Ermənistanda parlament seçkisi ərəfəsində gərginlik pik həddə çatıb.
Müşahidə olunan proseslər göstərir ki, erməni cəmiyyətinə təsir göstərməyə çalışan bəzi xarici mərkəzlər hələ də regionun yeni tendensiyaları qəbul etməkdə çətinlik çəkirlər. Reallıq isə budur ki, bu gün Cənubi Qafqazın siyasi gündəliyini formalaşdıran əsas dövlət Azərbaycandır. Son illərdə baş verən hadisələr, xüsusilə suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası və yeni geosiyasi vəziyyətin yaranması regionda güc balansını köklü şəkildə dəyişib. Artıq istər Qərb, istər Rusiya, istərsə də İrəvanın özü regional prosesləri rəsmi Bakının maraqlarını və mövqeyini nəzərə almadan formalaşdıra bilmir. Məhz buna görə də Ermənistan seçkilərinin əsas mövzusu hansı partiyanın hakimiyyətə gəlməsindən daha çox, ölkənin sülh və ya revanşizm arasında hansı yolu seçəcəyidir.

Son aylarda maraqlı bir məqam da diqqətdən qaçmır. Formal olaraq bir-birinə rəqib olan Qərb və Rusiya, əslində müəyyən məsələlərdə, daha doğrusu maraqları kontekstində Ermənistan daxilindəki revanşist qüvvələrlə eyni ritorikanı bölüşürlər. Məsələn, İsveçrədə Qarabağ separatçılarının bu ölkənin parlamentini ziyarət edib deputatlarla görüşməsi, Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən qərəzli qətnamələr, Rusiyanın Yesentuki şəhərində separatizmin simvollarından hesab edilən "Tatik-Papik" abidəsinin quraşdırılması kimi addımlar fərqli mərkəzlərdə baş versə də, eyni siyasi məqsədə xidmət edir. Məqsəd regionda yaranan yeni reallıqları şübhə altına almaq, Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyəni diri saxlamaq və sülh gündəliyini zəiflətməkdir. Əslində həm Qərbin müəyyən dairələri, həm də Rusiyanın bəzi siyasi mərkəzləri fərqli səbəblərdən Azərbaycanın güclənməsindən narahatdırlar. Bir tərəf regionu öz geosiyasi təsir dairəsinə çevirmək istəyir, digər tərəf isə itirilən təsir imkanlarını bərpa etməyə çalışır. Lakin hər iki yanaşmanın ortaq nöqtəsi Azərbaycanın müstəqil siyasət yürütməsindən keçirilən narahatlıqdır.

Qərb dairələri Nikol Paşinyanın hakimiyyətdə qalmasına daha çox maraq göstərir. Bunun səbəbi Paşinyanın demokratiya və Qərblə inteqrasiya ritorikasından istifadə etməsidir. Ancaq burada ciddi paradoks ortaya çıxır. Bir tərəfdən Qərb Paşinyanı dəstəkləyir, digər tərəfdən isə Qarabağ məsələsində Azərbaycana qarşı təzyiq alətlərindən istifadə etməyə çalışır. Bu isə göstərir ki, Qərbin əsas məqsədi nə Ermənistanın demokratik inkişafıdır, nə də regionda sabitlik. Əsas məqsəd bölgədə geosiyasi təsir imkanlarını saxlamaqdır. Rusiya və erməni revanşistləri açıq şəkildə keçmişə qayıtmağa çağırdığı halda, Qərb eyni məqsədə daha yumşaq və diplomatik üsullarla nail olmağa cəhd göstərir. Metodlar fərqli olsa da, bəzi hallarda nəticə etibarilə ortaya çıxan mənzərə eynidir.
Ümumiyyətlə, Qərb institutları uzun illərdir dünyaya demokratiya və insan hüquqları dərsi keçməyə çalışırlar. Lakin Ermənistan məsələsində eyni institutların nümayiş etdirdiyi münasibət ciddi suallar yaradır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ODIHR), Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin müxtəlif müşahidə missiyaları adətən seçkilərlə bağlı ən xırda detalları belə diqqətlə izlədiklərini bildirirlər. Ancaq Ermənistanda siyasi rəqiblərə qarşı təzyiqlər, həbslər, seçkiqabağı inzibati resurslardan istifadə və digər problemlər fonunda həmin qurumların nümayiş etdirdiyi susqunluq ikili standartların növbəti bariz nümunəsidir. Çünki eyni hadisələr başqa bir ölkədə baş versəydi, çox güman ki, Qərb institutlarının hesabatlarında daha sərt ifadələr yer alardı. Ermənistan məsələsində isə siyasi məqsədəuyğunluq obyektiv qiymətləndirməni üstələyir.

Ermənistanda seçkilərin nəticəsindən asılı olmayaraq dəyişməyəcək bir həqiqət var: regionun gələcəyini sülh, əməkdaşlıq və iqtisadi inteqrasiya müəyyənləşdirəcək. Bu gündəliyin əsas təşəbbüskarı isə Azərbaycandır. Ermənistan cəmiyyəti seçkilərdə məhz bu reallıq əsasında qərar verməlidir. Sülh və əməkdaşlıq yolunu seçmək regionun bütün ölkələri üçün yeni imkanlar vəd edir. Əgər revanşizmə üstünlük verilərsə, bunun nəticələri ilk növbədə Ermənistanın özünə mənfi təsir göstərəcək. Çünki son illərin də təcrübəsi göstərir ki, Cənubi Qafqazda yeni geosiyasi reallıqları dəyişmək cəhdləri nəticə vermir. Azərbaycan öz maraqlarını qorumaq üçün kifayət qədər siyasi, iqtisadi və diplomatik imkanlara malikdir.