Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Soçi görüşü: Ərdoğanın təklifi, Putinin şərti - ŞƏRH + FOTO
Türkiyə və Rusiya rəsmiləri arasında görüşlər daim dünyanın diqqət mərkəzində olur. Bunun səbəblərindən biri, heç şübhəsiz, rəsmi Ankaranın Rusiya-Ukrayna qarşıdurmasında tutduğu mövqedir.
Bir neçə ay əvvəl Prezident Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin Türkiyədə görüşəcəyinə dair xəbərlər yayılmışdı. Belə bir görüşün keçiriləcəyini Rusiyadakı mənbələr də təsdiqləyirdilər. Ancaq avqustun sonunda görüşün Soçidə keçiriləcəyi barədə məlumat yayıldı.
Düzdür, əsas məsələ görüşün baş tutmasıdır. Ancaq Rusiya prezidenti uzaq xarici ölkələrə çoxdandır səfər etmir. Bu baxımdan, görüş yeri də vacib amillərdən sayılır. Vladimir Putinin Roma Statutunu qəbul edən ölkələrə səfər etməməsi başadüşüləndir. Çünki bu halda onun həbs edilməsi ehtimalı var. Məsələn, o, BRICS-in Cənubi Afrika Respublikasında keçirilən toplantısına videoformatda qatıldı. Rusiya prezidenti “Böyük 20liy”in (G20) sentyabrın 9-10-da Hindistanda keçiriləcək zirvə toplantısında da əyani iştirak etməyəcək. Ümumiyyətlə, Ukraynada müharibə başlayandan Rusiya dövlət başçısı bir sıra toplantı və görüşləri onlayn formatda keçirir. Vladimir Putinin davranışını təhlükəsizlik məsələləri ilə əlaqələndirirlər və s.
Ötən gün iki prezidentin görüşündə diqqət mərkəzində olan başlıca məsələlərdən biri də “Taxıl sazişi”nin bərpası idi. Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna və Rusiya taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Daha əvvəl bir neçə dəfə uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatsa da, Rusiya rəsmiləri sazişin uzadılmasını təsdiqləməyiblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüşdən sonra deyib: “Biz “Taxıl sazişi”nin bərpası üçün yeni təkliflər paketi hazırlamışıq, müsbət nəticə əldə edəcəyimizə ümid edirik”. Öz növbəsində, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, bir neçə həftədən sonra ölkəsi Afrikanın altı dövlətinə güzəştli qiymətə Qətərin maliyyəsi hesabına taxıl tədarük etməyə başlayacaq.
Qeyd edək ki, Vladimir Putin bu il iyulun 25-də Sankt-Peterburqda keçirilən Rusiya-Afrika forumunda Burkina-Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyaya 25-30 min ton taxıl tədarük edəcəklərini bildirmişdi. Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında “Taxıl sazişi”nin uzadılması ilə bağlı şərtlərdən danışaraq deyib ki, Rusiya kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra “saziş”in bərpası haqqında düşünməyə hazırdır: “Əgər bu olarsa, biz sazişi bərpa edərik. Bunu həmkarıma açıq dedim”. Ona görə də Ərdoğanla Putin arasında “Taxıl sazişi”nin uzadılması istiqamətində aparılan müzakirəni uğurlu saymaq olmaz.
Əslində, Rusiya “saziş”dən Ukraynaya və Qərb dövlətlərinə təzyiq aləti kimi istifadə edir. Bundan başqa, ABŞ başda olmaqla Ukrayna taxılına ehtiyacı olan ölkələri müttəfiqlərinə qarşı çıxış etməyə hazırlayır. Ehtimal etmək olar ki, Afrikanın Niger və Qabon kimi ölkələrindəki hərbi çevrilişlər, Malidə etiraz aksiyalarının genişlənməsinin də Rusiya ilə bu və ya başqa formada əlaqəsi var.
Belə qənaətə gəlmək olar ki, “Taxıl sazişi”ni uzatmamaqla fürsətdən istifadə edən Rusiya öz üstünlüyünü də nümayiş etdirir. Bu baxımdan, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin bu məsələdə anlaşmayacağı da gözlənilən idi.
Görüşə xarici reaksiya da var. Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiya prezidentini “Taxıl sazişi”nə mane olduğuna və Ukraynanın cənubundakı liman infrastrukturuna hücumlara görə tənqid edib: “Rusiya qlobal aclığı gücləndirir”. Türkiyə lideri də “Savaşın qazananı, barışın itirəni olmaz” deməklə Putinlə müzakirə olunan Rusiya-Ukrayna müharibəsinə münasibətini diplomatik şəkildə dilə gətirib. Bu o deməkdir ki, məlum müharibədən nə Rusiya, nə də Ukrayna qazanacaq.
Dövlət başçıları “Taxıl sazişi” ilə bağlı ciddi anlaşma əldə etməsələr də, ikitərəfli ticarət əlaqələrinin genişləndiyinə dair açıqlamalar veriblər. Liderlər iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 100 milyard dollara hədəflədiklərini, hazırda isə bu rəqəmin 62 milyard dollar təşkil etdiyini vurğulayıblar. R.T.Ərdoğan qeyd edib ki, bu ilin yeddi ayı ərzində Rusiyadan Türkiyəyə 3,5 milyon turist səfər edib.
Görüşdə Akkuyu Atom Elektrik Stansiyasının tikintisi istiqamətində işlərin davam etdiyi, Sinop stansiyası ilə bağlı məsələnin müzakirə olunduğu bildirilib. Yaxın zamanda Rusiyadan təbii qaz ixracına və tərəflər arasında başqa sahələrə dair yeni addımların atılacağı gözlənilir.
Liderlər regional və qlobal məsələləri, o cümlədən Suriya, Qafqaz, Liviya və Afrikadakı vəziyyəti də müzakirə ediblər. Rəsmi Ankara ilə Moskvanın bu məsələlərə münasibətində fərqli məqamlar az deyil. Ehtimal etmək olar ki, onlar Azərbaycan-Ermənistan normallaşma prosesini, Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının fəaliyyətini, ermənilərin son zamanlar sərhədyanı bölgədə törətdikləri təxribatı, habelə Laçın yolu ətrafındakı vəziyyəti də müzakirə ediblər. Liviyada da Türkiyə ilə Rusiyanın fərqli yanaşması mövcuddur. Belə ehtimal etmək olar ki, prezidentlər Niger və Qabondakı hərbi çevrilişlər fonunda Afrikaya münasibətin perspektivinə də toxunublar.
Bu, Türkiyə liderinin Rusiyaya işgüzar səfəri idi. Görüş ümumilikdə üç saat sürüb. Bu da sammitin keyfiyyətinin göstəricisi sayıla bilər. Ona görə də Ərdoğan-Putin görüşünü statistika üçün əhəmiyyətli saymaq daha doğru olardı. Çünki nəzərdə tutulan və gözlənilən başlıca mövzuda razılıq əldə edilməyib. Bu istiqamətdə açıqlanan məsələ isə ictimaiyyətə əvvəldən də məlum idi. Soçi görüşü Rusiya prezidenti üçün daha vacib sayıla bilər. O, bununla özünü və mövqeyini nümayiş etdirmək üçün fürsət əldə etmiş oldu. Liderlərin növbəti görüşü Nyu-Yorkda BMT Baş Assambleyasının sentyabrın 19-25-də keçiriləcək sessiyası çərçivəsində reallaşa bilər. Əlbəttə, bunun üçün Vladimir Putin Rusiyanı tərk etməlidir...
“Report” İnformasiya Agentliyi