“Yaxın zamanlarda BMT-də islahatlar aparılmayacaq”.
Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.
O söyləyib ki, İsrail-HƏMAS qarşıdurmasının kökündə Fələstin problemi dayanır:
“Azərbaycan hər zaman problemin paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin yaradılması ilə, yəni iki dövlət prinsipi əsasında həllini dəstəkləyib. Ancaq sonuncu hərbi böhran HƏMAS-ın qanunsuz əməlləri ilə bağlıdır”.
BMT Təhlükəsizlik Şurasının sözügedən məsələlərlə bağlı olan mövqeyinə gəlincə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri bildirib ki, təşkilatdakı böhran yeni yaranmayıb:
“Problem uzun müddətdir müşahidə edilir. 1990-cı illərdən BMT Təhlükəsizlik Şurasında islahatlar keçirilməsinə cəhd edilib. İlkin müzakirələr başlayanda mən Nyu-Yorkda idim və Təhlükəsizlik Şurasını genişləndirmək, həmçinin, veto hüququnun ortadan qaldırılması kimi məsələlərlə bağlı müzakirələr aparılırdı. Lakin görünür, yaxın zamanlarda BMT-də islahatların keçirildiyini görməyəcəyik”.
F.Şəfiyev vurğulayıb ki, bu gün BMT-ni müəyyən səbəblərdən dolayı tənqid etsək də, bu təşkilat 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etmişdi:
“Düzdür, həmin qətnamələri biz özümüz icra etdik. Ancaq yenə də hüquqi cəhətdən Qarabağın Azərbaycan əraziləri olması barədə təsdiq aldıq. Bu da 44 günlük Vətən müharibəsində və indiki hadisələrdə çox vacib rol oynadı. Ona görə BMT Təhlükəsizlik Şurasının üstündən birdəfəlik xətt çəkməyi düzgün hesab etmirəm”.