Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nazir müavini: Azərbaycan ətraf mühitlə bağlı öhdəliklərinin icrasına başlayıb
Hazırda qlobal ekoloji problemlərdən biri də iqlim dəyişmələridir. Azərbaycan qlobal iqlim dəyişikliyinin təsirlərinə məruz qalan ölkələr sırasında yer alır.
Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev kənd təsərrüfatı və torpaqlardan istifadə sektorunda istilik effekti yaradan qazların azaldılması üzrə ölkə potensialının gücləndirilməsinə dair keçirilən seminarda çıxışı zamanı deyib.
R.Hacıyev qeyd edib ki, hazırda prioritet olaraq müəyyən edilən energetika, sənaye, kənd təsərrüfatı, torpaqlardan istifadə, meşəçilik və tullantıların idarə olunması sektorları üzrə bəzi öhdəliklərin yerinə yetirilməsinə başlanılıb.
Nazir müavini qeyd edib ki, iqlim dəyişikliyi, əsasən, özünü quraqlıqlar, daşqınlar və temperatur artımı şəklində göstərir:
“Bu baxımdan, ölkəmiz iqlim dəyişikliyi üzrə qlobal danışıqlar və təşəbbüslərdə fəal şəkildə iştirak edir. Azərbaycan hökuməti üçün ekologiya və ətraf mühitin mühafizəsi məsələləri daim prioritet təşkil edib. Bunun bariz nümunəsidir ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan 20-dən çox beynəlxalq konvensiyaya qoşulub”.
İlhamə Əbülfət