İsraildə məhkəmə islahatları niyə cəmiyyətdə kəskin reaksiyaya səbəb oldu? Son həftələrdə baş verən hadisələri bəzi ekspertlər hətta “İsrail Maydanı” da adlandırmağa başladılar. İsrailin o qədər də sevilmədiyi qonşu Ermənistanda isə ümumiyyətlə, bəzi fəalların yazdığı kimi, həvəslə “vətəndaş müharibəsi”nin olacağını gözləməyə başladılar. Və bu hadisələr Yaxın Şərqdəki gərginlik və artan İran təhlükəsi fonunda baş verir. Bütün bu məsələlər barədə fikirlərini Oxu.Az-la israilli politoloq, kulturoloq, siyasi və ictimai xadim David Eydelman bölüşüb.
- Bu məhkəmə islahatında insanların xoşuna gəlməyən nədir? Axı yüzminlərlə insanın küçələrə çıxması və 12 həftə ərzində etiraz aksiyası keçirməsi səbəbsiz deyil. Hətta bu zaman ümumi tətil də elan edildi.
- Bunu izah etmək o qədər də asan deyil. İlk ondan başlayaq ki, İsrail çox gənc ölkədir. Və çox vacib məqam odur ki, İsraildə din hələ də dövlətdən ayrılmayıb. Bu isə qanunvericiliyə öz təsirini göstərir. Ölkəmizdə konstitusiya yoxdur, baxmayaraq ki, bu, hələ 1948-ci ildə qəbul edilməli idi. İsrail bir çox cəhətdən Qərbdə tez-tez tənqidlərə məruz qalan Azərbaycandan daha az demokratik dövlətdir. Ölkəmizdə nəinki konstitusiya, hətta qanun məcəllələri də yoxdur. Nəticədə qanunların şərhçisi rolunu məhkəmə oynayır.
Bizdə dövlət yarandığı zaman bir neçə hüquq sistemi mövcud idi. Birincisi Osmanlı İmperiyasının qanunlarına əsaslanan türk hüquq sistemidir. İkincisi ingilis hüquq sistemidir. Üçüncüsü yəhudi dini-hüquqi sistemidir. Dördüncüsü İsrail Dövlətinin hüquq sistemidir. Nəticədə isə bir qarışıqlıq ortaya çıxır. Lakin arbitr olaraq Ali Məhkəmənin rəhbərlik etdiyi İsrailin sərt məhkəmə sistemi çıxış edir. Ali Məhkəmə isə Ali Ədalət Məhkəməsi kimi fəaliyyət göstərir və qanunları şərh etmə haqqına malikdir.
1990-cı illərdə Aaron Barak (o, hüquqşünaslığın dahisi hesab olunur) Ali Məhkəmənin rəhbərliyinə gəldiyi zaman məhkəmə aktivizminə (məhkəmə qərarlarının qəbulu fəlsəfəsi. Bu fəlsəfəyə görə, məhkəmələr öz qərarlarının sosial nəticələrini daha geniş şəkildə nəzərdən keçirmək üçün tətbiq olunan qanundan kənara çıxa bilərlər – red.) dair qərar verdi. Yəni bütün qərarlar məhkəməyə tabedir. Bu o demək idi ki, Ali Məhkəmə bəzi hallarda parlamentin - Knessetin qəbul etdiyi qanunları ləğv edə bilərdi.
İsraildə bir adi qanunlar var, bir də əsas qanunlar var ki, əgər nə vaxtsa konstitusiya qəbul olunarsa, onun əsasını təşkil etməlidir.
Konstitusiyanın hələ də qəbul edilməməsinin səbəblərindən biri də dinin dövlətdən ayrılmamasıdır.
- Bəs bu amil hansı formada maneçilik yaradır, izah edə bilərsinizmi?
- Bir misal çəkim. Aydındır ki, konstitusiyada gender bərabərliyini nəzərdə tutan bir bənd olmalıdır. Və bu halda din avtomatik olaraq dövlətdən ayrılmalıdır, çünki bizdə ravvin dövlət vəzifəsidir. İslam ölkələrində şəriət məhkəməsinin hakimi kimi. Amma yalnız kişilər bu vəzifələri tutmaq haqqına sahibdirlər, qadınların isə bu halda hüquqları əllərindən alınmış olur. Belə məqamlar olduqca çoxdur.
Mövzunu davam etdirək: beləliklə, əgər hansısa qərar əsas qanunlara ziddirsə, o zaman həmin qərar ləğv edilə bilər. Bundan əlavə, vətəndaşların özlərinə birbaşa aidiyyəti olmayan məsələlərlə bağlı Ali Ədalət Məhkəməsinə müraciət etmək imkanları yarandı. Burada Ali Ədalət Məhkəməsinin rolu güclənmiş oldu. Bu sistem bu və ya digər şəkildə mövcud idi.
İndi nə baş verdi? Bu, zamanı geri qaytarmaq cəhdidir. Unutmaq olmaz ki, Netanyahunun özünə və onun koalisiyasının nümayəndələrinə qarşı müxtəlif vaxtlarda cinayət işi açılıb. Nəticədə məhkəmə sisteminə qarşı müharibə elan olundu, nəticəsi isə göz qabağındadır. Bu islahatın məqsədi məhkəmə sistemini zəiflətməkdir. Yeri gəlmişkən, layihəyə əsasən, Knesset məhkəmənin qərarını sadə səs çoxluğu ilə ləğv edə bilər.
Davam edək. Hökumətin irəli sürdüyü qanunlardan biri də hərbçilərin məhkəməyə cəlb olunmamasıdır. Yəni hərbi geyimdə olan şəxsin törətdiyi istənilən cinayətə İsrail məhkəməsində baxılmayacaq. Bu, beynəlxalq hüquqa ziddir. Amma bu qanun layihəsini heç vaxt orduda xidmət etməyən adamlar irəli sürürlər. Məmurlarımızdan biri bəyan etdi ki, yəhudilərin atəşə tutulduqları ərəb kəndi Xavaranı yer üzündən silmək istəyir. Və nəticədə əldə etdiyimiz nə oldu? Böyük diplomatik qalmaqal. Səudiyyə Ərəbistanı İsraillə deyil, İranla münasibətləri nizama salır.
Hərbçilərin məhkəməyə cəlb edilməməsi məsələsinə qayıdaq. Belə bir qanun qəbul edilən kimi İsrail hərbçiləri dərhal Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə “dəvət” alacaqlar. Əgər ölkədə güclü məhkəmə sistemi varsa, o zaman hərbçi cinayət törədəcəyi təqdirdə öz ölkəsində yerli məhkəmə qarşısına çıxarılacaq. Əgər belə bir imkan yoxdursa, dərhal beynəlxalq məhkəmə və digər ölkələrin məhkəmələrində bu işə baxılacaq. İsrail pilotları artıq bildiriblər ki, başqa dövlətlərə uça bilməyəcəklər, çünki istənilən israilli pilot ehtiyatda olan hərbçi hesab olunur, müntəzəm hərbi təlimlərdə və döyüş tapşırıqlarında iştirak edir. Beləliklə də faktiki olaraq istənilən İsrail mülki aviasiya pilotu ölkə xaricində ittiham edilə və həbs oluna bilər.
İsrailin müntəzəm olaraq təlimlərdə iştirak edən (onlar çağırışçı deyillər) və ehtiyac olacağı təqdirdə İranı bombalayacaq olan 37 strateji aviasiya pilotundan 35-i bildirib ki, hüquqi islahatlar aparılarsa, bir daha hərbi təlimlərə qatılmayacaqlar.
- Qayıdaq etirazlara. Onların miqyası heyrətləndirici idi. Hətta bəzi nəşrlərdə bunun bir növ İsrail “Maydanı” olduğu da vurğulandı.
- Bizdə hər şey yüksələn xətlə baş verdi. Hakim koalisiya genişmiqyaslı etiraz aksiyasının olacağına inanmırdı. Lakin müdafiə naziri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra daha çox insan küçələrə axışdı. Ölkənin ən yaxşı hüquqşünaslarından olan İsrail Prezidenti İsxak Hersoq islahatın əleyhinə çıxış edir (lakin bizdə parlament respublikası olduğu üçün o, “hökmranlıq edir, amma idarə etmir”), Ali Məhkəmə bunun əleyhinədir, cəmiyyətin bir hissəsi buna qarşıdır. Bizdə “Maydan”a bənzərlik varmı, ya yox? Bizdə insanlar atəş açmır, amma meydanda gecələyirlər, bizdə zorakılıq yoxdur. Ölkəmiz balacadır, səhər yığışırlar və axşama kimi etiraz edirlər.
Digər tərəfdən, Kiyevdəki “Maydan” aviasiyanın qarşısını ala bilmədi. İsraildə isə həmkarlar ittifaqları sayəsində buna nail olundu. İsrail Həmkarlar İttifaqı məktəblərin işləməsinə, avtobusların xəttə çıxıb-çıxmamasına və s. dair qərar verə bilər.
- İsrail sizin ölkədə baş verənlərlə bağlı başqa ölkələrin reaksiyasına fikir verirmi? Məsələn, İsraildə daxili siyasi böhranın olması Ermənistanda hamını sevindirir. Bu yaxınlarda isə Türkiyədə dəhşətli zəlzələ oldu... Düşünürlər ki, Azərbaycanın müttəfiqləri zəifləyir...
- Ermənistana gəlincə, hesab edirəm ki, israillilərin əksəriyyəti Ermənistanı hətta xəritədə belə tapa bilməz. Bu “böyük” ölkəyə və onun “qüdrətli” iqtisadiyyatına olan bütün hörmətimə baxmayaraq, deyim ki, onlar kimdirlər axı?!
Biz İran proksilərinin reaksiyasına baxırıq. Bu yaxınlarda işdən azad olunan müdafiə naziri Yoav Qalant bu barədə fikrini bildirmişdi. Onun sözlərinə görə, bizim daxili çəkişmələrimiz düşmənlərimizi gücləndirir. “Hizbullah” və digər terror təşkilatları çox sevinirlər. Ermənilər onların yolu ilə getsələr və bir israilli hətta avtomobil qəzasında belə ölsə (ərəb terrorçuları belə edirlər), o zaman növbəti mərhələdə onlar buna görə nəsiblərini alacaqlar. Ermənistan normal dövlətə çevrilmək istəyir, ya yox – bu, ermənilərin öz işidir. Mən istəməzdim ki, onlar bu yolla getsinlər. Elə etsinlər ki, həqiqətən də, böyük ölkəyə və güclü iqtisadiyyata malik olsunlar, başqalarının problemlərinə sevinməsinlər, çünki bu, onların problemlərinin həlli deyil.
- Və son sual. Mən belə bir versiyaya rast gəldim ki, İsraildə indiki etirazlar Benyamin Netanyahunun istefasına gətirib çıxaracaq və ondan sonra İrana qarşı hərbi kampaniya başlayacaq.
- İsraildə İranla bağlı ümumi konsensus var. Məsələn, Naftali Bennett, Yair Lapid və Benyamin Netanyahunun yanaşmalarında heç bir fərq yoxdur. Əgər İran nüvə silahı yaratmağa yaxın olarsa, onu bombalamaq lazımdır. Başqa məqam odur ki, öz iğtişaşlarımız səbəbindən bombalaya bilməyək. Baxmayaraq ki, İranın nüvə silahının yaradılmasının hansı mərhələdə olduğunu bilmirik. Mən 27 il əvvəl, 1996-cı ilin mayında İsrailə gəlmişəm. Və ilk gündən eşitdim ki, yaxın günlərdə İranda nüvə bombası olacaq və bununla bağlı nəsə etmək lazımdır. Hər bir halda İsrailin İranda “hədəf bankları” var.
Nair Əliyev