Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 27-də Rusiya Prezidenti Vladimir Putinə təcili telefon zəngi edib.
O, Ermənistan mənşəli malların Rusiya bazarlarına ixracına qoyulan məhdudiyyətlərlə bağlı şikayət edib. Paşinyan həmçinin Avropa İttifaqına (Aİ) üzvlük məsələsi ilə bağlı referendumun yalnız rəsmi müraciətdən sonra mümkün olacağını qeyd edib. Ermənistanın mövcud vəziyyətdə Rusiya ilə münasibətləri hara qədər uçuruma gedə bilər və bu, İrəvan üçün nə deməkdir? Həmçinin Aİ bu istiqamətdə cavab tədbiri olaraq hansı addımı ata bilər?
Mövzu ilə bağlı Oxu.Az-a danışan deputat Aydın Mirzəzadə deyib ki, Ermənistan həm Rusiya, həm də Avropa İttifaqı (Aİ) ilə sıx münasibətlər saxlamağa çalışır:

"Rusiyanın Ermənistanda sahib olduğu çox böyük obyektlər var. Eyni zamanda Aİ İrəvana mütəmadi olaraq siyasi dəstək verir, iri həcmdə maliyyə dəstəyi göstərir. Ermənistan isə hər iki faktordan yararlanmağa çalışır. Bu ölkənin rəsmilərinin həm Avropa İttifaqı, həm də Rusiyaya dostluq mesajları göndərməsinin səbəbləri də buna görədir. Ancaq zaman göstərəcək ki, bu, İrəvanda nə dərəcədə alınacaq".
"Lakin Ermənistanın əsas problemi Azərbaycan və Türkiyə ilə münasibətlərinin olmamasındadır. Bu ölkənin konstitusiyasında Azərbaycana qarşı ərazi bütövlüyü iddiası sülh müqaviləsinin bağlanmasına mane olur. Bu baxımdan Ermənistan strateji seçimini özü etməlidir. Gələcək göstərəcək ki, bu, Ermənistanda nə dərəcədə mümkün olacaq", - deyə deputat vurğulayıb.
Politoloq Rəşad Bayramov isə Oxu.Az-a açıqlamasında bildirib ki, Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan gərginlik tərəflər arasında etimad böhranının artıq təkcə siyasi və ya təhlükəsizlik məsələləri ilə məhdudlaşmadığını, iqtisadi sahəyə də keçdiyini göstərir:

"Paşinyanın Putinə Ermənistan mənşəli məhsulların Rusiya bazarına çıxışında yaranan problemlərlə bağlı təcili telefon zəngi etməsi də bunun bariz nümunəsidir. Bu addım onu göstərir ki, bütün siyasi fikir ayrılıqlarına baxmayaraq, Ermənistan hələ də iqtisadi baxımdan Rusiyadan ciddi şəkildə asılıdır və Moskva ilə münasibətlərin tam pozulmasının nəticələrini nəzərə almağa məcburdur".
"Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır. Ermənistan ixracının əhəmiyyətli hissəsi məhz bu dövlətin bazarlarına yönəlir. Xüsusilə kənd təsərrüfatı məhsulları, ərzaq və emal sənayesi məhsulları üçün bu istiqamət həyati əhəmiyyət daşıyır. Əgər bu yöndə inzibati və ya texniki məhdudiyyətlər genişlənərsə, Ermənistan iqtisadiyyatı üçün ciddi risklər yarana bilər. Kiçik iqtisadiyyata malik ölkə üçün ixracın azalması valyuta daxilolmalarının zəifləməsi, istehsalın azalması və məşğulluq problemlərinin dərinləşməsi ilə nəticələnə bilər. Digər mühüm məsələ isə enerji və logistika sahəsindəki asılılıqdır. Ermənistanın enerji sistemində Rusiyanın mövqeyi hələ də güclüdür. Təbii qaz tədarükü, nüvə energetikası və bir sıra strateji infrastruktur obyektlərində Rusiyanın iştirakını nəzərə alsaq, münasibətlərin tam qırılması yaxın perspektivdə real görünmür. Çünki Paşinyan hakimiyyəti sadalananlarla bağlı alternativlərə malik deyil. Hər nə qədər Paşinyan hökuməti son illərdə Qərblə yaxınlaşmağa çalışsa da, iqtisadi reallıq onu Moskva ilə minimum əməkdaşlığı qorumağa məcbur edir", - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, Rusiya tərəfi Ermənistanın bu məcburiyyətini kifayət qədər yaxşı bildiyi üçün bu istiqamətdə təzyiqləri davam etdirir:
"Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinə aydınlıq gətirməsi üçün referendumun keçirilməsini tələb edirlər. Rusiya düşünür ki, indiki iqtisadi təzyiqlər və İrəvanın hələ ki alternativlərə malik olmaması fonunda Ermənistan əhalisi Avropa İttifaqı üzvlüyü ilə bağlı mənfi münasibət bildirə bilər. Paşinyan isə öz növbəsində Avropa İttifaqına üzvlüklə bağlı referendumun yalnız rəsmi müraciətdən sonra mümkün olacağını bildirərək faktiki vaxt udmağa çalışır. Bu bəyanat göstərir ki, İrəvan daxili auditoriyaya və Qərb tərəfdaşlarına Avropa istiqamətini açıq saxladığını nümayiş etdirsə də, prosesi sürətləndirmək niyyətində deyil. Çünki Aİ-yə üzvlük həm hüquqi, həm siyasi, həm də iqtisadi baxımdan uzunmüddətli prosesdir və bunun avtomatik təhlükəsizlik zəmanəti yaratmadığı da Ermənistan rəhbərliyinə məlumdur.
Bundan əlavə, Ermənistan hazırda Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür. Avropa İttifaqı ilə tam inteqrasiya kursunun seçilməsi gələcəkdə bu üzvlüklə bağlı hüquqi və iqtisadi ziddiyyətlər yarada bilər. Bu isə Ermənistanı iki fərqli iqtisadi inteqrasiya modeli arasında seçim etməyə məcbur edə bilər. Aİ-nin mümkün addımlarına gəldikdə isə onlar Ermənistanın iqtisadi cəhətdən ayaqda qala bilməsi üçün müvafiq layihələrə, maliyyələşməyə, o cümlədən də ayrı-ayrı Ermənistan məhsullarının Avropa bazarlarına çıxışına şərait yaratmağa çalışırlar. Amma Brüsselin yaxın perspektivdə Ermənistana tam üzvlük imkanı veriləcəyi inandırıcı görünmür. Aİ Ermənistanla münasibətləri mərhələli şəkildə genişləndirmək yolunu seçir. Buraya qeyd etdiyim maliyyə dəstəyi, institusional islahat proqramları, sərhəd idarəçiliyi, enerji diversifikasiyası, rəqəmsallaşma və infrastruktur layihələrinin maliyyələşdirilməsi və s. daxildir. Şübhəsiz ki, Rusiyadan asılılığı minimallaşdırmaq və iqtisadi itkiləri kompensasiya etmək üçün Aİ Ermənistanın iqtisadi dayanıqlılığını artırmağa çalışacaq, lakin Rusiyanın yerini qısa müddətdə tam əvəz edə bilməyəcək. Rusiyanın yerini əvəz edə biləcək imkanlar isə Avropa İttifaqında deyil. Çünki Ermənistanın Aİ ilə sərhədləri mövcud deyil. Ermənistan və Qərb bu imkanları regionda axtarmaq məcburiyyətindədir. Regionda isə belə güc yalnız Türkiyədir. Türkiyə ilə münasibətlərin normallaşması, sərhədlərin açılması, iqtisadi münasibətlərin bərpa olunması üçün isə Azərbaycanla sülh lazımdır".
Ekspert əlavə edib ki, belə olan halda, Ermənistan-Rusiya münasibətlərinin daha da pisləşməsi mümkündür:
"Lakin onların tam qırılması hazırkı şəraitdə hər iki tərəf üçün yüksək maliyyəli hesab olunur. Düşünürəm ki, yaxın dövrdə Ermənistanın əsas strategiyası Rusiya ilə məcburi əməkdaşlığı qorumaqla yanaşı, Avropa İttifaqı və digər Qərb tərəfdaşları ilə əlaqələri tədricən genişləndirmək olacaq. Buna nə qədər nail ola biləcəyi isə böyük suallar doğurur".