"Euronews" telekanalı Azərbaycanda Zəfər Gününün qeyd olunması, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakı ilə bağlı məqalə dərc edib.
Oxu.Az xəbər verir ki, telekanalın saytında yayımlanan materialda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağda keçirilən mərasimlərdə iştirakına xüsusi diqqət yetirilib.
"Euronews" 44 günlük Vətən müharibəsinin həlledici hadisələrindən biri olan Şuşanın azad edilməsini də xüsusi vurğulayıb.
Məqalədə Azərbaycan-Türkiyə əməkdaşlığına da geniş yer ayrılıb. Bildirilib ki, Bakı ilə Ankara arasındakı münasibətlər siyasi, hərbi, iqtisadi və nəqliyyat sahələrini əhatə edir.
Materialda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərindən də bəhs olunub. Xüsusilə "Böyük Qayıdış" proqramının həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması, yolların, hava limanlarının və digər infrastruktur obyektlərinin tikintisi diqqətə çatdırılıb.
"Rəsmi rəqəmlər göstərir ki, 40 000-dən çox sakin Füzuli, Zəngilan, Laçın və Şuşa da daxil olmaqla, yeni salınmış yaşayış məntəqələrində məskunlaşıb. 2020-ci ildən bəri bu ərazilərdə dövlətin infrastruktur xərcləri 10 milyard avronu keçib. Tikinti layihələri çərçivəsində Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanları, eyni zamanda, 3 000 kilometr magistral yol tikilərək istifadəyə verilib. Bununla yanaşı, yaşıl enerji təşəbbüsləri 2030-cu ilə qədər 2 000 meqavat gücündə bərpaolunan enerji istehsalına nail olmağı hədəfləyir.
Şuşada mütəxəssislər yeddi məscid, altı tarixi su bulağı və yeddi mədəniyyət obyekti daxil olmaqla, 27 tarixi və memarlıq abidəsini bərpa ediblər", - məqalədə qeyd olunub.