Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Serj Sarqsyan və dəstəsinin hədəfi - münaqişə, xaos və qarşıdurma
Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiya prosesinə start verildikdən sonra iki ölkə arasında münasibətlərin normallaşmasının əleyhinə olan bir sıra qüvvələr Baqrat Qalstanyanın simasında "Vətən uğrunda Tavuş" hərəkatı ilə hərəkətə keçdilər. Təsadüfi deyil ki, baş nazir Nikol Paşinyanla xüsusi ədavəti olan, yenidən hakimiyyətə can atan daxili qüvvələr, partiyalar, müxalifət nümayəndələri də ilk gündən uğursuz olan bu hərəkata qoşuldular.
Müxtəlif məlumatların analizi isə sübut edir ki, Ermənistanın ikinci və üçüncü prezidentləri erməni keşişi və onun hərəkatını dəstəkləyirlər. Robert Koçaryan və Serj Sarqsyanın belə təşvişə düşməsinin səbəbi isə aydındır. Çünki demarkasiya prosesi ardınca sülh müqaviləsini gətirəcək. Sülh müqaviləsi isə iki ölkə arasında bir sıra sahələrdə əlaqələrin qurulması, bərpası və inkişafı deməkdir. Məhz belə ssenari eks-prezidentlərin yuxusuna haram qatıb. Hadisələrin belə inkişafı isə sülh müqaviləsindən sonra Azərbaycana qarşı müxtəlif hərbi cinayətlər törətmiş Koçaryan və Sarqsyan barədə cinayət işinin başladılması, hətta onların Bakıya ekstradisiya edilməsi ilə nəticələnə bilər. Arayik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanla kamera yoldaşı olmaqdan qorxan Serj və Robert bu səbəbdən bütün qüvvələrini səfərbər edərək Qalstanyanı dəstəkləyir, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması, müvəqqəti keçid hökumətinin yaradılması, yenidən seçkilərin keçirilməsi, konstitusiyaya onların xeyrinə dəyişikliklərin edilməsi kimi xam xəyallara düşüblər.
"Vətən uğrunda Tavuş" hərəkatı isə 26 may tarixinə mitinq elan edib və meydana çoxlu insan toplamaq üçün bir sıra şəxslərlə görüşlər keçirir. Baqrat məqsədinə nail olmaq üçün nəinki siyasi və ictimai şəxslərlə, hətta mədəniyyət xadimləri və kriminal avtoritet Don Pipo ilə də danışıqlara gedir. Sonuncu ilə görüşdən sonra İrəvan küçələrində Rusiyadan gətirilən erməniləri də görmək mümkün olub. Müğənni spitaklı Haykonun oğlunu da sıralarına cəlb edən keşiş hətta onun həbs edilməsinə də səbəb olub.
Serj isə demarkasiya prosesindən narahat olduğu üçün bir sıra açıqlamalar verib. Ermənistanın üçüncü prezidenti bildirib ki, onlar demarkasiya prosesinin yox, bu prosesin həyata keçirildiyi üsulların əleyhinə çıxış edirlər. Maraqlıdır ki, eks-prezidentlə paralel olaraq, müxalifətçi Suren Petrosyan, eks-ombudsman Arman Tatoyan və "Keçmiş MTN zabitləri ittifaqı" da bənzər açıqlamalar veriblər. Qeyd etmək yerinə düşər ki, həm Petrosyan, həm də Tatoyan Sarqsyana yaxınlığı ilə tanınırlar. MTN zabitlərinə gəldikdə isə bu şəxslər, əsasən, Serjin hakimiyyətdə olduğu dövrdə təhlükəsizlik strukturlarında müxtəlif vəzifələrə, rütbələrə nail olan şəxslərdir. Keçmiş ağalarına sadiqlik nümayiş etdirmək üçün isə belə bəyanatlara tez-tez yol verirlər.
Sarqsyan isə açıqlamalarında iddia edir ki, Alma-Ata Bəyannaməsindən imtina etmək lazımdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla beynəlxalq aktorların vasitəçiliyi olmadan birbaşa danışıqlar aparması da eks-prezidenti məmnun etməyib. O bildirib ki, hakimiyyəti dəyişməklə vasitəçilərin nəzarət funksiyasını bərpa etmək olar. Göründüyü kimi, Sarqsyan açıqlamaları ilə əsl məqsədini büruzə verib. Bu iki cümlə ilə Suren Petrosyanın, keçmiş diplomatların, keçmiş zabitlərin demarkasiya prosesinə niyə qarşı çıxdıqları bəlli olur.
Məlum olduğu kimi, hələ ötən il Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla danışıqların birbaşa olması ilə bağlı çıxış etmişdi. Ölkə başçısı artıq vasitəçilərə ehtiyac qalmadığına, iki ölkə arasında vasitəçisiz görüşlərin daha yaxşı nəticə verəcəyinə işarə etmişdi. Elə erməni mətbuatının yazdığı kimi, "İlham Əliyev deyir və edir" prinsipi bu dəfə də öz effektini göstərdi. Məhz son dövrlər rəsmi Bakı ilə İrəvan arasında keçirilən ikitərəfli görüşlər və müzakirələr öz bəhrəsini verməyə başlayıb. İstər demarkasiya prosesinin başlanması, istər kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı bəyanatlar, istərsə də sülh müqaviləsinə yaxınlaşma əlamətləri bu fikri daha da gücləndirir. Serj və dəstəsinin fikri isə yenidən beynəlxalq aktorları vasitəçi kimi danışıqlara calaq etmək, əldə edilən nəticələrə kölgə salmaq, imzalanacaq sülh müqaviləsinin vaxtını ləngitməkdir.
Bununla da Ermənistan yenidən münaqişə dövrünə qayıdacaq. Hadisələrin bu tendensiyada inkişafı isə yuxarıda adıçəkilən quldur dəstəsinin işinə yarayır. Danışıqlara yenidən vasitəçiləri cəlb etmək isə prosesi ləngitmək mənasına gəlir. Təsadüfi deyil ki, Suren Petrosyan sərhədlərin demarkasiya prosesi ilə bağlı ATƏT-in adını hallandırıb. 30 il heç bir işə yaramayan ATƏT-in keçmiş Minsk qrupunu yenidən diriltmək, görəsən, kimin işinə yarayar?
Bundan əlavə, tərəflərin Alma-Ata Bəyannaməsindən imtina kimi fikirləri də prosesi baltalamaq məqsədinə hesablanıb. Bununla da Ermənistanın dəqiq sərhədləri bilinməyəcək və sərhəd müəyyənləşdirilməsi prosesi dalana dirənəcək, proses uzun illər çəkəcək. Bu isə eks-prezidentlərin işinə yaraya bilər. Buna paralel olaraq isə müvəqqəti hökumət məsələsi də konkret olaraq Sarqsyan tərəfindən yenidən gündəmə gətirilir, Ermənistanın xilası kimi göstərilir. Müvəqqəti hökumətlə bağlı açıqlamalarında Serj bildirib ki, Baqratı tam dəstəkləyir və onun təklif edəcəyi namizədi o da dəstəkləyəcək. Bu isə o deməkdir ki, Qalstanyan bir il müddətinə müvəqqəti hökumətə rəhbərlik edəcək, sonra isə sükanı bütün tərəflərin razılaşdığı şəxsə ötürəcək. Əslində, bir müddət əvvəl də vahid namizədlə bağlı hərəkat və tərəfdarlarının ciddi problem var idi. Müxtəlif açıqlamaların analizi də sübut edir ki, hazırda bu problem davam edir və tərəflər vahid namizəd məsələsində ortaq fikrə gələ bilmirlər. Təsadüfi deyil ki, erməni keşiş də məsələ ilə bağlı açıqlama verəndə bir illik müvəqqəti hökumətdən sonra yenidən bu posta seçilə biləcəyinə işarə etmişdi.
Ermənistanın üçüncü prezidenti isə açıqlamalarında hər nə qədər hərəkatı, sadəcə, ölkənin xilası üçün dəstəklədiyini bildirsə də, yenidən siyasi arenaya qayıtmaq həvəsi ilə alışıb-yandığı görünür. Jurnalistin tribunadan çıxışla bağlı sualına keçmiş siyasətçi bildirib ki, ehtiyac yaransa, bu işi görə bilər. Bununla da Serj opponentlərinə artıq tribunadan gurultulu çıxışlar etmək üçün darıxdığına işarə edib. Eyni zamanda, Qalstanyanla görüşü barədə belə bir dəvət almadığını, amma onunla dəfələrlə görüşdüyünü qeyd edib. Bu isə hərəkata əvvəldən maraqlı olduğunu, yol xəritəsi çəkənlərdən biri olduğunu etiraf etmək mənasına gəlir.
Bununla belə, müxalifət və hərəkat 26 may tarixinə ümid edir və meydana insanları toplayacaqlarını düşünürlər. Serjdən fərqli olaraq, Robert Koçaryan hadisələrə oğlu vasitəsilə müdaxilə edir, küçə yürüşləri və təxribatları koordinasiya edir. Amma həm keçirilən sorğular, həm parlament iclasları, həm də millət vəkillərinin açıqlamaları deməyə əsas verir ki, ekslərin və keşişlərin planı bu dəfə də iflasa uğrayacaq. Robert və Serjin qorxulu yuxusu isə sülh müqaviləsi imzalandıqdan sonra baş verəcək.
"Report" İnformasiya Agentliyi