İyunun 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.
İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.
Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs “Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə və qonaqlara dərin minnətdarlığını bildirib.
Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil edilmiş iftar mərasimində çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, bu yaxınlarda xalqımızın, dövlətimizin tarixində çox əlamətdar hadisə baş verib:
"İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı olub. Bu iki ay ərzində tikilmiş 50 ev, məktəb, yol və bütün infrastruktur həm bizim gücümüzü, həm də siyasətimizi göstərir. Onu göstərir ki, biz işğaldan azad ediləcək bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik. O ərazilərə də həyat qayıdacaq, o ərazilərdə də Azərbaycan bayrağı qaldırılacaq. Necə ki, bu gün Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğaldan azad edilmiş torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, quruculuq işləri aparılır".
Prezident İlham Əliyev bildirib ki, Cocuq Mərcanlı erməni faşizminin canlı şahididir: "Bu kənd cəmi 3-4 ay ərzində işğal altında olmuşdur. O kənddə bir dənə də salamat bina qalmamışdır. Erməni vəhşiləri bütün binaları dağıdıblar. Ancaq biz bu kəndi iki ay ərzində bərpa etdik və əlavə yüz evin tikintisi də yaxın zamanlarda öz həllini tapacaq. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu da böyük tarixi məna daşıyır. Cocuq Mərcanlı və digər torpaqlar bizim əzəli torpaqlarımızdır. Biz bu torpaqlarda yeni həyat yaradırıq.
Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz. Biz Bakıda erməni kilsəsini bərpa etdik və onu qoruyuruq. Ermənilər isə işğal edilmiş torpaqlarda bizim məscidlərimizi dağıdıblar. Bənzəri Cocuq Mərcanlıda tikilən həmin o Gövhərağa məscidi dağılmış vəziyyətdədir. O binanı dağıtmaq olar, amma düşmən bilməlidir ki, dağılmış məscidlər bizim qəlbimizdə yaşayır. Biz bu məscidləri qəlbimizdə ucaltmışıq və torpaqlar işğaldan azad olunandan dərhal sonra iki ay ərzində gözəl məscid tikilib istifadəyə verilib. Bunun çox böyük tarixi mənası var. Mən əminəm ki, biz işğal edilmiş bütün torpaqlara qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda da belə gözəl iftar süfrələri açılacaq, İnşallah".
Sonra iftar süfrəsi açılıb.
S.B.
www.oxu.az