Fransa prezidentinin Ermənistana səfəri yüksək stavkaların qoyulduğu parlaq bir şahmat gedişi olacaqdı, lakin qələbə Pirr qələbəsi oldu.
Oxu.Az xəbər verir ki, bu barədə Bolqarıstanın "Standart" nəşrinin məqaləsində qeyd olunur.
Məqaləni təqdim edirik:
Makron İrəvanda nüfuz qazanmasını qeyd etdiyi bir zamanda Ankara və Vaşinqton bir-birinə Qafqazın açarlarının kimdə olduğunu xatırlatdılar.
Makron Ermənistana səfər etmişdi ki, onu Rusiyanın təsir dairəsindəki bir əyalətdən necə Avropa demokratiyasına çevirəcəyini dünyaya nümayiş etdirsin. Faktiki olaraq, o, Qərbin illərdir səy göstərdiyinə nail oldu - Ermənistana Moskvaya real alternativ təklif etdi.
İtirilmiş nüfuz axtarışında
Makron və baş nazir Paşinyan iqtisadiyyat, mədəniyyət və müdafiə sahələrində əlaqələrin gücləndirilməsi üzrə tarixi razılaşma imzaladılar. Fransa radarları yerləşdirməklə və erməni hərbi qulluqçularına təlim keçməklə Ermənistanın təhlükəsizliyinə dəstəyini bir daha təsdiqlədi.
Fransa prezidenti bəyan etdi ki, Rusiya Qarabağ müharibəsi zamanı Ermənistanı tərk edib və artıq etibarlı tərəfdaş hesab edilmir. O bildirib ki, İrəvan artıq "Rusiyanın peyki" deyil və onun təbii yolu Avropa İttifaqına inteqrasiyadır.
Makron rəsmi şam yeməyində Fransa şansonlarından birini (Şarl Aznavurun klassik əsəri) ifa edərək, elitanın ayaq üstə alqışlarını qazandı, baş nazir Paşinyan isə onu zərb alətlərində müşayiət etdi.

Səhər qaçışı zamanı keçdiyi ərazilərdə o, ermənilərə öz incə bədən quruluşunu göstərdi. İrəvanın mərkəzində qaçış edərkən bəziləri ona gül hədiyyə etdilər, digərləri isə Azərbaycandakı məhbusların azad edilməsi ümidi ilə məktublar verdilər.
Hər şey Makronun Ermənistanın Avropaya gedən yolunun Marqarada Ermənistanla Türkiyə arasındakı tarixi sərhədi şəxsən özünün açmasından keçdiyini bəyan edənə qədər yolunda gedirdi.

Elə həmin andan etibarən onun İrəvanda Rusiyaya qarşı irəliləməsi Türkiyə və ABŞ ilə münasibətlərdə geosiyasi uğursuzluğa çevrildi.
Türkiyə ilə Ermənistan arasındakı quru sərhədi 311 kilometr uzunluğundadır, eyni zamanda, ən böyük keçid-buraxılış məntəqəsi İrəvandan cəmi 40 kilometr məsafədə yerləşən Marqara-Əlicandır. Sərhəd güclü şəkildə hərbiləşdirilib və Ermənistan tərəfindən onu əvvəlki kimi Rusiya sərhəd qoşunları qoruyur.
33 il əvvəl Türkiyə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanla həmrəylik əlaməti olaraq onu birtərəfli şəkildə bağlamışdı. Yalnız bir dəfə - Türkiyədəki dağıdıcı zəlzələdən sonra humanitar yardım daşıyan erməni yük maşınlarının keçməsinə icazə vermək üçün açılmışdı.
Ankaranın rəsmi mövqeyinə görə, nəzarət-buraxılış məntəqəsi İrəvan və Bakı arasında yekun sülh sazişinin imzalanmasından dərhal sonra işinə başlayacaq. İlkin razılaşma ötən payız Vaşinqtonda imzalansa da, yekun sənəd Ermənistan konstitusiyasına dəyişikliklərin edilməsini tələb edir. Paşinyan söz verib ki, bu, iyunun əvvəlinə planlaşdırılan parlament seçkisindən sonra baş verəcək.
Erməniləri Rusiya "boyunduruğu"ndan azad etməyə çalışmaqla Makron İrəvan sakinlərinin qəlbinə yol açdı. Lakin onların Türkiyə ilə sərhədlərini aça bilmədikdə o, iki qapını birdən - Ankara və Bakıya - bağladı.
Alçalmanın acı dadı
Ərdoğan qətiyyətini dəyişmədi və Fransa prezidentinə səfərinin kulminasiya nöqtəsi olacaq simvolik jesti etməsinə icazə vermədi.
Açılmış sərhədin tarixi fotosu əvəzinə, dünya daha böyük ictimai qalmaqaldan yayınmaq üçün prezident kortejinin Marqara nəzarət-keçid məntəqəsindən necə sürətlə ayrıldığını gördü. Onun təyyarəsi İrəvandan Ankaraya deyil, rəsmi görüşlərin bitməsindən dərhal sonra birbaşa Parisə uçdu.

Diplomatik səhv dərhal Parisdə əks-səda doğurdu və KİV amansız davrandı.
"Fransa diplomatiyası Makron dövründə öz aktuallığını itirdi", - deyə "Le Journal du Dimanche" qəzeti yazdı.
KİV-in fikrincə, onun Ankaranın razılığı olmadan sərhədi keçmək cəhdi diplomatik təkəbbür kimi şərh edilir və onun piar effekti üçün cəhd edən, lakin buna nail olmaq üçün mexanizmləri olmayan lider obrazını gücləndirir.
Makronun riskli təşəbbüsü onun niyyətləri ilə deyil, digər mühüm regional amillərin dəstəyi olmadan xarici oyuna daxil olan Fransanın həddindən artıq ambisiyaları ilə diktə olunurdu.
Rusiyanı sıxışdırmaq və Aİ-ni İrəvanın işlərinə cəlb etmək istəyən ideoloji lider kimi onun hərəkətlərinin arxasında regiondakı digər genişmiqyaslı maraqlar - daha çox "Tramp dəhlizi" kimi tanınan Zəngəzur dəhlizində Avropanın iştirakına nail olmaq cəhdi aydın görünürdü.
Tezliklə şiddətli müqavimət gəldi.
Azərbaycan Fransanı qərəzlilikdə və "gərginliyi artırmaqda" günahlandırdı. Rusiya bunu NATO-nun (Fransa vasitəsilə) onun cənub sərhədində möhkəmlənmək cəhdi kimi qiymətləndirdi.
İran narahat olmağa başladı, çünki öz sərhədində "Avropanın mövcudluğunu" istəmir.
Və bu vəziyyətdə Ankara het-trik etməyə nail oldu.
Uğursuz təxribat

Ərdoğan Makronun üzünə qapını çırpdığı zaman faktiki olaraq nümayiş etdirdi ki, Fransa silah və dəstək vəd edə bilər, lakin Ermənistanın ən böyük problemini - coğrafi təcridini həll edə bilməz.
Türkiyə, həmçinin göstərdi ki, Ermənistanın dünyaya fiziki olaraq açılmasının açarı Parisdə deyil, Ankaradadır. Aydın şəkildə göstərdi ki, Avropa İttifaqı (Aİ) Qafqaz məsələsində Türkiyə üzərində heç bir təsir rıçaqına, həmçinin regional güclər (Türkiyə və Azərbaycan) fərqli qərar verərsə, Zəngəzur dəhlizinin təhlükəsizliyinə zəmanət vermək imkanına malik deyil.
Bu geosiyasi zərbə ilə Ərdoğan Makronun İrəvandakı siyasi uğurunu sarsıtmağa müvəffəq oldu və nümayiş etdirdi ki, Fransa müraciət edənə, Türkiyə isə həlledici amilə çevrilib.
Makron kimi təcrübəli bir siyasətçi üçün bu addım, çətin ki, diletant bir səhv idi. Bir sıra analitiklər artıq bildiriblər ki, bu, diqqətsizlikdən qaynaqlanan bir səhv deyildi, çarəsiz də olsa, şüurlu şəkildə edilmiş riskli bir addım idi.
İnadkarlıq diplomatiyası
Fransada dünyanın ən böyük və ən nüfuzlu erməni diasporlarından biri - 600 000-dən çox insan yaşadığı üçün Makronun daxili siyasi məqsədlər üçün güclü, görünən jestlərə çox ehtiyacı var idi. Hətta sərhəd bağlı olsa belə, o, seçicilərə demək istəyirdi: "Mən cəhd etdim, səy göstərdim, amma şər qüvvələr məni dayandırdılar!"
Özünə xarakterik olan təxribat diplomatiyası ilə Makron ümid edirdi ki, sərhəddə dünyanın hər yerindən kameralar peyda olduğu zaman Ərdoğanı elə bir vəziyyət qarşısında qoyacaq ki, imtina avtoritar və anti-Avropa xarakterli görünəcək.
Lakin Ərdoğan illərdir ki, özünün sərt adam imicindən narahat deyil, buna görə də dərhal çağırışı qəbul etdi və onu asanlıqla elə Makronun özünə qarşı çevirdi.
Avropanın zəifləməsi qarşısında olan qorxu əsas səbəb olaraq qalır. Makron Aİ-nin Ukraynada, Afrikada və Yaxın Şərqdə təsir gücünü necə itirdiyini görür. O, çarəsiz şəkildə sübut etməyə çalışır ki, Fransa əvvəlki kimi böyük gücdür və yeni təsir zonaları, indiki halda Qafqazda təsir zonaları yaratmaq iqtidarındadır.
Lakin o, Ankara ilə Bakı arasındakı koordinasiya dərəcəsini, eləcə də son zamanlar əhəmiyyətli rol oynadıqları geosiyasi oyunları doğru qiymətləndirə bilmədi.
Makron, çox güman, ehtimal edirdi ki, Ərdoğan gələcəkdə müəyyən məsələlərdə Fransanın dəstəyini qazanmaq xülyasına qapılacaq, amma bunun əvəzinə Türkiyə-Azərbaycan alyansının aşılmaz divarı ilə rastlaşdı. Ərdoğan Makrona böyük hədiyyə bəxş etməkdənsə Putinlə taktiki bərabərliyə üstünlük verdi.
Bəzi müşahidəçilər artıq Makronun davranışını "21-ci əsr Napoleon sindromu" kimi xarakterizə ediblər - hətta heç bir təsir alətlərinə malik olmasa belə, hər yerdə olmaq və bütün problemləri şəxsi xarizmasının köməyi ilə həll etmək istəyi.
Sonra nə baş verəcək?
Makron üçün yeni gərginlik mərhələsi yaxınlaşır və Ermənistan geosiyasi yarışın mərkəzində qalmağa davam edəcək.
Fransa, ehtimal ki, özünün Qafqazdakı mövcudluğunun Türkiyənin fikrindən asılı olmayaraq, bir fakt olduğunu nümayiş etdirmək üçün İrəvana hərbi texnika təchizatını və təlimlərin təşkilini artıracaq.

Ərdoğan və Əliyev, həmçinin Avropanın Ermənistandakı mövcudluğu olduqca əhəmiyyətli hala gəlməzdən əvvəl Zəngəzur layihəsində irəliləyişi sürətləndirəcəklər.
Bakı Fransanın vasitəçi kimi çıxış etdiyi danışıqlarda iştirakdan imtina edə bilər. Fransanın ambisiyalarının miqyasını yoxlamaq üçün təəccüblü deyil ki, bu, həmçinin sərhəddə də gərginliyə səbəb ola bilər.
Həqiqət budur ki, Makron Paşinyana "ayı xidməti" göstərib. Seçkidən əvvəl baş nazirin mövqeyini gücləndirmək əvəzinə, Makron onu bir lider kimi çətin vəziyyətdə qoyub: Nikolun yeni himayədarı Emmanueli elə qonşuları bloklayırlar. Bu, Rusiyapərəst müxalifətə birbaşa hədiyyədir.
Çox güman ki, Paşinyan tarazlıq tapmağa çalışacaq və Trampdan arbitr kimi çıxış etməsini istəyəcək. ABŞ prezidentini isə Ərdoğan Makron qədər asanlıqla gözardı edə bilməyəcək.
Dünyanın təkərinə çomaq soxmaq
Vaşinqton rəsmi olaraq Ermənistanı dəstəkləsə də, Tramp administrasiyası Makronun hərəkətlərini ABŞ-nin Qafqazda sülhə nail olunmasındakı uğuru hesabına keçirilən seçkiqabağı kampaniya kimi qiymətləndirir.
Fransa prezidenti Ərdoğan tərəfindən alçaldıldıqdan sonra Tramp, həmçinin onu sülh sazişi şərtlərini yenidən yazmağa çalışdığına görə də lağa qoydu, hansı ki, ABŞ bunu onsuz da şəxsi qələbəsi hesab edir.
Makron istər qəsdən, istərsə də sadəlövhlükdən, regionda Ərdoğan və Tramp arasındakı ittifaqı gücləndirdi və göstərdi ki, Qafqazda üzrə eleqant Avropa diplomatiyasında və piar-gedişlərdə geosiyasət həmişə dominant rol oynayır.

Fransalıların İrəvana səfəri bir daha nümayiş etdirdi ki, Makron Avropada tək olaraq hərəkət edir. Ölkə daxilində onun uğursuzluğunu müxalifət öz maraqları üçün istifadə edəcək.
Ən pisi odur ki, Avropanın Ermənistan ətrafında birləşdirilməsi əvəzinə Makron əksinə nail oldu. Aİ tərəfindən gözlənilən dəstək gəlmədi, Böyük Britaniya isə eyni şəkildə sükutunu davam etdirdi.
Starmer, ehtimal ki, regiondakı biznesini qorumaq üçün Türkiyə və Azərbaycanı gizli şəkildə dəstəkləməyə davam edəcək. Berlin, əvvəlki kimi, nəhəng türk diasporu və miqrasiya üzrə saziş səbəbindən Ərdoğandan ehtiyat edəcək. Azərbaycanla böyük enerji müqavilələri İtaliyanı münaqişəyə qarışmaqdan çəkindirəcək.
Məhz buna görə də Fransa, böyük ehtimal ki, Ermənistanın səs-küylü müdafiəçisi kimi təklikdə qalacaq.
Türk şahmatı
Türkiyə bundan sonra nə edəcək? Əsas məqam İrəvanda razılaşdırılmış Ani körpüsünün gələcək rekonstruksiyası olacaq. Layihə Fransanın iştirakı olmadan həyata keçirilərsə, bu o demək olacaq ki, Ərdoğan sülhü pozmaqla Makronu regiondan sıxışdırıb çıxarmağa nail olub.
Əgər layihə dondurularsa, Paris və Ankara arasındakı gərginlik Ermənistan üçün istənilən irəliləyişi bloklayacaq.
Bəs İrəvanın Makronun yolunu davam etdirmək üçün cəsarəti çatacaqmı? Bu, iyundakı seçkidə bəlli olacaq. Ümid edək ki, Fransanın Paşinyana dəstəyi ABŞ-nin Orbana dəstəyi ilə eyni nəticəyə gətirib çıxarmayacaq.