Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olunmasına yönəlik sonrakı danışıqlara təkan vermək barədə razılığa gəliblər, ATƏT-in Minsk Qrupunun iki dövlət başçısının çərşənbə axşamı Vyanada baş tutmuş görüşünün yekunları üzrə yayılan bəyanatında qeyd olunur.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Palais Coburg otelinin binasında baş tutmuş görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ), həmçinin ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik də iştirak ediblər.
“Prezidentlər dinc yolla nizamlamaya yönəlik sonrakı danışıqlara təkan vermək barədə razılığa gəlib və öz xarici işlər nazirlərinə sülh prosesini intensivləşdirmək məqsədilə indiyədək görülənlər əsasında həmsədrlərlə işi davam etdirməyi tapşırıblar” – deyə, bəyanatda qeyd olunur.
Sənəddə qeyd olunur ki, bu, prezidentlərin 2012-ci ildə Soçidə baş tutmuş sammitdən sonra ilk görüşü olub.
“Təkbətək şəraitdə keçmiş görüş və ondan sonra həmsədrlər, nazirlərlə birlikdə işçi görüş zamanı prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair geniş məsələləri müzakirə ediblər” – deyə, bəyanatda qeyd olunur.
ATƏT MQ-nin həmsədrləri həmçinin bəyan ediblər ki, prezidentlər növbəti aylarda yenidən görüşmək barədə razılığa gəliblər.
Növbəti addım qismində həmsədrlər ATƏT XİNŞ-in dekabrın 5-6-da Kiyevdə baş tutacaq iclası çərçivəsində nazirlərlə işçi görüşlər təşkil edəcəklər. Vasitəçilər ilin sonunadək regiona səfər etməyi planlaşdırırlar.