Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Təhsil kreditləri məsələsi birdəfəlik gündəmdən çıxır? - MÖVQE
2019-2020-ci illərdə dövlət sifarişi əsasında (ödənişsiz təhsil) təhsil alan ali məktəb tələbələrinin sayının artırılması və digər təhsil xərclərinə 11 milyon manat nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bunu dünən dövlət büdcəsi zərfinin ikinci oxunuşunun müzakirələrində maliyyə naziri Samir Şərifov bildirib.
Qeyd edək ki, bu artım ödənişli ixtisaslarda təhsil alan tələbələrin və onların ailələrinin illərdən bəri qaldırdıqları, həllini tələb etdikləri məsələnin nisbətən çözümü istiqamətində atılan addım sayıla bilər.
Çünki son illər dövlət ali təhsil müəssisələrində ödənişli qəbul planının artırılması, ödənişsiz təhsil alanların faizinin xeyli dərəcədə aşağı salınması, xüsusilə, dərslər başlamamış birinci kurs tələbələrindən qeydiyyatdan keçmək üçün təhsil haqlarının ödənilməsinin inzibati və sərt qaydada tələb edilməsi, təhsil haqlarının yüksək olması imkansız valideynlərin ciddi narazılığına səbəb olurdu.
Onlar məsələnin həlli istiqamətində təhsil kreditlərinin verilməsini hökumətdən, xüsusən, qanunvericilik orqanı olan parlamentdən, millət vəkillərindən tələb edirdilər və onların tələbləri millət vəkillərinin əksəriyyəti tərəfindən dəstəklənir, dilə gətirilirdi.
Hətta iki millət vəkilinin bununla bağlı qanun layihəsi hazırlamasına, parlamentin müvafiq komitəsinin bu yöndə qanun layihəsinin hazırlanması axtarışlarına başlamasına baxmayaraq, məsələ həllini tapa bilmirdi.
Bu səbəbdən dövlət büdcəsinin növbəti komitə və plenar iclaslarda müzakirələrində məsələ yenidən hökumət üzvləri qarşısında qaldırılmış və buna cavab olaraq, maliyyə naziri tərəfindən indiki reallıqda təhsil kreditləri məsələsinin qeyri-real olduğu, ancaq problemin həlli istiqamətində ali təhsil məktəblərində dövlət sifarişli ixtisasların sayının artırılmasının mümkünlüyü vurğulanmışdı.
Eyni zamanda, bu məsələ bir qədər fərqli formada millət vəkili, akademik Ziyad Səmədzadə tərəfindən də dilə gətirilmişdi.
O, Oxu.Az-a açıqlamasında məsələnin həllinin tərəfdarı olduğunu, ilkin mərhələdə isə ən azı bölgələrdəki dövlət ali təhsil məktəblərindəki (Sumqayıt, Gəncə şəhərlərindəki və sairə) ödənişli ixtisasların sayının xeyli dərəcədə azaldılmalı olduğunu məqsədəuyğun saymışdı.
Və yuxarıda da qeyd etdiyimiz kimi, artıq 2019-cu ildə bu istiqamətdə addımların atılacağı, ödənişli ixtisasların azaldılacağı gözlənilir. Ancaq hələlik məsələnin detalları tam açıqlanmayıb. Dəqiq bilinmir ki, ödənişsiz ixtisasların artımı neçə faiz civarında olacaq.
Bu baxımdan belə hesab edilir ki, məsələnin detalları tam açıqlanmalı, cəmiyyət, xüsusilə problemin həllini intizarla gözləyən valideynlər tam məlumatlandırılmalıdırlar. Həmçinin, təhsil kreditləri məsələsi birdəfəlik gündəmdən çıxarılmamalıdır, ən azı 2020-2021-ci tədris ilindən bu istiqamətdə addımlar atılmalıdır.
Millət vəkili Hüseynbala Mirələmov Oxu.Az-a açıqlamasında bu məsələni parlamentin komitə iclaslarında aparılan müzakirələr zamanı dilə gətirdiyini xatırladaraq bildirib ki, hökumət tərəfindən problemin həllinin qismən nəzərə alınması çox müsbət və təqdirəlayiq haldır:
“Çox sevindiricidir ki, artıq buz əriməyə başladı. Yəni təkliflərimiz tam nəzərə alınmasa da, qismən də olsa, nəzərə alındı. Hesab edirəm ki, məsələnin davamı növbəti mərhələlərdə, illərdə gəlməli, gerçəkləşdirilməlidir.
Həm dövlət ali məktəblərində ödənişsiz ixtisasların növbəti dəfə artırılması, həm təhsil kreditlərinin verilməsi, həm də təhsil haqlarının azaldılması, yumşaldılması mümkünləşdirilməlidir. Ali məktəblər, Tarif Şurası bu məsələdə güzəştlərə getməlidir.
Çünki təhsil, elm bizim gələcəyimiz, inkişafımızın daha əmin əllərdə davam etdirilməsi deməkdir. Bu məsələni, bu sahəni heç də başqaları ilə eyniləşdirmək olmaz və bu baxımdan, məsələnin həlli istiqamətində növbəti mərhələlərdə addımların atılmasına davam edilməlidir”.
Millət vəkili, Gəncə Dövlət Universitetinin professoru Pərvin Kərimzadə hökumətin son qərarını çox təqdirəlayiq hesab etdiyini, onun məsələnin həlli istiqamətində ilkin və mühüm addım olduğunu bildirib.
O əlavə edib ki, bu addım gələcəkdə də davam etdirilməlidir:
“Ölkəmiz çox sürətli və dinamik şəkildə inkişaf edir, büdcəmiz ildən-ilə artır. Yəni inkişafımız davam edir və davam etdikcə məsələ mərhələ-mərhələ öz həllini tapmalıdır”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Samir Şərifov" teqi üzrə xəbərlər
- Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
- Mədəniyyət işçilərinin maaşı artacaq? - Nazirdən AÇIQLAMA
- Samir Şərifov "Azəristiliktəchizat"ın qazanxanaları barədə: "Səmərəlilik olduqca aşağıdır"
- Gələn il üçün Azərbaycanın xaricdə təbliğatına yeddi milyon manat ayrılır
- Maliyyə naziri: "Yazılan cərimələr bəzən dövlət büdcəsinə daxil olmur"
Rəylər