Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Pavel Klaçkov: Prezident Ərdoğan söz üçün cibə girmir
Türkiyənin oktyabrın 9-da Suriyanın şimal-şərqində başladığı “Barış pınarı” əməliyyatı davam edir. Prezident Rəcəb Tayyib Ərdoğan əməliyyatın məqsədinin ölkəyə qarşı terror təhlükəsinin aradan qaldırılması və suriyalı qaçqınların geri qayıtmalı olduğu təhlükəsizlik zonasının yaradılması olduğunu deyib.
Əməliyyat Türkiyədə qadağan olunmuş Kürdüstan İşçi Partiyasının və İŞİD terror qruplaşmasının yaraqlılarına qarşı yönəlib. Son məlumatlara görə, əməliyyatlar zamanı 500-dən çox silahlı zərərsizləşdirilib.
Vaşinqton, öz növbəsində, Suriyanın şimalında yerləşdirilmiş min amerikalı hərbçini çıxarmağa başlayıb. Pentaqon rəhbəri Mark Esper “CBS” telekanalına açıqlamasında deyib ki, Türkiyə əməliyyatları cənub və qərb istiqamətində genişləndirmək niyyətindədir.
“Son 24 saat ərzində öyrəndik ki, “Demokratik Suriya Qüvvələri” şimalda Türkiyəyə qarşı əks-hücum təşkil etmək üçün suriyalılar və ruslar ilə müqavilə bağlamağa çalışır. Beləliklə, ABŞ qüvvələrinin iki rəqib ordu arasında sıxışdırılma ehtimalını artırır və bu, çox həssas bir mövqedir”, - M.Esper bildirib və əlavə edib ki, Preziden Donald Tramp bu vəziyyətlə əlaqədar ABŞ ordusunun Suriyanın şimalından çıxarılması ilə bağlı qərar verib.
“Reuters” yazır ki, Suriya hökumətinin nümayəndələri və kürdləri təmsil edən “Suriya demokratik qüvvələri” Hmeymim hərbi bazasında danışıqlara başlayıblar.
“Barış pınarı” əməliyyatı ətrafındakı vəziyyəti Oxu.Az-a açıqlamasında rusiyalı politoloq Pavel Klaçkov şərh edib.
“Ümumiyyətlə, Türkiyənin hərəkətləri bölgədə tarazlığın pozulmasına səbəb ola bilər. Ərdoğanın əməliyyatının ölkəsinin geosiyasi maraqlarını təmin etməyə yönəldildiyi aydındır. Prezident hesab edir ki, kürdlərə zərbə vurma vaxtı çatıb, bunu əldən verməmək lazımdır”, - ekspert bildirib.
Onun sözlərinə görə, öz növbəsində Ağ Ev Vaşinqtona böyük ümidlər bəsləyən kürdlərə xəyanət edib.
“Görürük ki, amerikalılar kürdləri dəstəksiz qoyub. ABŞ-ın Suriya ilə bağlı mövqeyi də çoxlu suallar doğurur. Onların Suriya münaqişəsinə müdaxiləsi motivi bəzi nəcib məqsədlərdən uzaqdır. Buna görə də onların Vaşinqtona böyük ümidlər bəsləyən kürdlərə qarşı hərəkəti təəccüblü deyil”, - P.Klaçkov deyib.
Türkiyədən gələn tənqidlərə münasibət bildirən politoloq əlavə edib ki, Prezident Ərdoğan da öz növbəsində söz üçün cibə girmir.
“Ərdoğan Yəmən haqqında xatırlatmaqla Səudiyyə Ərəbistana da cavab verir. O, sabiq prezident Məhəmməd Mursinin ölümünü xatırlatmaqla Misirə söz zərbəsi endirir və hərbi əməliyyatları davam edir.
Bir çoxu Türkiyəni xəbərdar etməyə çalışır. Avropa Birliyi də bu hərbi əməliyyatları dayandırmaq üçün çağırışlar edir. Ancaq iş burasındadır ki, kürdlər separatizmin təhlükəli elementləri ilə Türkiyə üçün təhdid yaradır. Və buna görə Ərdoğanın hərəkətlərində müəyyən məntiq var”, - ekspert bildirib.
Onun sözlərinə görə, Suriya XİN “Barış pınarı”nı beynəlxalq hüquqların pozulması kimi xarakterizə edir.
“İran da Suriyada əməliyyata başlamağı pisləyir. Rusiya Prezidenti Vladimir Putin olduqca ehtiyatla danışır, ümumi səylərə zərər yetirməməklə vəziyyəti qiymətləndirməyi təklif edir. Mən ABŞ-ın mövqeyi barədə əvvəllər də danışmışam və o, olduqca ikitərəflidir. Fransızlar da özlərini mənfi şəkildə müəyyənləşdirirlər”, - P.Klaçkov qeyd edib.
O, Suriya məsələsində prezidentlər Ərdoğan və Tramp arasında yeni danışıqların olma ehtimalını bildirib.
“Ola bilsin ki, Ərdoğan belə beynəlxalq etiraz qarşısında gələcəkdə genişmiqyaslı hərbi əməliyyatlardan imtina edəcək. Onun Trampla razılaşması yaxşı olardı”, - politoloq deyib.
O, həmçinin İŞİD terrorçularının yenidən aktivləşməsini istisna etməyib.
“Rusiya və İran üçün yeni səbəblər ortaya çıxıb. Biz bəzi təhdidlər, bəzi disbalanslar müşahidə edirik. İŞİD terrorçularının yenidən canlanması ehtimalı da var. Bir tərəfdən Türkiyə kürdlərə zərbələr endirir, digər tərəfdən burada bir sıra hallar var.
Yeni hərbi əməliyyatlar İŞİD-çilərin aktivləşməsinə gətirib çıxara bilər. Buna görə də təklif edirəm ki, Ərdoğan indi çox geniş miqyaslı tədbirlər görməyəcək, öz fəaliyyətini beynəlxalq oyunçularla razılaşdıraraq, məhdud zərbələrlə kifayətlənəcək”, - P.Klaçkov əlavə edib.
Rasim Babayev