləri də Qarabağa yerləşdirə bilər”, - deyə N.Həsənov əlavə edib.
Xatırladaq ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyanat verib.
Bəyanatda bildirilir ki, Ermənistan Livan və Suriya ərazisindən gətirilən şəxsləri qanunsuz şəkildə Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirir.
H.Hacıyev qeyd edib ki, Ermənistan həmin insanları muzdlular kimi hazırlayır.
Aqşin Kərimov