Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda üçtərəfli görüş keçiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili iştirak ediblər.
Bildirilib ki, görüş İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda keçirilən 10-cu toplantısı çərçivəsində baş tutub.
"Hürriyet" qəzetinin məlumatına görə, Çırağan Sarayında keçirilən əsas görüşdən əvvəl ikitərəfli müzakirələr aparılıb, ardınca qrup şəkli çəkilib və daha sonra üçtərəfli görüş başlayıb.
Görüşdə Türkiyə, Azərbaycan və Gürcüstan arasında mövcud əməkdaşlığın nəzərdən keçirilməsi və qarşıdakı dövr üçün birgə iş sahələrinin qiymətləndirilməsi müzakirə olunub.
Hakan Fidan Azərbaycan və Ermənistan arasında sülh sazişinin yaxın vaxtlarda imzalanacağına inandığını söyləyib:
"Qarşılıqlı əlaqəmizin gücləndirilməsi geosiyasi prioritet kimi ön plana çıxır. Bu bölgə Asiyanı Avropa ilə birləşdirməkdə mühüm rol oynayır və Orta Dəhlizdə mühüm fiqura çevrilib. Azərbaycanla Ermənistan arasında atəşkəs bölgəmizdə fürsət pəncərəsinin açıldığının göstəricisidir. Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanacaq".