Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İlham Əliyev rusiyalı naziri qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev fevralın 9-da Rusiyanın iqtisadi İnkişaf naziri, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Dövlət başçısı Maksim Oreşkinlə bu yaxınlarda Davosda keçirilən görüşü xatırladıb və onun ölkəmizə bu səfərinin əlaqələrimizin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev səfər zamanı ölkələrimiz arasında ticarət dövriyyəsi, nəqliyyat, birgə müəssisələrin yaradılması və digər sahələrdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı iki ölkənin prezidentləri arasında əldə edilmiş razılaşmaların və eləcə də ötən ilin sentyabrında Rusiyaya rəsmi səfəri zamanı imzalanmış sənədlərin icrası ilə bağlı artıq konkret işlərin həyata keçirildiyini bildirib, bunun əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricisi olduğunu deyib.
Prezident İlham Əliyev bu il Samur çayı üzərində körpünün istifadəyə veriləcəyini qeyd edərək bunun hər iki ölkə vətəndaşlarının gediş-gəlişi üçün yaxşı imkanlar yaradacağına və əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyini bildirib. Dövlət başçısı bu gün Hacıqabulda “QAZ” avtomobillərinin istehsalı zavodunun təməlinin qoyulacağının əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev Maksim Oreşkinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı iqtisadi sahədə əməkdaşlıqla bağlı yol xəritəsi çərçivəsində əlaqələrin perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılacağına əmin olduğunu vurğulayıb.
Azərbaycana səfərindən məmnunluğunu bildirən Rusiya Federasiyasının iqtisadi İnkişaf naziri, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədri Maksim Oreşkin ölkəmizə hər gəlişi zamanı Azərbaycanın ayrı-ayrı bölgə və şəhərləri, çoxlu sayda gözəl rəngarəng yerləri ilə tanış olduqlarını bildirib.
Maksim Oreşkin Azərbaycan Prezidentinin ötən il Rusiyaya rəsmi səfəri zamanı təsdiq olunmuş yol xəritəsi üzrə Azərbaycanla fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edərək ticarət dövriyyəsi, investisiya və birgə layihələrin reallaşdırılması ilə bağlı müsbət dinamikanın mövcud olduğunu vurğulayıb. Rusiyalı nazir Azərbaycan-Rusiya sərhədinə səfər etdiklərini və Samur çayı üzərində körpünün inşası ilə bağlı işlərin gedişi ilə tanış olduqlarını qeyd edib.
O, Azərbaycanla Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Qonaq bildirib ki, hazırda sərhəd boyu 3 buraxılış məntəqəsinin təkmilləşdirilməsi ilə bağlı gedən işlər Azərbaycanla Rusiyanın qarşılıqlı nəqliyyat bağlantısının inkişafına kompleks yanaşmanın tətbiq olunduğunu göstərir.
Söhbət zamanı infrastruktur, investisiya, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, birgə hökumətlərarası komissiyanın səmərəli fəaliyyət göstərdiyi qeyd olunub.
10:36
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 9-da Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edib.
Bu barədə AZƏRTAC məlumat yayıb.