"Rusiyanın bəzi media orqanlarında və siyasi dairələrində Azərbaycana münasibətdə müşahidə olunan yanaşma son dövrlərdə daha açıq şəkildə özünü göstərməkdədir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev Rusiyanın "Tsarqrad" teleqram kanalında Azərbaycana qarşı yayımlanan materialı şərh edərkən deyib.

O bildirib ki, sanki onlar ölkəmizin son illərdə qazandığı uğurları, regionda yaranmış yeni siyasi reallığı və sülh mühitini həzm edə bilmirlər:
"Xüsusilə "Tsarqrad" kimi resurslarda yayımlanan materiallar göstərir ki, Moskvanın müəyyən ideoloji və informasiya çevrələri hələ də Cənubi Qafqazı dəyişmiş siyasi reallıq prizmasından deyil, köhnə geosiyasi təsir mexanizmləri kontekstində qiymətləndirməyə çalışırlar. Bu isə regionda formalaşan yeni təhlükəsizlik arxitekturası ilə ziddiyyət təşkil edir. Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi qələbə və 2023-cü ildə suverenliyinin tam bərpası ilə Qarabağ məsələsi beynəlxalq hüquq çərçivəsində qəti şəkildə həll olunub. Ermənistan rəhbərliyi də Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanıyıb. Belə bir şəraitdə Qarabağ mövzusunun yenidən informasiya manipulyasiyası və geosiyasi təzyiq alətinə çevrilməsi cəhdləri regionun reallıqlarına uyğun gəlmir. Məhz buna baxmayaraq, müəyyən rus media platformalarında "itirilmiş Qarabağ", "yenidən baxılmalı status" və ya "regional balansın pozulması" kimi tezislərin dövri şəkildə gündəmə gətirilməsi diqqətdən yayınmır".
Ekspert qeyd edib ki, bu yanaşma təkcə Azərbaycana qarşı deyil, bütövlükdə regionda sülh və normallaşma prosesinə qarşı yönəlmiş siyasi-ideoloji xətt kimi qiymətləndirilə bilər:
"Ən təhlükəli məqam isə ondan ibarətdir ki, artıq beynəlxalq hüquq baxımından bağlanmış məsələ bəzi dairələr tərəfindən gələcək təsir vasitəsi kimi saxlanılmağa çalışılır. Yəni Qarabağ mövzusu region xalqları arasında barışın deyil, idarəolunan gərginliyin elementi kimi təqdim edilir. Halbuki yeni geosiyasi mərhələ əməkdaşlıq, kommunikasiya xətlərinin açılması və qarşılıqlı etimad üzərində qurulmalıdır. Bu baxımdan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xüsusi diqqət çəkir. Azərbaycan Prezidenti postmünaqişə dövründə emosional və revanşist yanaşmadan uzaq duraraq praqmatik, beynəlxalq hüquqa əsaslanan və balanslaşdırılmış siyasi xətt yürüdür. Azərbaycanın regionda yaratdığı reallığın əsas məqsədi yeni qarşıdurma deyil, dayanıqlı sülhün və təhlükəsizlik sisteminin formalaşdırılmasıdır. Prezident dəfələrlə bəyan edib ki, Azərbaycan regionda uzunmüddətli sabitliyin tərəfdarıdır və Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Məhz Bakının təşəbbüsü ilə regionda kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq və inteqrasiya imkanları gündəmə gətirilib".
R.Alıyev əlavə edib ki, bu siyasət Azərbaycanın regional lider kimi məsuliyyətli və strateji düşünən dövlət olduğunu nümayiş etdirir. Xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivi regionda formalaşan yeni əməkdaşlıq mühitinin ən mühüm elementlərindən biri kimi qiymətləndirilir. Bu layihə yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin təmin olunması deyil, eyni zamanda bütün Cənubi Qafqazın geoiqtisadi əhəmiyyətinin artması deməkdir. Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının mühüm bağlantı nöqtəsinə çevrilərək regionu beynəlxalq tranzit və logistika mərkəzlərindən birinə çevirə bilər. Bu dəhlizin fəaliyyəti nəticəsində yalnız region ölkələri deyil, Avropa, Mərkəzi Asiya, türk dünyası və digər beynəlxalq tərəfdaşlar da yeni tranzit və ticarət imkanları əldə etmiş olacaqlar. Nəqliyyat-kommunikasiya xətlərinin açılması iqtisadi inteqrasiyanı sürətləndirəcək, qarşılıqlı asılılığı artıracaq və nəticə etibarilə regionda sülhün daha da möhkəmlənməsinə xidmət edəcək. Çünki iqtisadi əməkdaşlıq və ortaq maraqlar hər zaman uzunmüddətli sabitliyin əsas təminatlarından biri hesab olunur. Eyni zamanda, Azərbaycan dövləti milli maraqlar və təhlükəsizlik məsələlərində prinsipial mövqeyini də qəti şəkildə qoruyur. Son illərdə baş vermiş hadisələr, o cümlədən Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi prinsipiallıq və dövlət maraqlarını müdafiə edən qətiyyətli mövqe bunun bariz nümunəsi oldu. Azərbaycan tərəfi hadisənin obyektiv araşdırılması, məsuliyyət məsələsinin aydınlaşdırılması və dövlətin maraqlarının qorunması istiqamətində ardıcıl və sərt diplomatik xətt nümayiş etdirdi".
Politoloq onu da bildirib ki, bu yanaşma Bakının heç bir təzyiq və ya ikili standart qarşısında geri çəkilməyən müstəqil siyasi iradəyə malik olduğunu göstərdi:
"Bu gün Azərbaycanın xarici siyasət kursu bir tərəfdən beynəlxalq tərəfdaşlarla qarşılıqlı hörmətə əsaslanan münasibətləri qorumağa, digər tərəfdən isə milli maraqları prinsipial şəkildə müdafiə etməyə əsaslanır. Rəsmi Bakı nə qarşıdurma siyasətinin tərəfdarıdır, nə də regionda süni gərginliklərin saxlanılmasında maraqlıdır. Əksinə, Azərbaycan Cənubi Qafqazın sabit, açıq və əməkdaşlığa əsaslanan geosiyasi məkana çevrilməsi üçün ardıcıl siyasət aparır. Rusiyanın bəzi dairələrinin isə hələ də köhnə imperial düşüncə ilə postsovet məkanına təsir zonası kimi yanaşması artıq region ölkələri tərəfindən qəbul edilmir. Cənubi Qafqaz dövlətləri, xüsusilə Azərbaycan, müstəqil siyasət yürüdən, milli maraqlarını açıq şəkildə müdafiə edən və çoxtərəfli əməkdaşlıq modelinə üstünlük verən aktorlardır. Əgər müəyyən siyasi və informasiya mərkəzləri regionda köhnə münaqişə gündəliklərini yenidən canlandırmağa çalışacaqsa, bu ilk növbədə Rusiyanın özünün regional mövqelərinə mənfi təsir göstərəcək. Çünki dəyişən reallığı qəbul etmədən köhnə təsir alətlərinə söykənmək nə regional etimad yaradır, nə də uzunmüddətli siyasi nəticə verir. Müasir Cənubi Qafqaz artıq münaqişə üzərindən idarə olunan deyil, əməkdaşlıq və qarşılıqlı maraqlar üzərində qurulan yeni mərhələyə daxil olur. Bu prosesdə Azərbaycanın mövqeyi aydındır: suverenlik, beynəlxalq hüquq, balanslaşdırılmış diplomatiya və davamlı sülh. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət də məhz bu strateji xəttə əsaslanır".