Bu gün Azərbaycan prezidenti İlham Əliyev Lənkəran rayonuna səfərə gəlib.
Oxu.Az-ın məlumatına görə, dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevə abidənin ətrafında, eləcə də rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.
17:34
Azərbaycan prezidenti İlham Əliyev bu gün Cəlilabad Telekommunikasiya Qovşağının əsaslı şəkildə yenidən qurulan inzibati və texnoloji binasında yaradılan şəraitlə tanış olub.
Oxu.Az-ın məlumatına görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Cəlilabad Telekommunikasiya Qovşağının inzibati və texnoloji binasında görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Sahəsi 1700 kvadratmetrdən çox olan dördmərtəbəli bina əsaslı təmir-tikinti işləri aparılaraq yenidən qurulub. Qovşağın ətrafında geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.
Qovşağın birinci mərtəbəsində "Şəbəkə" xidmət mərkəzi yaradılıb. Nazirliyin qurumları tərəfindən vətəndaşlara göstərilən bütün poçt və telekommunikasiya xidmətləri artıq bir məkanda təqdim ediləcək. "Şəbəkə" xidmət mərkəzində poçt xidmətləri, bütün növ ödənişlər, telefon çəkilişləri, internetə qoşulma, IMEI qeydiyyat, “Elektron hökumət”, "Elektron imza", valyuta mübadiləsi, poçtap xidməti, aviabiletlərin və turpaketlərin satışı və digər bir çox xidmətlər təqdim olunacaq. Sahəsi 450 kvadratmetr olan mərkəz əsaslı təmir edilib. Ən son texnoloji tələblərə uyğun avadanlıqla təchiz olunan mərkəzdə müasir çeşidləmə otağı yaradılıb.
Dövlətimizin başçısına mərkəzdəki elektron hökumət ödəmə sistemi barədə də məlumat verilib. Qeyd olunub ki, bu sistem vasitəsilə hazırda kommunal xərclər və digər ödənişlər mümkündür. Mərkəzdəki "Elektron imza" və "Elektron hökumət" portalı ilə bağlı həyata keçirilən yeniliklər barədə də ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, vətəndaşlar mərkəzdən aviabiletlər əldə edə bilərlər. Burada müvafiq təlimlər keçmiş işçilər həftənin 7 günü saat 9:00-dan 20:00-dək vətəndaşlara xidmət göstərəcəklər. Mərkəzdə könüllülər də fəaliyyət göstərirlər. Gələcəkdə onların bu müəssisədə çalışmaları nəzərdə tutulub.
Qovşağın binasının inzibati hissəsinin foyesində ulu öndər Heydər Əliyevin siyasəti fəaliyyəti, həmçinin dövlətimizin başçısının İKT sahəsinə göstərdiyi diqqət və qayğını əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Qovşaqda fəaliyyət göstərəcək Elektron Hökumət Təlim-Tədris Mərkəzi də yenidən qurulub və müasir avadanlıqla təchiz edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzi əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması və elektron idarəçilik üzrə bacarıqların inkişaf etdirilməsi məqsədilə yaradılıb. Ölkə üzrə 15 regionda 17 mərkəz fəaliyyət göstərir. Onlayn təhsil portalı vasitəsilə bütün regional mərkəzlər üçün real vaxt rejimində distant təlimlər keçirilir.
Prezident İlham Əliyevə respublika üzrə telekommunikasiya qovşaqlarında quraşdırılacaq yeni nəsil avadanlıqlar barədə də məlumat verilib.
Bildirilib ki, telekommunikasiya qovşaqlarının bu avadanlıqlarla təchiz edilməsi nəticəsində xidməti ən müasir səviyyəyə çatdırmaq mümkün olacaq. Azərbaycan Prezidentinin tapşırığına əsasən, regionlarda mövcud telekommunikasiya infrastrukturunun yenilənməsi və inkişafı istiqamətində layihələrə start verilib. Prezident İlham Əliyev tərəfindən təsdiq olunan dövlət proqramına uyğun olaraq, ölkə əhalisinin genişzolaqlı internetə çıxışının daha da yaxşılaşdırılması üçün aparılan işlər bütün regionları əhatə edəcək.
Sonda xatirə şəkli çəkdirilib.
15:31
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Cəlilabada səfəri çərçivəsində şəhərin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.
Oxu.Az xəbər verir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə “Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya infrastrukturunun yaradılması” layihəsi barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, bu layihə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişi əsasında Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində Cəlilabad şəhərinin 2030-cu il üçün proqnozlaşdırılan 77 min nəfər əhalisini ekoloji təmiz içməli su ilə təmin etmək məqsədilə 11035 evin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması nəzərdə tutulub. Layihə çərçivəsində tikinti işlərinə 2012-ci ildə başlanıb və 2018-ci ilin birinci rübünə tam başa çatdırılması planlaşdırılır. Masallı rayonu ərazisində inşa olunmuş su anbarından suyun Cəlilabad şəhərində hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarına öz axını ilə verilməsi üçün ümumi uzunluğu 30048 metr olan magistral boru xətti çəkilib, ümumi uzunluğu 230225 metr olan müxtəlif diametrli borulardan içməli su şəbəkəsi yaradılıb, evlər su sayğacları ilə təmin edilib.
Qeyd olunub ki, çirkab sularının nəqli üçün diametri 1000 millimetr və uzunluğu 6905 metr olan kanalizasiya kollektor xətti, uzunluğu 1734 metr olan müxtəlif diametrli təzyiqli çirkab su xətti və 186383 metr uzunluğunda çirkab su şəbəkəsi çəkilib. Kanalizasiya şəbəkəsi üzərində 4371 baxış quyusu inşa edilib, evlər bu şəbəkəyə qoşulub. Layihə üzrə 5 kanalizasiya nasos stansiyasının ikisində işlər tam yekunlaşdırılıb, üçündə isə inşaat işləri başa çatdırılaraq mexaniki və elektromexaniki işlər davam etdirilir. Hazırda gündəlik gücü 11356 kubmetr olan çirkab su təmizləyici qurğuda inşaat işləri davam etdirilir.
Cəlilabad şəhərinin su təchizatı və kanalizasiya sistemləri 1960-cı illərdə yaradılıb. Yeni layihənin icrasınadək şəhərə içməli su subartezian quyularından verilirdi. Su şəbəkəsi şəhər əhalisinin yalnız 6,1 faizinə xidmət edirdi. İçməli su gün ərzində 2-4 saatlıq qrafik əsasında verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Cəlilabad şəhərinin kanalizasiya sistemi də müasir tələblərə cavab vermirdi.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon sakini, Əməkdar Müəllim Qərənfil Əhmədova Cəlilabadın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Cəlilabad şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
Sonda xatirə şəkli çəkdirilib.
14:23
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfərə gəlib.
Oxu.Az-ın məlumatına görə, ölkə başçısı Cəlilabad şəhərindəki Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini dərin ehtiramla yad edib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda və ümumilikdə, rayonda görülən abadlıq-quruculuq işləri barədə prezidentə məlumat verib.
Bildirilib ki, Heydər Əliyev parkı rayon sakinlərinin istirahət üçün üz tutduqları ən çox sevilən məkanlardan biridir. Burada fəvvarələr quraşdırılıb, müasir işıq dirəkləri və oturacaqlar qoyulub, yaşıllıq zolağı salınıb. Parkda sakinlərin istirahətlərinin səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb.



S.B.
www.oxu.az