Son günlər İran rəsmiləri və ekspertləri Zəngəzur dəhlizinin açılmasına qarşı kəskin və intensiv bəyanatlar verirlər. Lakin bu açıqlamaların məzmuna baxanda, bəyanatların Azərbaycandan çox, Rusiyaya qarşı yönəldiyini sezmək mümkündür. Böyük ehtimal İran bununla Qərb ölkələri ilə həmrəylik nümayiş etdirib siyasətini Rusiya əleyhinə uzlaşdırmağa cəhd edir. Eyni zamanda, İran Rusiyadan Qafqazda müstəqil oyunçu olaraq fəallaşmasını, onun maraqlarının nəzərə alınmasını istəyir. Belə ki, Türkmənçay müqaviləsindən sonra İranın Qafqaz regionunda siyasəti "Russia first (Rusiya birinci)" yanaşması üzərində qurulsa da, görünən odur ki, Tehran bu yanaşmadan uzaqlaşmaqdadır.
Azərbaycan dəfələrlə Ermənistana qarşı ərazi iddiaları olmadığını, Zəngəzur dəhlizinin konsepsiyasının da sırf nəqliyyat dəhlizi olduğunu dəfələrlə bəyan edib. Üstəlik, bu yolun açılması İranla Ermənistanın nəqliyyat kommunikasiyasına neqativ təsir etməyəcək. İran əvvəllər olduğu kimi Ermənistan üzərindən Gürcüstana və Qara dəniz hövzəsinə çıxa bilər.
Azərbaycan bütün istiqamətlər üzrə, o cümlədən Şimal-Cənub istiqamətində dəhlizin yaradılmasında fəal iştirak edir və İran üçün yeni çıxış imkanları yaradır. İstənilən dəhliz daşımaların asanlaşmasına, əməkdaşlığın dərinləşməsinə gətirib çıxarır, İran özü də Zəngəzur dəhlizi vasitəsilə Avropaya çıxış əldə edə bilər. Bu baxımdan, Tehranın ziddiyyətli yanaşması başadüşülən deyil.
Mövzunu Oxu.Az-a dəyərləndirən politoloq Elşad Həsənov İranda Zəngəzur dəhlizinin açılmasına qarşı çıxışların artmasını Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra daha da intensivləşdiyini bildirib:
"Bura əsasən parlamentin və ali təhlükəsizlik şurasının üzvləri, eyni zamanda bəzi generallar aiddir. Sonradan İranın Ermənistandakı səfiri də bu kampaniyaya qoşuldu. Bu istiqamətdə onları qıcıqlandıran əsas məsələ isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışı oldu. Lavrov bildirmişdi ki, 2020-ci ilin 10 noyabrında imzalanan Üçtərəfli Bəyanatın 9-cu bəndi hələ də yerinə yetirilməyib. Bu müddəaya əsasən, Azərbaycanın qərb regionları ilə Naxçıvanın birləşdirəcək nəqliyyat dəhlizinin təhlükəsizliyi Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən təmin olunur. Bundan sonra İran rəsmiləri Ermənistana dəstək olmaq üçün, hətta Ermənistanın ərazi bütövlüyünün pozulduğunu, yaxud İranın Ermənistanla quru sərhəddinin bağlanacağı kimi absurd iddialar səsləndirməyə başladılar".
"Qeyd etmək yerinə düşər ki, İranın indiki prezidenti Məsud Pezeşkian öz çıxışlarında Qərblə yaxınlaşmağın tərəfdarı olduğunu bildirib. O da heç kimə sirr deyil ki, İran həmişə Qərblə əlaqəli olub və onun tapşırığını yerinə yetirir. Tehran elə bu gün də məhz həmin Qərbin tapşırığına görə, HƏMAS-ın keçmiş lideri İsmayıl Haniyənin ölümünə görə İsrailə cavab vermir, bunun da adını gözləmə mövqeyi qoyur. İndiki məqamda da Rusiya ilə İran arasında belə bir konfliktin yaranması onu göstərir ki, bütün bunlar Qərbin təsiri ilə baş verir", - deyə politoloq vurğulayıb.
Müsahibimiz əlavə edib ki, BRİCS+ ölkələrinin yüksəkvəzifəli nümayəndələrinin Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən iclasında İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian da iştirak edib və Rusiya mətbuatının yazdığına görə, onun təşəbbüsü ilə görüşdə Zəngəzur dəhlizi də müzakirə mövzusuna daxil edilib:
"Ancaq bir şeyi bilmək lazımdır ki, Zəngəzur dəhlizinin açılmasını dünyanın böyük gücləri də arzulayır. Eyni zamanda, Ermənistan rəsmiləri dəfələrlə dəhliz açılacağı təqdirdə buna özlərinin nəzarət edəcəyini bildiriblər. Deməli, Ermənistan da bu dəhlizin açılmasında maraqlıdır. Bu baxımdan, İranın xüsusi canfəşanlıqla Zəngəzur dəhlizinin açılmasına etiraz etməsi absurddur və rəsmi Tehran absurd iddialarla heç nəyə nail olmayacaq".
Mərahim Nəsib