Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Köhnəni gətir, təzəsini apar: Azərbaycanda avtomobillərin utilizasiyası üçün - TƏKLİF
Dünya ölkələrində köhnə avtomobillər dövlət tərəfindən müəyyən şərtlərlə alınır və vətəndaşlara yeni avtomobillər təklif edilir. Bu, yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılmasına, ekoloji vəziyyətin daha da yaxşılaşmasına səbəb olur. Ümumilikdə bu proqram nəqliyyat vasitələrinin utilizasiyası adlanır.
Bəs, görəsən, Azərbaycanda bu proqram nə zaman tətbiq ediləcək? Hansı şərtlər altında proqramın icrasına başlanılacaq?
Nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması ilə aidiyyəti qurumlara tapşırıq verilsə də, prosedurun hansı şəkildə aparılması hələ dəqiq məlum deyil.
Məsələ ilə bağlı Oxu.Az-a danışan nəqliyyat üzrə ekspert Tural Yusifov deyir ki, bu barədə proqram 7-8 ay bundan əvvəl qəbul edilsə də, hələ də detalları bəlli deyil.
O bildirib ki, adətən, utilizasiya proqramında ilkin olaraq iki təklif olur – ya pul, ya da maşın:
“Vətəndaş köhnə avtomobilini gətirir və onunla razılıq əldə olunur. Həmin şəxs yeni avtomobil alanda onun adı artıq bazada olur. Yeni avtomobil alan zaman isə ya dövlət ona yeni avtomobilin müəyyən faizini ödəyir, ya da dövlət ondan aldığı köhnə avtomobilə görə pul ödəyir.
Başqa bir variant isə budur ki, dövlət yeni bir təklif edə bilər. Məsələn, kredit təklifi. Siz köhnə avtomobilinizi gətirirsiniz, dövlət sizə avtomobilinizin seqmentində bir avtomobil təklif edir. Təklifin ən önəmli tərəfi isə odur ki, kredit şərtləri ümumi bazardakı digər kredit şərtlərindən bir neçə dəfə aşağı ola bilər. Fərz edək ki, həmin avtomobil üçün digərləri ayda 700 manat ödəyirsə, siz 100 manat ödəyəcəksiniz. Utilizasiya, adətən, bu formada aparılır”.
Ümumiyyətlə, Rusiya Federasiyasında, eləcə də dünyanın bir çox ölkələrində avtomobillərin utilizasiyası proqramı var. T.Yusifov deyib ki, köhnə avtomobillərin Azərbaycanda utilizasiyası baxımından bir neçə çətinlik var:
“Təəssüf ki, bizim sürücülərin əksəriyyəti minik avtomobillərini yük maşını kimi istifadə edirlər. Bir çox hallarda avtomobillə dəmir, tikinti materialları, hətta daş da daşıyırlar. Siz onu yeni avtomobillə təmin etsəniz, o, artıq dəmir daşıya bilməyəcək. Yəni əgər həmin adam bu işlə məşğuldursa, dövlətin təklif etdiyi yeni avtomobil onun işinə yaramayacaq. Həmin adamın dəmir daşıma işini başqa işlə əvəz etmək və ya bunu nəzərə alaraq onun işinə yarıyacaq avtomobil təklif edilsə, daha uyğun olar. Bu proqram nəinki avtomobillərin utilizasiyasını, eləcə də təkərlərin utilizasiyasını əhatə edir”.
O qeyd edib ki, il ərzində Azərbaycanda 1 milyon təkər atılır. Bu təkərlər isə məlumdur ki, təbiətə atılır:
“ABŞ-da belə bir şey var. Siz elektrik avtomobili alırsınızsa, dövlət onun bir hissəsini sizə ödəyir. Məsələn, 15 min dollar qiymətində olan elektrik avtomobili 7-8 min dollara başa gəlir. Əgər Azərbaycanda doğrudan da bunu tətbiq etmək üçün maliyyə vəsaiti ayrılsa, çox gözəl olardı. Vətəndaşlar yeni avtomobillərdən istifadə edər, ekologiyamız da daha təmiz olar”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2018-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndində 2019-2020-ci illər üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması nəzərdə tutulub. Proqramın icrası isə İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və bir neçə digər quruma həvalə edilib.
Məqsəd Azərbaycanda yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaqdır.
Könül Cəfərli
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
Rəylər