Bu gün Cənubi Qafqaz regionunun əsas gündəliyi Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə bağlıdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsindən və 2023-cü ildə keçirilmiş birgünlük antiterror əməliyyatlarından sonra regionda sülh üçün yeni imkan yarandı. Bunu rəsmi İrəvan da, üçüncü tərəflər də etiraf edirlər. Regional əməkdaşlıq və sülh heç vaxt indiki kimi real olmayıb. Xüsusilə nəzərə almaq lazımdır ki, Qarabağdakı xunta rejiminin ləğvi ilə sülhə gedən əsas baryerlərdən biri aradan qaldırıldı.
Azərbaycanın bütün səylərinə baxmayaraq, hələ də sülh sazişi imzalanmayıb. Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, təhlükəsizlik şurasının katibi Armen Qriqoryan və digərləri, demək olar ki, bütün çıxışlarında sülhdə səmimi olduqlarını deyirlər. Amma iş orasındadır ki, İrəvan sözdə dediklərini əməldə göstərə bilmir.
Beynəlxalq institutlar da bu məzmunlu proqnozlar, hesabatlar hazırlayırlar. Məsələn, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu yanvarın 23-də hazırladığı hesabatda bildirib ki, Nikol Paşinyan özünü sülhpərvər kimi göstərsə də, əslində, az gücə malikdir. Qeyd edilib ki, Paşinyan özünü sülh naminə fədakar kimi təqdim etməyə çalışır, amma bu iqtidarda deyil.
Əslində, Ermənistan hökumət başçısı reallıqları qiymətləndirməyi bacaran siyasətçidir. Onun atdığı bəzi addımlar, o cümlədən Ermənistanda Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan konstitusiyanın dəyişdirilməsi məsələsinin gündəmə gəlməsi belə qənaətə gəlməyə əsas verir. Amma sülh sazişinin ləngiməsi məhz Ermənistanla bağlıdır. Başlıca səbəb odur ki, Ermənistan hakimiyyəti lazımi siyasi iradəyə sahib deyil. Bu gün Paşinyan hakimiyyətinə həm xaricdən, həm də daxildən təzyiqlər göstərilir.
Müxtəlif beynəlxalq oyunçuların, o cümlədən Rusiyanın, ABŞ-nin, Fransanın, İranın, Hindistanın Cənubi Qafqazla bağlı maraqları var. Bu aktorlar öz maraqlarını təmin etmək üçün məhz Ermənistandan istifadə edirlər. Onlar bəzən İrəvana təzyiq göstərir, bəzən də şirnikləndirmə yolu ilə təhrik edirlər. Məsələn, Ermənistandakı Rusiya hərbi bazasının mövcudluğu rəsmi İrəvan üçün sözün əsl mənasında “Domokl qılıncı”dır. Fransa və Hindistan kimi dövlətlər Ermənistanı müntəzəm olaraq silahlandırmaqla revanşist istiqamətə meyilləndirirlər.
Yeri gəlmişkən, Ermənistan KİV-i bu gün - yanvarın 25-də məlumat yaydı ki, Ermənistanda ABŞ-nin 13-cü hərbi-bioloji laboratoriyasının yaradılmasına hazırlıq gedir. Bu da Vaşinqtonun İrəvana təzyiqinin artmasının göstəricisidir. Adını çəkdiyimiz dövlətlərin Ermənistanla bağlı siyasəti təxminən “pulu ödəyən sifarişi verər” prinsipini xatırladır. Bütün bunlar azmış kimi, Ermənistan daxilindəki radikallar, ayrı-ayrı ölkələrdəki erməni lobbisi və diasporu da Paşinyanın əl-qolunu bağlayır. Məhz buna görə də ABŞ institutu deyir ki, Paşinyan sülh istəməsinə baxmayaraq, bunun üçün lazımi gücə malik deyil.
Paşinyanın reallıqları qismən də olsa anlaması məhz Azərbaycanın qətiyyəti, habelə “dəmir yumruq” sayəsində mümkün olub. Üçüncü aktorların bəyanatlar və addımları həm də müəyyən qədər Ermənistanın “başının altına yastıq qoymaqdır”. İrəvan özünü təhlükəsiz hiss edir və elə bilir ki, bu güclər ona əbədi havadarlıq edəcəklər. Halbuki ABŞ-nin, Rusiyanın, Fransanın ayrı-ayrı bölgələrdəki siyasətləri Ermənistan hakimiyyəti üçün dərs olmalıdır. Ağ Evin Şərqi Avropa, Yaxın Şərq siyasəti, həmçinin Fransanın neokolonializm siyasəti, ayrı-ayrı Afrika ölkələrində həyata keçirdiyi müstəmləkəçilikdən İrəvan nəticə çıxarmalıdır. Bu, Ermənistanın öz dövlətçiliyi üçündür.
Paşinyan hakimiyyəti ona təsir imkanı olan bütün tərəfləri qane etməyə çalışır. Bu isə əslində bumeranq effekti verir - Ermənistanda kənar güclərin rəqabəti güclənir, sülh prosesi uzanır. Bu gün Ermənistanda Qərblə Rusiya arasında davam edən diplomatik mübarizənin gələcəkdə hərbi müstəviyə keçməsi qətiyyən istisna deyil. Belə olan halda İrəvan üçün ən yaxşı variant regional əməkdaşlıq mühitinin təmin edilməsi, Ankara və Bakı ilə münasibətlərin normallaşmasıdır. Bu, bölgədə yeni təhlükəsizlik çətirinin formalaşması və dolayısı ilə Ermənistanın təhlükəsizliyinin təmin olunması deməkdir. Nəticə etibarilə İrəvana kənar güclərin təzyiq və təsirləri xeyli azalacaq, Ermənistan dövlətçiliyinin gələcəyi üçün yeni perspektivlər formalaşacaq. Beləliklə, bu, ilkin mərhələdə müəyyən qədər riskli olsa da, Paşinyan siyasi iradə nümayiş etdirməli, sürətlə onun üzərinə gələn nəhəng “dalğa”ların altından çıxmalıdır.
“Report” İnformasiya Agentliyi