Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə haqqin.az-a Qarabağ separatçısı Bako Saakyanın Londona səfərinin şərtlərini izah edib.
Diplomat şübhə etmir ki, erməni KİV-i arzu etdiklərini həqiqət yerinə göstərmək istəyib və Saakyanın səfərini mühüm və rəsmi səfər kimi təqdim edib. Amma nə hökumət, nə Böyük Britaniya parlamenti, nə də rəsmi nümayəndələri bu faktı təsdiqlədilər.
Azərbaycan səfirliyi araşdırma aparıb, Böyük Britaniya parlamentinə sorğu göndərib, sorğuya parlamentin aparat rəhbəri Mett Ringer cavab verib. Cavabda Londondan Saakyana heç kimin rəsmi dəvət göndərmədiyi yazılıb. İş ondadır ki, parlamentin istənilən üzvü fərdi əsaslarda parlament binasında konfrans-zal sifariş edərək öz tədbirini keçirə bilər və Saakyanın “görüşü” belə “şəxsi təşəbbüslərdən” olub. İstənilən halda Bako Saakyan parlament adından rəsmi dəvət almayıb və onun iclaslarında çıxış etməyib.
Səfir həmçinin bildirib ki, B.Saakyan Londona erməni pasportu ilə, parlament binasına da turist kimi gəlib, burada qonaqlar üçün ekskursiyaların təşkil olunması imkanına baxmayaraq, Saakyan binanı tez bir zamanda tərk edib.
Səfirlik B.Saakyanın Londona gəlməsinə mane ola bilməzdi, belə ki, bu, Ermənistan respublikasının vizası əsasında fərdi səfərdir. T.Tağızadə bəyan edib ki, həm də Britaniya parlamentində Qarabağ məsələsini biznesə çevirən Baronessa Koks və digərləri də mövcuddur. Çox güman ki, onlar Saakyanın Londonda parlament binasında peyda olmasında böyük rol oynayıblar.
T.Tağızadə qeyd edib ki, Saakyanın Londona gəlməsi, Qarabağ məsələsi ətrafında sərvət toplayanlar üçün ola bilər ki, heç bir məna daşımır, amma bu səfərə Britaniya hakimiyyəti, isteblişment, Azərbaycanın uzunmüddətli dostluq və əməkdaşlıq əlaqələri olan ictimaiyyət laqeyd qalmamalıdırlar.
Azərbaycanın Britaniyadakı səfirliyi B.Saakyanın London səfərinin bütün şərtlərini araşdırmağa davam edir.