Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Respublikaçılar mövqeyini dəyişir - "Tramp Putinin qalib olmaması üçün əlindən gələni edəcək"
2021-ci ildə Co Bayden ABŞ-də hakimiyyətə gələndən cəmi bir il sonra Rusiya ilə Ukrayna arasında qarşısıalınmaz və Ukraynanın ərazilərini itirməsi ilə nəticələnən müharibə başladı. Təbii ki, sabiq prezident Donald Trampın Baydeni ittiham etmək üçün əlinə fürsət düşən qarşıdurma nəticədə Trampın xarici siyasət kursunun prioritetlərindən birinə çevrildi. Hətta sabiq ABŞ prezidenti dəfələrlə Baydeni ittiham edərək onun yanlış siyasəti nəticəsində Ukrayna müharibəsinin qarşısının alınmadığını bildirdi və yenidən hakimiyyətə gələcəyi təqdirdə hərbi qarşıdurmanı dayandıracağını bəyan etdi.
Məsələnin maraqlı tərəfi odur ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya hücumundan sonra sanki Respublikaçıların mövqeyində qəfil dəyişiklik peyda olub. Belə düşünməyə səbəb isə avqustun 12-də Respublikaçıların əsas qərarvericilərindən olan Lindsi Qrahamın başçılığı ilə Kiyevdə səfərdə olan ABŞ Konqresinin nümayəndə heyətinin açıqlamalarıdır. Xüsusən də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşən Qrahamın açıqlamaları daha çox diqqət çəkir:
"Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu zamanı Ukraynaya qoşun göndərilməsinin əvəzini ruslar ödəyirlər. Mən Kursk haqqında nə düşünürəm? Cəsur, parlaq, gözəl. Bu mübarizə şərə qarşı mübarizədir. Biz görürük ki, Ukrayna nəticə qazanmaq istəyir. Birləşmiş Ştatlar Ukraynada Rusiyanın qələbəsinə əsla imkan verməyəcək".
Maraqlıdır, əgər Respublikaçıların prezidentliyə namizədi Donald Tramp iqtidara gələcəyi təqdirdə Ukraynaya yardımı dayandıracağını, müharibəni bitirəcəyini deyirsə, bu partiyanın Senatdakı nümayəndəsi niyə əks açıqlamalarla gündəmə gəlir? Respublikaçıların Ukrayna ilə bağlı mövqeyi dəyişib, yoxsa məsələnin pərdəarxasında başqa məqamlar var?
Mövzunu Oxu.Az-a dəyərləndirən siyasi şərhçi Zeynal Əmrəliyevin sözlərinə görə, Donald Tramp hər nə qədər Respublikaçıların namizədi olsa da, bu partiyanın ənənəvi xəttindən bir qədər uzaq şəxsdir:
"Hətta deyə bilərik ki, Tramp ABŞ tarixində yeni siyasi hərəkatın əsasını qoyub. Buna baxmayaraq, o, nə qədər müstəqil davranış sərgiləsə də, nəticədə Respublikaçıların namizədidir və bu partiyanın siyasi xəttini nəzərə almağa borcludur. Həm Respublikaçılar, həm də Demokratlar münaqişədə Ukraynaya dəstəyi vacib hesab edirlər. Çünki bu siyasət ilk növbədə ABŞ-nin milli maraqları baxımından önəmlidir".
"Prezident seçkisi kampaniyası başlamamışdan əvvəl Donald Trampın mövqeyi fərqli idi. O, daha çox Rusiyanın mənafeyinə uyğun şəkildə açıqlamalar verirdi. Ancaq partiyanın rəsmi namizədi olduqdan sonra mövqeyini dəyişdi. Respublikaçı senatorların açıqlamalarından da görünür ki, bu partiya üçün Ukraynaya dəstək vacib məsələdir. Ehtimal ki, Tramp Ağ Evə geri dönərsə, Kiyevə dəstəyi davam etdirməyə məcbur olacaq. Ancaq Co Baydendən fərqli olaraq, Rusiya ilə əməkdaşlıqdan da imtina etməyəcək. Vladimir Putinlə dialoqun yollarını axtaracaq. ABŞ hazırda Rusiyaya qarşı çox sərt sanksiyalar tətbiq edib. Əgər seçkidə Donald Tramp Kamala Harrisə qalib gəlsə, o zaman Rusiyaya qarşı olan sanksiyalar da müəyyən qədər yumşala bilər", - Əmrəliyev vurğulayıb.
Müsahibimiz hesab edir ki, Trampın istəyi bu savaşı müəyyən qədər tez bitirməkdir:
"Əslində, Zelenski administrasiyası da bunu arzulayır. Fərq ondadır ki, Ukrayna bunun üçün ərazilərini güzəştə getməkdən imtina edir. Düşünürəm ki, Tramp prezident seçilsə, əlində olan bütün gücdən istifadə edərək maksimum şəkildə çalışacaq ki, bu məsələ nə Zelenski, nə də Putinin istədiyi kimi həll olunsun. Ehtimal ki, rəsmi Vaşinqton Trampın dövründə Rusiya-Ukrayna müharibəsi ilə bağlı orta mövqenin tapılmasına çalışacaq. Çünki müharibənin uzanması ABŞ-ni də çətin vəziyyətə qoyur. Belə ki, Rusiya ilə ikitərəfli münasibətlərin pisləşməsi Moskva ilə Pekin arasında əlaqələrin güclənməsinə səbəb olur ki, bu da Qərbə qarşı ümumi ittifaqa gətirib çıxara bilər. Bu isə Qərbin ən arzulamadığı nəticədir. Həmçinin, Ukrayna müharibəsinin bitməsi ABŞ-nin Avropada yenidən öz hegemonluğunu bərpa etməsi və NATO-nun Şərqə doğru genişləndirilməsi üçün vacibdir. Hazırda savaşın şiddətlənməsinin əsas səbəbi də məhz budur. Tərəflər maksimum dərəcədə çalışırlar ki, ABŞ-dəki prezident seçkisinə qədər üstünlüyü ələ ala bilsinlər və danışıqlar prosesində əlləri güclü olsun. Təbii ki, bu məsələdə Bayden administrasiyası da əlindəki bütün mümkün vasitələrlə çalışır ki, Ukraynaya yardım göstərsin".
"Hazırda Kurskda keçirilən uğurlu hərbi əməliyyat da sübut edir ki, müttəfiqlər istədiklərinə nail olurlar. Rusiyanın müəyyən qədər zəifləməsi ABŞ-nin xeyrinədir, lakin Moskvanın tamamilə sıradan çıxması da arzu olunmur. Buna görə də tərəflər bütün mümkün vasitələrlə çalışacaqlar ki, müharibə dayandırılsın. Bu savaşın Rusiya qalib gəlmədən bitməsi Putinin qarşısını kəsəcək əsas məsələdir. Nə Respublikaçılar, nə də Demokratlar Rusiyanın daha çox əraziləri işğal etməsini istəyirlər. Buna görə də Rusiyaya qarşı loyal münasibətlə digərlərindən fərqlənən Tramp belə, Putinin qalib olmaması üçün əlindən gələni edəcək", - deyə analitik fikrini yekunlaşdırıb.
Mərahim Nəsib