28 
Avq
2019
13:24
22
331
4450
Virtual karabakh

Hacı Qalibdən torpaq zəbt etməsi iddiasına reaksiya: Hər il Həccə nə qədər adam yollayıram

28 Avq, 2019
13:24
4450

Hacı Qalibdən torpaq zəbt etməsi iddiasına reaksiya: Hər il Həccə nə qədər adam yollayıram

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçmiş deputat Qalib Salahzadə Bilgəhdə Seymur Quliyev və Ağasif Şakiroğluna məxsus torpaqları zəbt etməsi barədə iddialara reaksiya verib.

Q.Salahzadə Oxu.Az-a açıqlamasında deyib ki, torpaq sahəsinin ona aid olması bütün sənədlərdə aydın göstərilib.

"Kimsə deyir ki, Bilgəhdə Aslan Salahzadə küçəsi, döngə 21, ev 1-də yerləşən torpağı və mülkü Qalib Salahzadə tərəfindən zəbt olunub. Bir müraciət edin, görün, ümumiyyətlə, belə bir ünvan varmı? Mənə qarşı vicdansızlıq edirlər. Mən hər il Həcc ziyarətində olan adamam. Hər il də Həcc ziyarətinə nə qədər adam yollayıram. Bu zamana qədər 500 adama yardım etmişəm, onlar da Həccə gedib. Görün, indi mənim barəmdə nələr yazırlar?!"

Eks-deputat həmin şəxslərin mətbuata müraciət etməsinə təəccübləndiyini dilə gətirib.

"Kiminsə şikayəti varsa, polisə, prokurorluğa müraciət etməlidir. Vallah, mən bilmirəm ki, niyə mətbuata müraciət edirlər. Ölkədə qanun var, məhkəmələr var. Məgər mətbuat polisdir, məhkəmədir?!", - deyə Q.Salahzadə əlavə edib.

Qeyd edək ki, ötən gün bir neçə narazı vətəndaş İnsan Hüquqları üzrə Birgə İşçi Qrupa müraciət edərək eks-deputat Q.Salahzadənin Bilgəhdə onlara məxsus torpaqları zəbt etməsi iddiası ilə mətbuat konfransı keçirib.

"Qafqazinfo"nun məlumatına görə, tədbirdə çıxış edən şikayətçi Seymur Quliyev bildirib ki, Bilgəhdə Aslan Salahzadə küçəsi: döngə 21, ev 1-də yerləşən torpağı və mülkü Q.Salahzadə tərəfindən zəbt olunub.

"2011-ci ilə qədər torpağımda üç mərtəbəli ev tikdirmişdim. Həyətdə böyük hovuzum, şirin su quyusu var idi. 2012-ci ildə torpağımı zəbt edəndən sonra Hacı Qalib evimi, hovuzumu yox edib. Hazırda torpağımda ev qalmayıb. Hacı Qalib oranı parkinq edib. Yaxınlıqda "Şəbəkə" restoranı fəaliyyət göstərir. O, restoranın müştəriləri üçün pullu parkinq yaradılıb. Hacı Qalib mənə iki milyon 460 min manat məbləğində maddi ziyan vurub", - deyə S.Quliyev əlavə edib.

Ağasif Şakiroğlu isə bildirib ki, Bilgəhdə "Xəzri" istirahət mərkəzinin yanında  bir hektar 27 sot ərazi də Q.Salahzadə tərəfindən tutulub.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri