Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qərbi Azərbaycan Xronikası: "Hamamlının ərazisi müalicəvi turşsuyla zəngin idi"
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Oxu.Az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Cəlaloğlu və Hamamlı rayonları üzrə icma sədri, fəlsəfə doktoru, Əməkdar mühəndis Nəbi Ramazanlı olub.
O, Qərbi Azərbaycanın Hamamlı və Cəlaloğlu rayonlarından, həmçinin doğulub boya-başa çatdığı Qursalı kəndindən geniş söhbət açıb. Bildirib ki, Hamamlı rayonunun ərazisi müalicəvi əhəmiyyət daşıyan turşsu ilə zəngin olub.
Elə rayonun adı da bununla bağlıdır. Tarixən bu ərazilərdə Azərbaycan türkləri yaşayıblar. Lakin İrəvan xanlığının işğalından sonra çar Rusiyası Qərbi Azərbaycanın əksər bölgələrində olduğu kimi, Hamamlıda da zorla köçürülmə siyasətinə üstünlük verib. Bunun sayəsində rayonun 23 kəndindən 20-də bir nəfər də olsun azərbaycanlı qalmayıb. Həmin kəndlərə xaricdən ermənilər köçürülüblər.
Yerdə qalan üç kənddən birində - Qızılörəndə azərbaycanlılarla ermənilər qarışıq, Qursalı və Saral kəndlərində isə yalnız soydaşlarımız yaşayıblar. Müsahibin sözlərinə görə, SSRİ dövründə Hamamlı rayonunun adı dəyişdirilərək Spitak qoyulub.
N.Ramazanlı vaxtilə Qursalıda elmə, təhsilə böyük maraq olduğunu, kənd orta məktəbində 800-ə yaxın şagirdin təhsil aldığını diqqətə çatdırıb. Qeyd edib ki, hər il məzunların mütləq əksəriyyəti Azərbaycanın ali məktəblərinin tələbəsi adını qazanıb. Lakin erməni millətçilərinin ayrı-seçkiliyi səbəbindən bu cür qabaqcıl təhsil ocağı üçün yeni məktəb binası uzun müddət tikilməyib. Şagirdlər ayrı-ayrı yerlərdə kirayəlik dərs keçmək məcburiyyətində qalıblar. Yeni məktəb binasının tikilməsi barədə SSRİ səviyyəsində qərar qəbul olunduqdan sonra isə Ermənistanın siyasi rəhbərliyi inşaat prosesini məqsədli şəkildə yubadıb.
Ötən əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımı və deportasiyalardan danışan N. Ramazanlı 1905-1907-ci illərdə azərbaycanlıların Cəngi kəndində ermənilər tərəfindən tələyə salınmasını, amansızlıqla qətlə yetirilməsini xatırladıb. 1918-ci ilin mart soyqırımında, 1948-1953-cü illərin deportasiyasında Hamamlı sakinlərinin başına gətirilən müsibətlərdən danışıb. Qeyd edib ki, erməni ailələrində uşaqlar türklərə - azərbaycanlılara nifrət ruhunda tərbiyələniblər.
Məhz buna görə SSRİ dövründə Qərbi Azərbaycanda ermənilər hər addımda soydaşlarımızı ən müxtəlif təzyiq və təhdidlərə məruz qoyublar. Hətta 1979-cu ildə Qursalı kəndində günün günorta çağı ermənilər azərbaycanlı ailənin 3 üzvünü güllələyib, onlardan ikisinin ölümünə səbəb olublar. 1988-ci il hadisələrində isə Hamamlı və Cəlaloğlunun azərbaycanlı sakinləri erməni vəhşilikləri ilə yanaşı, dekabr ayında baş verən dəhşətli zəlzələ və onun ağır fəsadları ilə də üz-üzə qalıblar. Saral və Qursalının 20 sakini bu dəhşətli zəlzələnin qurbanı olub.
Cəlaloğlu və Hamamlı rayonlarından ümumilikdə 15 min azərbaycanlının deportasiya olunduğunu söyləyən N.Ramazanlı rəhbərlik etdiyi icmada bir araya gələn həmyerlilərinin Qərbi Azərbaycana qayıdış prosesinə dəstək verdiklərini, ata-baba yurdlarına qayıtmaq istədiklərini vurğulayıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Xıdır Nəbi Novruzdan 40 gün qabaq bu evlərə gəlirdi"
- Xronika: "Ailə üzvlərimin bütün xatirələri Terp və Herher kəndləri ilə bağlı olub"
- Xronika: "51 ölkə Qərbi Azərbaycana qayıdışla bağlı sənədi imzalayıb"
- Xronika: "Qıpçaqvəng kompleksində qıpçaq abidələrini dağıdıb, erməni kilsəsinə çeviriblər"
- Xronika: Ayıbasan, Ayıdərəsi, Ayılı xaraba, Aynazur, Aynaxlı, Ayrım - türk tarixinin izi