Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşü olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.



15:18
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.
Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji, təhlükəsizlik, ətraf mühit, nəqliyyat və digər sahələrdə səmərəli əməkdaşlığın aparıldığı, əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edilib.
Vurğulanıb ki, dövlət başçının bu səfəri əlaqələrimizin daha da genişlənməsinə töhfəsini verəcək.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç qeyd edib ki, Azərbaycan Prezidentinin bu səfəri və Avropa İttifaqı ilə əlaqələr Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişin hazırlanması, imzalanması və həyata keçirilməsi işində böyük əhəmiyyət daşıyacaq.
Söhbət zamanı Azərbaycanın Avropa İttifaqının strukturlari ilə əməkdaşlığından məmnunluq ifadə olunub, “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı işlərin həyata keçirildiyi bildirilib.
Prezident İlham Əliyev Azərbaycanda enerji infrastrukturunun daha da modernləşdirilməsi, bərpaolunan enerji istehsalı ilə bağlı məlumat verib, bu sahədə Avropa İttifaqı ilə əməkdaşlığın məqsədəuyğunluğunu qeyd edib.
Görüşdə bank sahəsində əməkdaşlıqdan söhbət açılıb, bu əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb, Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin Dünya Bankı ilə yaxşı əməkdaşlıq etdiyi bildirilib, digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



15:05
Bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Belçikalıların Kralı Filipin görüşü olub.
Oxu.Az-ın xəbərinə görə,görüşdə Azərbaycan ilə Belçika arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Dövlət başçısının bu səfərinin həm Azərbaycan-Belçika ikitərəfli münasibətlərinin genişlənməsi, həm də Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminlik bildirilib. Prezident İlham Əliyev Belçika şirkətlərini Azərbaycanın iqtisadiyyatının inkişafında iştiraka dəvət edib.
Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu vurğulanıb, regional, iqtisadi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


11:42
Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Mogerini ilə görüşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

11:36
Belçikada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün Avropa İttifaqı (Aİ) rəhbərliyi ilə görüşlər keçirəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə APA Aİ-nin mətbuat xidmətinə istinadən məlumat verir.
Məlumata əsasən, günorta saatlarında Azərbaycan prezidentinin Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüşü planlaşdırılır. Sonra dövlət başçısı Aİ Şurasının prezidenti Donald Tuskla görüşəcək. Bu görüşün sonunda tərəflər mətbuata açıqlama ilə çıxış edəcəklər.
Daha sonra Azərbaycan prezidenti Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerlə bir araya gələcək.
N.O.