Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Tokayev Avropaya neft ixracının artmasına dəstəyinə görə İlham Əliyevə minnətdarlığını bildirdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avropaya neft ixracının artmasına dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Oxu.Az bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidmətinə istinadla xəbər verir.
Bildirilir ki, Qazaxıstan prezidenti Türk Dövlətləri Təşkilatının Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı təşkilatın potensialından istifadə etməklə neft, qaz, uran və digər məhsullar üzrə təchizat zəncirlərinin şaxələndirilməsinin vacibliyini vurğulayıb.
"Dövlət başçısı bu çərçivədə Azərbaycanın Prezidenti İlham Əliyevə Qazaxıstanın Avropaya neft ixracının artırılması səylərinə verdiyi dəstəyə görə təşəkkür edib", - deyə məlumatda vurğulanıb.
Tokayev, həmçinin, beynəlxalq ekspertlərin son zamanlar Transxəzər neft-qaz kəmərinin inşası təşəbbüsünü aktiv müzakirə etdiklərini bildirib. Onun sözlərinə görə, bu kimi genişmiqyaslı layihələrin həyata keçirilməsi transmilli səviyyədə koordinasiyalı fəaliyyəti tələb edir.
Qazaxıstan prezidenti çıxışı zamanı perspektivli sahələrdən biri kimi rəqəmsallaşmanı və informasiya texnologiyalarını da qeyd edib. O, Xəzər dənizi vasitəsilə optik lif kabelinin çəkilməsinə başlanıldığını və bunun regionda rəqəmsal əlaqəliliyin gücləndirilməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
"Ölkələrimiz arasında ticarət əlaqələrini fəallaşdırmaq və məhsul çeşidini genişləndirmək lazımdır. Ötən il Qazaxıstanın təşkilata üzv tərəfdaşlarla ticarət dövriyyəsi 11.4 milyard ABŞ dollarına çatıb ki, bu da ölkənin ümumi xarici ticarət dövriyyəsinin 8 faizini təşkil edir. Bu, pis göstərici deyil, lakin daha da artırıla bilər. Bu məqsədlə xüsusi bir sənədin - ticarətin inkişafına yönəlmiş yol xəritəsinin hazırlanmasını təklif edirəm", - deyə Tokayev qeyd edib.
"TDT-nin Budapeşt sammiti" teqi üzrə xəbərlər
- Azərbaycan-Macarıstan münasibətləri: Sammitdən sonrakı gözləntilər
- Türk Dövlətləri Təşkilatı - Vahid hədəflər və ortaq zəfərlər
- Siyarto: "Avropanın siyasi liderləri Bakı ilə əməkdaşlıq naminə çox şeyə hazırdırlar"
- Viktor Orban Azərbaycan və digər ölkələrin liderlərinə təşəkkür edib
- Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib