Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İlham Əliyev İsmayıllı rayonunda səfərdədir
Azərbaycan prezidenti İlham Əliyev avqustun 14-də İsmayıllı rayonuna səfər edib.
Oxu.Az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə İsmayıllı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov Prezident İlham Əliyevə Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Bu istirahət mərkəzində qısa müddətdə böyük abadlıq-quruculuq işləri görülüb, fəvvarələr quraşdırılıb, yaşıllıq salınıb.
Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirib.
Sonra dövlət başçısı İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib.
Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, əlamətdar hadisə münasibətilə onları təbrik edib.
İctimaiyyətin adından çıxış edən Talıstan kənd tam orta məktəbinin direktoru Aydın Əzizov İsmayıllının inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edib.
Sonra “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, İsmayıllı rayonunda sifarişçisi “Meliorasiya və Su Təsərrüfatı” ASC olan su təchizatı və kanalizasiya şəbəkəsi, çirkab sutəmizləyici qurğunun tikinti və yenidənqurma işləri bu sahədə böyük təcrübəsi olan şirkətlər tərəfindən həyata keçirilib.
İsmayıllı şəhərinin əhalisinin sayının 2030-cu ilədək 28 min nəfərdən çox olacağı nəzərə alınaraq, rayon mərkəzini içməli su ilə təmin etmək məqsədi ilə layihədə su mənbəyi kimi rayonun Qız qalası ərazisində yerləşən Ax-ox çayın məcraaltı suları nəzərdə tutulub. Həmin ərazidə sugötürücü qurğunun, həmçinin diametri 355 millimetr, uzunluğu 11 kilometr olan magistral su xəttinin tikintisi başa çatdırılıb. Magistral su xətti üzərində su anbarı, xlorlama binası və təzyiqazaldıcı anbar tikilib. Layihə çərçivəsində İsmayıllı şəhərində əhalinin gün ərzində adambaşına 180 litr fasiləsiz içməli su ilə təmin olunması nəzərdə tutulub.
Əlavə olaraq İsmayıllı şəhərinə yaxın ərazidə yerləşən və ümumilikdə 10 min 252 nəfər əhalisi olan Mican, İsmayıllı və Talıstan kəndlərinin aşağı hissəsinə də içməli su xətti çəkilib, tikinti və quraşdırma işləri yüksək keyfiyyətlə yerinə yetirilib.
Nəticədə İsmayıllı şəhəri, Mican, İsmayıllı və Talıstan kəndlərinin böyük bir hissəsi daxil olmaqla hər bir ev, o cümlədən ictimai və sosial obyektlər içməli su ilə təmin olunub və kanalizasiya şəbəkəsinə qoşulub. Bundan başqa, magistral xətt üzərində yerləşən Xanagah kəndinə də içməli su xətti çəkilib. Bundan başqa dörd su anbarı inşa edilib. Həmçinin 33 min nəfər əhaliyə xidmət edə biləcək çirkab sutəmizləyici qurğunun daha müasir qurğu ilə əvəz olunması üçün layihədə müvafiq dəyişikliklər edilib. Qurğunun tikinti işləri davam etdirilir.
Daha sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət edib.
Prezident İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
Sonda xatirə şəkli çəkdirilib.
Daha sonra dövlət başçısı İsmayıllı rayonuna səfəri çərçivəsində tikiş fabrikinin açılışında iştirak edib.
Ölkədə sahibkarlığın, qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğı sayəsində yeni istehsal müəssisələri yaradılır və iş yerləri açılır. Bu, paytaxt Bakı ilə yanaşı, regionlarda da özünü aydın büruzə verir.
Son dövrlərdə İsmayıllıda iş adamlarına yaradılan şərait, onlara göstərilən diqqət nəticəsində yeni inşa olunan müəssisələrdən biri də İsmayıllı tikiş fabrikidir. Burada ən yüksək səviyyədə məhsul istehsal etməyə imkan verən avadanlıq quraşdırılıb. Bu tədbirlər, ilk növbədə, əhalinin məşğulluğunun artırılması istiqamətində atılan mühüm addımlar sırasında böyük əhəmiyyətə malikdir. Bölgələrdə yeni istehsal sahələrinin yaradılması həm də ümumilikdə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verir.
Beləliklə, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafını qarşıya əsas hədəflərdən biri kimi qoyması bu sahədə mühüm nailiyyətlərin əldə edilməsi ilə nəticələnib. Təqdirəlayiq haldır ki, bu məsələdə paytaxt Bakı ilə yanaşı, bölgələrin da çəkisi ilbəil artır.
Fabrikin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövləti fəaliyyətlərini, iqtisadiyyatın inkişafı istiqamətində gördükləri işləri və müxtəlif dövrlərdə İsmayıllıya səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılıb. Buradakı sərgi salonunda müəssisənin məhsulları nümayiş etdirilir, inzibati otaqlarda yüksək şərait yaradılıb. Fabrikin işçiləri tədris otağının və yeməkxananın da xidmətlərindən istifadə edəcəklər.
Dövlətimizin başçısına məlumat verilib ki, müəssisədə Yaponiya, Çin, Rusiya, Almaniya və Türkiyə istehsalı olan ən müasir avadanlıq quraşdırılıb. İkinövbəli iş rejimində 104 nəfərin işləyəcəyi müəssisənin yaradılması İsmayıllıda məşğulluğun artırılmasına da mühüm töhfədir. Fabrikin həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolağı salınıb.
Dövlətimizin başçısı fabrikin kollektivi ilə söhbət edib.
Sonda xatirə şəkli çəkdirilib.
"Almaniya" teqi üzrə xəbərlər
- ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürməyi planlaşdırır
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər
- Almaniya Azərbaycan və Ermənistan arasındakı razılaşmaları alqışlayır
- Üç Avropa ölkəsinin səfiri İran XİN-ə çağırıldı
- Almaniya kəşfiyyatı koronavirus pandemiyasının baş vermə səbəbini açıqladı