Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Tehranın Azərbaycana münasibəti – Müsəlman dövlətlərə yanaşmanın göstəricisi
Azərbaycan Respublikası İran İslam Respublikası ilə münasibətlərin normal olmasında maraqlıdır. Təkcə ona görə yox ki, bu ölkənin milyonlarla yerli sakini azərbaycanlı, Azərbaycan türküdür, həm də Azərbaycan İrana qonşudur. Qonşularla dinc yanaşı yaşamaq bütün baxımlardan vacibdir.
Bir zamanlar Ermənistan nankor qonşuluq etdi. Bunun acısını hələ də çəkir. O, Azərbaycan və Türkiyə kimi qonşularına qarşı çıxıb pənahı uzaqlarda axtarmağa səy göstərir və s.
Rəsmi Bakı qonşularla dinc yanaşı yaşamaq prinsipinə daim əməl edir. Gürcüstanla əlaqələr buna örnək sayılır.
İranda isə qonşuluq, yoldaşlığa ziyan vuran addımlar hələ də atılır.
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan bu gün Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumata görə, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, onun rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib.
Nazirlik müvəqqəti işlər vəkilinin diqqətinə çatdırıb ki, bu kimi addımlar iki ölkə arasında münasibətlərə zərər vurmaq məqsədi daşıyır, bunların qarşısının alınması zəruridir: "İranın müvəqqəti işlər vəkili bəzi xoşagəlməz bəyanat və hərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağına söz verib".
İslam respublikası rəsmilərinin çıxış, davranış və əməllərindən belə ehtimal etmək olar ki, Tehran hakimiyyətində Azərbaycan Respublikasına münasibət iki istiqamətdə sərgilənir. Bir istiqamətə ayətullah Seyid Əli Xameneinin Ərdəbil üzrə nümayəndəsi Həsən Ameli, Qəzvin nümayəndəsi Əbdül Kərim Abedini, Təbrizdən olan deputat Ruhulla Mütəfəkkir Azad və bu kimi şəxslər daxildir.
Həsən Amelinin bütövlükdə anti-Azərbaycan mövqedə olduğu sirr deyil. O, kəşfiyyat, təhlükəsizlik təşkilatının əməkdaşı kimi bu yöndə daim dezinformasiya yaymaq, müsəlman, türk dünyasına qarşı qarayaxma kampaniyası aparmaqla məşğul olur. Azərbaycan torpaqları Ermənistanın işğalı altında olduğu illərdə onun cümə namazı zamanı etdiyi xütbələr, 44 günlük müharibə zamanı və ondan sonrakı vaxtlarda etdiyi çıxışlar unudulmayıb.
Yanvarın 19 və 20-də Azərbaycanda hüzn günüdür. Bu tarixdə dinc yolla milli azadlıq mübarizəsi aparan azərbaycanlılar sovet qoşununun hücumuna məruz qalıb. Onda Moskva bunu ermənilərin talan olunması ilə əlaqələndirməyə çalışmışdı. Bu, sovet rəhbərlərinin Azərbaycandakı milli azadlıq mübarizəsinə qarşı özünəməxsus repressiya idi. Həmin dövrdə Kremlin təbliğat maşını dezinformasiya yayaraq bu hərəkata dini, təriqət donu geyindirməyə səy göstərirdi. Çünki bu adla milli azadlıq hərəkatının mahiyyətini ört-basdır etməyə, hərəkat iştirakçılarını isə "ekstremist" adlandırmağa çalışırdı.
Ameli yanvarın 19-da Ərdəbildə keçirdiyi toplantıda 35 il öncə Bakı, Neftçala, Lənkəran, Cəlilabad və başqa rayonlarda sovet hərbçilərinin törətdiyi cinayətlərə toxunmadan həmin hadisələri təhrif edib. "Dünya müsəlman azəriləri günü" adlandırdığı həmin tədbirdə o, cəfəng fikirlər söyləyərək iddia edib ki, guya azərbaycanlılar "vətən İrana birləşmək üçün" ayağa qalxıblar.
Ameli 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə bununla kölgə salmağa səy göstərib. İşğal zamanı dinc əhalinin İran ərazisinə keçməsinə də Ameli dini-islami don geyindirməyə səy göstərib. Halbuki Azərbaycanın cənubunda İran deyil, hansı dövlət olsaydı, bu sığınacağı verəcəkdi. Digər tərəfdən isə həmin azərbaycanlıların mal-mülkü dəyər-dəyməzinə satın alınıb. Onların yerli əhali ilə təmasına imkan verilməyib və qısa müddətdən sonra Azərbaycanın başqa ərazisinə göndəriliblər.
Amelinin yanvarın 19-u ilə bağlı etdiyi çıxışı oxşar məzmunda İranın başqa bölgələrində də təşkil edilib. Məsələn, Urmiyada çıxış edənlər 35 il əvvəl yanvarda baş verən hadisələri başqa tarixdəkilərlə qarışdıraraq həm hərəkatın mahiyyətini, həm də onun istiqamətini saxtalaşdırıblar.
Əbdül Kərim Abedini isə Amelinin Azərbaycan rəhbərliyinə qarşı şər-böhtan dolu fikirlərini az qala təkrarlayıb.
Təbrizdən olan deputat Ruhulla Mütəffəkkir Azad da Azərbaycan Respublikasına qarşı ərazi iddiası ilə çıxış etməklə yanaşı, Azərbaycanı "qonşu dövlətlərə qarşı ərazi iddiaları" irəli sürməkdə ittiham edib. O, bu çıxışı ilə Ermənistan hakimiyyətinin saxta iddiasını bu şəkildə dəstəkləyib.
Bu kimi tədbirlərin keçirilməsi, çıxışların edilməsi onların vahid siyasi-ideoloji mərkəzdən idarə olunduğunu isbatlayır. Çünki bütün çıxışların az qala nöqtə və vergülü də eynidir.
Tehran hakimiyyəti daxilində bu xətt Azərbaycana qarşı siyasi-ideoloji təbliğat və təxribatla məşğul olur. İranın ali rəhbərinin nümayəndələrinin bu tip məsələlərə aparıcılıq etməsi isə ölkələrarası münasibətlərə təsirsiz ötüşmür.
O biri xəttin nümayəndələri isə bir qədər fərqlidir. Onlar sanki daha praqmatik, realistdirlər.
Hələ İranın helikopter qəzasında ölən prezidenti İbrahim Rəisi müsəlman və qonşu ölkələrlə əməkdaşlıq, dinc münasibətlərin qurulması istiqamətində fəaliyyətə üstünlük verəcəklərini bildirirdi. Onda İran hökuməti bu yöndə addımlar da atırdı. Azərbaycan və İran prezidentlərinin iştirakı ilə ötən ilin yazında "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasiminin keçirilməsi hadisəsi buna nümunə sayıla bilər.
Bu il yanvarın 22-23-də Tehranda İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclası keçirilib. İkitərəfli əməkdaşlığa dair məsələlər müzakirə olunub. İclasın sonunda əməkdaşlıq haqqında memorandum imzalanıb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Tehranda keçirilən Azərbaycan-İran Hökumətlərarası Birgə Komissiyasının növbəti iclası çərçivəsində "İran Dəmir Yolları"nın rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşüb. Tərəflər İranın Astara şəhərində yerləşən yük terminalının fəaliyyətinin genişləndirilməsi və orada aparılan işləri müzakirə ediblər.
Qeyd olunub ki, həm Azərbaycan, həm də İran ərazisindəki Astara terminalları Şimal-Cənub dəhlizi üzrə artan yükaşırma həcmlərinin daha sürətli və effektiv həyata keçirilməsinə, dəhlizin strateji potensialının reallaşdırılmasına, eləcə də Azərbaycanın və İranın nəqliyyat infrastrukturunun gücləndirilməsinə və regional ticarətin inkişafına imkan verir. Görüş zamanı ADY və "İran Dəmir Yolları" arasında "Astara terminalının tikintisi və istismar müqaviləsinin icrasına dair Strateji Əməkdaşlıq Planı" imzalanıb.
İki ölkə arasında əməkdaşlığa dair başqa bir məlumata diqqət edək. Rusiya-İran yeni qaz kəməri Azərbaycan ərazisindən keçəcək. Bu barədə rəsmi razılıq əldə edilib. Bu, Rusiyadan İrana ildə təxminən 2 milyard kubmetr metan nəqlinə imkan verəcək. Tədarükün sonradan daha da artırılaraq 55 milyard kubmetrə qədər çatdırılması planlaşdırılıb.
Hələ üç il öncə İranın Azərbaycandakı ovaxtkı səfiri Seyid Abbas Müsəvi bildirirdi ki, yaxın gələcəkdə gündəlik doqquz milyon kubmetr Rusiya qazı svop əməliyyatı vasitəsilə Azərbaycan ərazisindən İrana nəql olunacaq. Diplomat qeyd etmişdi ki, İran oxşar əməliyyatı Türkmənistan və Azərbaycanla da həyata keçirir. Azərbaycan İrandan keçməklə iki milyard kubmetr Türkmənistan qazı alır.
Əməkdaşlığı, qonşuluq əlaqələrini, münasibətlərini inkişaf etdirmək üçün bu kimi fürsətlər, imkanlar olduğu halda saxtakarlıq etməyə, təhriflərə yol verməyə, düşmənlik toxumu səpməyə, "qaşınmayan yerdən qan çıxarmağa" ehtiyac yoxdur.
Tehran hakimiyyəti daxilində Azərbaycana münasibətdə iki xətdən daha çox İran ziyan çəkir. Bunu ötən illərdə baş verənlər də sübut edib. Bir də İslam respublikasının düşdüyü vəziyyətdə qonşuları, xüsusən Azərbaycan kimi dövlətə qarşı təbliğat ona nə dərəcədə fayda verir? Azərbaycan Respublikasına yanaşması Tehran hakimiyyətinin qonşular və müsəlman dövlətlərə münasibətinin göstəricisi də sayıla bilər. Bu əlaqələr, yanaşmalar bir çox hallarda İranın mahiyyətini də üzə çıxarır.
"Report" İnformasiya Agentliyi